Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Çində keçirilən hərbi parad zamanı Çin sədri Si Cinpin və Pekinin Qərbə qarşı siyasətinə dair sərt və istehza dolu paylaşım edib.
Musavat.com xəbər verir ki, Tramp Truth Social hesabında yazıb:
“Əsas sual budur ki, Çin sədri Si Cinpin ABŞ-ın Çinə verdiyi böyük dəstəyi və azadlığı üçün tökdüyü qanı yada salacaqmı? Çoxlu amerikalı Çin uğrunda, onun qələbəsi və şərəfi üçün həyatını itirib. Mən ümid edirəm ki, onların cəsarəti və qurbanı layiqincə xatırlanacaq”.
O, eyni zamanda ironiya ilə əlavə edib:
“Si və əzəmətli Çin xalqının bayram günü möhtəşəm keçsin. Mənim ən səmimi salamlarımı Vladimir Putinə və Kim Çen In’a çatdırın, ABŞ-a qarşı sövdələşmələriniz zamanı bunu unutmayın”.
Qeyd edək ki, bundan əvvəl Si Cinpin çıxışında Çin və Rusiyanı II Dünya müharibəsinin əsas qalib dövlətləri adlandırıb, lakin ABŞ-ı heç bir şəkildə qeyd etməyib. Halbuki həmin dövrdə ABŞ Çinə Yaponiyaya qarşı mübarizədə böyük yardım göstərmişdi, o cümlədən lend-liz proqramı çərçivəsində silah və maddi dəstək göndərmişdi.
Bir neçə saat öncə Ağ Evdə keçirilən brifinqdə Trampdan soruşulub ki, o, Putin və Kim Çen In ilə birlikdə Çin paradasını ABŞ-a qarşı təhdid kimi görürmü? ABŞ prezidenti suala belə cavab verib:
“Xeyr. Mənim Si Cinpinlə çox yaxşı münasibətlərim var. Amma Çin bizə bizdən daha çox ehtiyac duyur. Mən bu paradı heç bir təhdid kimi görmürəm”.
Trampın bu açıqlamaları həm ABŞ-da, həm də beynəlxalq mediada ciddi rezonans doğurub. Ekspertlər hesab edir ki, prezident bir tərəfdən Pekinə ironiya ilə təzyiq göstərir, digər tərəfdən isə ABŞ-Çin münasibətlərini şəxsi diplomatik kanallar üzərindən balanslaşdırmağa çalışır.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ