Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Trampın kütləvi deportasiya planlarına qarşı etirazlar geniş vüsət alıb.
Musavat.com-un məlumatına görə, CNN və digər aparıcı KİV-lər yazır ki, bu etirazlar təkcə hazırkı vəziyyəti deyil, Trampın prezidentliyinin ikinci dönəmini, Demokratların gələcəyini və hətta 2028-ci il seçkilərinin taleyini müəyyən edə bilər.
Trampın Los-Ancelesdə etirazlara qarşı sərt mövqe nümayiş etdirməsi, onun gücünü göstərmək və daha çox hakimiyyət toplamaq istəyindən xəbər verir. Bu, onun ikinci prezidentlik dövrünün əsas iki xəttini – sərtlik və nəzarət arzusunu – bir daha önə çıxarır.
Demokratlar isə hələ də 2024-cü ildəki seçki məğlubiyyətini izah etməyə və Trampın “şokedici” siyasətlərinə cavab verməyə çalışır. Onların ən böyük problemi – ortada xalqın əksəriyyəti tərəfindən qəbul edilən liderin olmamasıdır. Lakin Kaliforniya qubernatoru Qevin Nyusom bu boşluğu doldurmağa çalışır. O, Trampa açıq şəkildə meydan oxuyur, baxmayaraq ki, bir çoxları onun əsas hədəfinin 2028-ci il prezident seçkilərinə hazırlıq olduğunu düşünür.
CNN xəbərdarlıq edir: miqrasiya məsələləri əvvəllər Tramp üçün işləyib, lakin bu dəfə yaranan böhran daha geniş miqyas ala bilər və insan tələfatı ilə nəticələnə bilər – bu isə Trampın lehinə deyil.
Demokratlar üçün isə məsələ sadə deyil. Onlar həm daxildə, həm də seçicilər arasında liderlik boşluğu və zəifliklə üz-üzə qalıblar. Nyusom partiyaya istiqamət və güc verməyə çalışır, amma onun məqsədləri ilə bağlı şübhələr də var.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ