Onlayn ictimai-siyasi qəzet
Moskvanın mərkəzində, Lubyanka rayonunda yerləşən uşaq mağazasının üçüncü mərtəbəsində partlayış baş verib.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər ağır yaralanıb.
Partlayışın səbəbi kimi helium silindrində təzyiqin azalması göstərilir.
Hadisə yerinə təxminən 10 təcili tibbi yardım və yanğınsöndürmə maşını göndərilib. Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi binanın mühasirəyə alındığını və yanğınsöndürənlər gələnədək insanların təxliyə edildiyini açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, yoxlamalar zamanı yanğın əlamətləri aşkar edilməyib. Lubyanka meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi partlayışla bağlı cinayət işi açıb. İlkin rəsmi versiyaya görə, avqustun 24-də günorta saatlarında Mərkəzi Uşaq Mağazasının üçüncü mərtəbəsində helium silindri texniki nasazlıqdan partlayıb.
Şahidlərin sözlərinə görə, ən çox ziyanı sənət ləvazimatlarının satışı ilə məşğul olan “Peredvijnik” mağazası dəyib. Partlayış o qədər güclü olub ki, binanın qalın divarları silkələnib.
Rusiya xüsusi xidmət orqanlarına yaxın telegram kanalı bildirir ki, yaralananlar arasında FSB əməkdaşı da var. O, hazırda reanimasiyadadır.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ