İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kap Arkona” faciəsi - 12 min əsir və girovdan yalnız 300-ü sağ qalıb

80 il əvvəl, 1945-ci ildə dəhşətli hadisə baş verib və bu faciə zamanı müxtəlif hesablamalara görə, 12 min insan həlak olub. Baltik dənizindəki Lübek körfəzində Böyük Britaniya kral hərbi hava qüvvələrinə məxsus təyyarə nasist konsentrasiya düşərgələrinin əsir və girovlarını Norveçə aparan “Kap Arkona”, “Tilbek” və “Döyçland” gəmilərini vurub.

Almaniyanın kruiz layneri “Kap Arkona” Hamburqdakı gəmiqayırma zavodunda 29 oktyabr 1927-ci ildə suya salınıb. Gəmi adını Almaniyanın Rügen adasında, Pomeraniya sahillərində Baltik dənizində yerləşən Arkon burnunun şərəfinə alıb. 1940-cı ildə gəmi Almaniya hərbi dəniz qüvvələrinə təhvil verilib və əsasən əsgərlər və dənizçilər üçün üzən kazarma kimi istifadə edilib.

Müharibənin sonunda SS reyxsfüreri Henrix Himmler həbs düşərgələrinin boşaldılması barədə məxfi əmr verib. Nasist rejiminin cinayətlərini ört-basdır etmək üçün 1945-ci il aprelin 19-da Noyenqamme həbs düşərgəsində tələsik təxliyə əməliyyatına başlayıb.

photo_2025-05-02_20-43-52.jpg (58 KB)

1945-ci ilin aprel ayının son günlərində SS Noyenqammedən Lübekə piyada və ya yük qatarlarında 10 mindən çox əsir və girov göndərib. 1945-ci il mayın 2-də SS bir neçə min əsir düşərgəsini Dansiq yaxınlığındakı Ştuttof, Hamburq yaxınlığındakı Noyenqamme və Nordhauzen yaxınlığındakı Mittelbau-Doradan barjalarla “Kap Arkona” laynerinə, “Tilbek” yük gəmisinə və Lübe limanında bağlı olan “Afina” və “Döçland” gəmilərinə çatdırıb. Almaniya komandanlığı İsveç və İsveçrə Qızıl Xaç missiyalarının nümayəndələrini qarşıdan gələn karvan haqqında məlumatlandırıb.

Mayın 2-də missiya heyəti bu məlumatı qoşunları Lübek bölgəsində irəliləyən britaniyalı general Corc Robertsə ötürüb. Roberts naməlum səbəbdən aldığı məlumatı Britaniya hərbi hava qüvvələrinin rəhbərliyinə çatdırmayıb.

photo_2025-05-02_20-43-51.jpg (96 KB)

Hadisənin təfərrüatlarını Noyenqamme həbs düşərgəsinin möcüzəvi şəkildə sağ qalan əsirlərdən biri Vasili Salomatkin danışıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məxfilikdən çıxardığı məlumatda 1949-cu il mayın 2-də SSRİ vətəndaşlarının repatriasiyası üzrə müvəkkili aparatında polkovnik Vasili Vaneyevə göndərdiyi məktubunda Salomatkin Lübek körfəzindəki nasist konsentrasiya düşərgələrindən gətirilən əsir və girovların olduğu gəmilərin Britaniya hərbi təyyarələri tərəfindən məhv edilməsinin təfərrüatlarını bildirib:
“İngilis hava qüvvələrinə məxsus çox sayda təyyarə bizim olduğumuz gəmiləri bombalamağa başladı. Üzərində olduğumuz gəmilər ingilis hava qüvvələrinə bir dəfə də olsun cavab atəşi açmadı və bombardman zamanı SS adamları arasında çaşqınlıq yarandı. Mən və kiçik bir qrup əsir bundan istifadə etdik və bu çaşqınlıq zamanı biz göyərtəyə çıxa bildik, orada bombalamanın bütün panoramasını müşahidə etmək mümkün idi. Təslim əlaməti olaraq ağ bayraq qaldıran “Tilbek” gəmisi batırıldı.

BJgghY9BnPAGPFv5STW3.jpg (59 KB)

Göyərtədə olan məhbuslar köynəklərini soyundular (ağ idilər) və onları yelləməyə başladılar, ingilis pilotlarına gəminin təslim olduğunu bildirsələr də, onlar faşist pilotları kimi heç nə tanımırdılar, gəmidəki ağ bayrağa diqqət yetirmirdilər, ağ köynəklərini yelləyərək mərhəmət diləyən insanları bombalamağa davam edirdilər.

Bombalama çox aşağı hündürlükdə baş verirdi. İngilis pilotları bombalamalarının bütün dəhşətlərini görürdülər və insanların heç bir yalvarışına məhəl qoymadan bunu daha da davam etdirirdilər. İngilis pilotların vəhşi faşist pilotlarından heç bir fərqi yox idi.

“Tilbek”dən sonra “Kap Arkona” gəmisinin arxa tərəfinə bomba dəydikdən sonra əsir və girovlar arasında panika yaşandı və onlar göyərtəyə qaçdılar. Bu zaman ikinci bomba gəminin ortasına dəydi və alov hər yanı bürüdü. Gəminin batdığı yerdən təxminən bir kilometr aralıda torpedo katerləri peyda oldu. Bizi götürüb xilas edəcəklərini düşünərək, onlar tərəfə üzdük. Bunun əksi baş verdi. Qayıqlarda olan əsgərlər üzən əsir və girovları pulemyotlarla güllələyirdi. Sağ qalanlar üçün təşkil olunmuş ingilis xəstəxanasında ikinci gün özümə gəldim. Bundan sonra öyrəndim ki, 12 min məhbusdan yalnız üç yüz nəfər xilas edilib, qalanları 1945-ci il mayın 3-də günorta saat 3-də ingilis hərbi-hava qüvvələrinin bombardmanının qurbanı olmuşdu”.

139283-main.jpg (62 KB)

Salomatkin məktubunda ingilislərin fəlakətdən sağ çıxmış keçmiş sovet hərbi əsirlərinə – konsentrasiya düşərgəsi dustaqlarına münasibətindən də danışıb: “İngilislər sağ qalan hərbi əsirlərimizə hücum edir, döyür, soyuq silahlarla gəzdikləri üçün gecələr hamımızı tikə-tikə edəcəkləri ilə hədələyirdilər. Hədələrdən sonra biz ingilis komendantına gedib bu barədə məlumat verdik. Komendant sadəcə gülümsədi və heç bir təsirli tədbir görmədi. Qənaətbəxş cavab almadan düşərgəyə gəldik və özünümüdafiə üçün silah aldıq. Silah aldıqdan sonra düşərgədə öz mühafizəçilərimizi qurduq və düşərgəni almanların hücumlarından qoruduq. Belə şəraitdə biz ingilislərin yanında idik”.

Salomatkinin hekayəsini həmin faciəli hadisələrdən sağ çıxan digər şahidlər də təsdiqləyiblər. Beləliklə “Kap Arkona” gəmisinin batması II dünya müharibəsində dənizdəki ən böyük faciələrdən biri olduğu təsdiqlənib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR