İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan “U dönüşü”

Ukrayna və postsovet ölkələri sevinsin, sevinməsin? 

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı və Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra Moskvanı hədəfə alan sərt bəyanatlar səsləndirib. Trampın ritorikasında Rusiyanı zəiflətməyə və Ukraynaya daha güclü dəstək çağırışına yönəlmiş kəskin dönüş müşahidə olunur. 

ABŞ liderinin sözlərinə görə, bu vəziyyət Ukrayna üçün fürsət yaradır: “Putin və Rusiya iqtisadi tənəzzül içindədir, bu isə Kiyevin hərəkətə keçməsi üçün ən uyğun zamandır. Ukrayna ruh yüksəkliyi ilə, güclənərək öz torpaqlarını geri ala bilər, hətta daha irəli getməyə də qadirdir”. 

O, həmçinin ABŞ-nin silahları NATO-ya təqdim etməyə davam edəcəyini, alyansın isə bu arsenaldan necə istəsə, elə də istifadə edə biləcəyini bildirib. Tramp NATO üzvlərinə Rusiyanın hava məkanını pozan təyyarələrinə qarşı tədbir görməyi də tövsiyə edib. 

“Politico” qəzeti yazır ki, Trampın Ukrayna ilə bağlı açıq “U dönüşü” avropalıları onun nə vaxtsa Rusiyaya qarşı daha sərt tədbirlər görəcəyinə dair artan şübhə fonunda sevindirməyə başlayıb.  

Bəs Tramp Ukrayna ilə bağlı mövqeyini təzədən 180 dərəcə dəyişə bilərmi? Onun anti-Rusiya açıqlaması nəyin anonsudur? Ukrayna, postsovet ölkələri sevinsin, sevinməsin? 

Heydər Oğuz

“Yeni Musavat”a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, sevinmək üçün hələ çox tezdir: “Düzdür, ABŞ Prezidenti Ukraynanın qəhrəmancasına döyüşdüyünü, Rusiyanın iqtisadi cəhətdən çökdüyünü və müharibəni uduzacağını etiraf edib. Təbii ki, bunlar müsbət hallardır. Bununla belə, Tramp hələ də Ukrayna savaşının ABŞ-yə dəxli olmadığına, Amerikanı Avropadan geniş bir okeanın ayırdığına, Ukraynanın isə yalnız Avropanın problemi olduğuna inanır. O, Ukraynaya ancaq Avropanın sponsorluğu ilə silah sata biləcəyini açıq dilə gətirir. Bu niyyətin arxasında isə məkrli bir məqsəd dayanır. Məqsəd bir tərəfdən Ukrayna savaşını yaxşı gəlir mənbəyinə çevirərək uzun illər boyu davam etdirmək, beləcə təkcə Rusiyanı deyil, həm də Ukraynanı tükəndirmək, digər tərəfdən isə Avropanı ağır maliyyə yükü altına salaraq iqtisadi tənəzzülə sürükləmək, dolayısıyla "qoca qitə"dəki qlobalist hakimiyyətləri zəiflədərək mühafizəkar qanadı gücləndirmək və özünə yaxın qrupları hakimiyyətə gətirməkdir.  Sirr deyil ki, Ukrayna savaşına böyük maliyyə yardımı göstərən Avropa ölkələrində qlobalist qüvvələr getdikcə nüfuzdan düşür, sosial siyasətlərdən geri çəkilməyə məcbur olurlar. Bu da istər-istəməz Avropa ölkələrində ictimai narazılıqların artmasına və mühafizəkarların seçkiləri qazanmasına yol açır.  

Bunun ən bariz nümunəsini biz Fransa timsalında görürük. Məlumdur ki, Fransada artıq 3 ildir yaşanan siyasi böhran onun məhz sosial siyasətlərdən vaz keçməsi, hərb sahəsinə daha artıq maliyyə ayırması səbəbindən baş verir.  

Gün geçdikcə, Fransanın dövlət borcu və büdcə kəsirləri artır. Rəsmi məlumata görə, onun büdcə kəsiri ÜDM-in haradasa 6 faizinə qədər yüksəlib. Bu isə təqribən 180 milyard avro deməkdir. Halbuki Avropa İttifaqının tələbinə görə, müttəfiq ölkələrin büdcə kəsiri ÜDM-in cəmi 3 faizi qədər ola bilər. Məntiqlə, Aİ əsasnaməsinə görə, Fransa büdcə kəsirlərini ən azı yarıya qədər azaltmalıdır ki, bu öhdəliyini yerinə yetirə bilsin. Fransanın ÜDM-nin 3 trilyon avro olduğunu nəzərə alsaq, bu, təxminən 90 milyard avro qənaət etmək deməkdir. Fransanın son 3 ildəki 5 hökuməti (onlardan 3-ü son bir il ərzində), xüsusilə də bundan əvvəlki baş naziri əslində Aİ-nin bu tələbinin güdazına getdi. Senyabrın əvvəllərində istefaya gedən Bayru hökuməti büdcəyə heç olmasa 43,8 milyard avro qənaət etmək istəyirdi. Ancaq bu istəyini reallaşdıra bilmədi. Nəticədə “Hər şeyi blokla” hərəkatı getdikcə daha çox insanı öz ətrafında topladı. Beləcə, Fransa Milli Assambleyası onu istefaya göndərdi və sentyabrın 9-da yeni kabineti qurmaq vəzifəsi Sebastyan Lekornuya verildi.  

Üzərindən 16 gün keçməsinə baxmayaraq, Lekornu da indiyədək yeni hökumət qura bilməyib. O, sağ partiyaları qurmaq istədiyi koalisiyaya qəbul etmək istəmir, solçular isə onun kabinetində yer almağa həvəsli deyillər. Çünki qurulacaq hökumətin uzunömürlülüyünə inanmırlar. Təxminlərə görə, Lekornunun hökumət qurması ən yaxşı halda gələn aya qədər uzana bilər.  

Amma dərd burasındadır ki, Lekornu və ya onun yerinə kim olursa-olsun, qənaət rejiminə keçməlidir. Bu isə Fransada yenidən xalq üsyanlarını alovlandıra və proseslər nəinki hökumət böhranı, hətta yeni cümhuriyyət quruculuğuna qədər uzana bilər. Ya da Fransa ondan büdcə açığını ÜDM-nin 3%-nə qədər endirməyi tələb edən Avropa İttifaqından ayrılmaq məcburiyyətində qala bilər".  

Fransa qədər olmasa da, bənzər problemlərin Aİ-nin digər üzvlərində də yarandığını düşünən Heydər Oğuz öz fikrini təsdiqləmək üçün bəzi örnəkləri dilə gətirdi: “Məlumdur ki, Macarıstan və Slovakiyada Putinin dostları hakimiyyətdədir. Almaniyada isə AfD adlı millətçi partiya yüksəlişdədir və bu partiya açıq şəkildə Tramp administrasiyası tərəfindən dəstəklənir.  

Niderlandda Girt Vildersin rəhbərlik etdiyi “Azadlıq” partiyası əhali arasında nüfuzunun artdığını görüb yer aldığı koalisiyadan çəkildi. Gələn ayın 29-da Niderlandda növbədənkənar seçkilər keçiriləcək. Böyük ehtimalla, Vildersin partiyası daha çox səs toplayaraq yeni hökumətin ən aparıcı partiyasına çevriləcək.  

Bu ilin may ayında Ukraynanın Avropadakı ən yaxın dostu və NATO-nun önəmli üzvü  Polşada keçirilən prezident seçkilərini Karol Navrotski qazandı. Onun bu qələbəni NATO və Aİ-yə qarşı ritorikası sayəsində qazandığı bildirilir. Bu isə onu göstərir ki, Polşa xalqı da Ukrayna-Rusiya müharibəsindən bezib. Ən pisi də odur ki, Navrotski Almaniyaya qarşı çıxışları ilə Aİ-nin ən böyük iqtisadi gücünü də Polşadan uzaqlaşdırır. Bu da Aİ-nin dağılma prosesini sürətləndirir.  

Digər Aİ ölkəsi olan Rumıniyada keçən il noyabrın 24-də keçirilən prezident seçkisinin birinci turunda Qərb və NATO əleyhdarı namizəd Kalin Georgesku qazansa da, ölkənin Konstitusiya Məhkəməsi mübahisəli arqumentlərə söykənərək, seçkilərin nəticələrini ləğv etdi və ikinci turda Avropa İttifaqı tərəfdarı olan namizədin qələbəsinə zəmin hazırladı.  

Danimarkada da, İspaniyada da ifrat sağ partiyaların getdikcə səslərini artırdığı müşahidə olunur. Bütün bunlar ondan xəbər verir ki, kiçik bir təkan Aİ-də qlobalistlərin qurduğu mövcud konfiqurasiyanı tamamilə alt-üst edə bilər.  

Trampın sinsicə yeritdiyi siyasət də bu prosesi sürətləndirir. Fikrimcə, onun Avropa ölkələrini Ukrayna savaşına daha artıq dəstək vermək çağırışları da bu siyasətin tərkib hissəsidir.  

Bundan əlavə, Trampın tələbləri ilə Aİ ölkələri hərbə ayırdıqları vəsaiti ÜDM-lərinin 5%-nə qədər yüksəltməlidirlər. Bu isə o deməkdir ki, sosial siyasətlərdən kəsib hərbə yönləndirilən vəsaitlərinin həcmi daha da artacaq. Dolayısıyla, Aİ tədricən sosial siyasətlərini tərk edəcəklər və bunun ilkin işartıları hazırda görünməyə başlayıb". 

Heydər Oğuzun fikrincə, Tramp BMT-dəki çıxışında nə qədər Rusiyanın əleyhinə, Ukraynanın lehinə bəyanatlar səsləndirsə də, əsl “detallarda gizlənən şeytan” onun başqa sözlərində idi: “Bilirsiniz ki, Avropa ölkələrinin rus təyyarələrini vurmasının lüzumundan danışarkən, ona "bəs Rusiya Avropaya cavab verərsə, ABŞ öz müttəfiqlərini dəstəkləyəcəkmi" sualı verildi. Trampın cavabı isə müttəfiqlərini şoka saldı: “O baxır vəziyyətə”. ABŞ Prezidenti bu sözlərlə faktiki “mənə çox güvənməyin, yanarsınız” mesajını vermək istəmişdi. ABŞ-nin nüvə çətirinə sığınan Avropa ölkələrində bu qeyri-müəyyən cavab əsl xəyal qırıqlığı yaratdı. Onlar artıq öz başlarının çarəsinə yalnız özlərinin baxmalı olacaqları haqqında düşünməlidirlər. Rifah içində yaşamağa öyrəşən Avropa xalqları Trampın bu sözlərindən sonra hökumətlərinin daha aktiv şəkildə müharibədə yer almasını istəyəcəkmi? Nə yazıq ki, bu suala müsbət cavab vermək olduqca çətindir. Qısası, Trampın “ukraynapərəstliyi”nin məqsədi heç də müharibəni dayandırmaq deyil. Əksinə, onu alovlandıraraq Avropadakı qlobalist hakimiyyətlərə son qoymaqdır". 

E.MƏMMƏDƏLİYEV,  
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR