İnsanlara hürriyət, millətlərə istiqlal!

Tikinti şirkətləri ilə provayderlərin rüşvət qovğası

Sakinlərin sürətli və keyfiyyətli internet əldə etməsinə kimlər əngəl yaradır?

Azərbaycanda tikinti şirkətləri ilə internet provayderləri arasında ciddi problemlər yaranıb.

Məlum olub ki, bəzi tikinti şirkətləri internet xidməti göstərən provayderlərin fəaliyyətini bilərəkdən məhdudlaşdırır, bununla da sakinlərin sürətli və keyfiyyətli internet əldə etməsinə əngəl yaradır.

Bu məsələ İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet operatorları və provayderlərlə keçirilən görüş zamanı gündəmə gətirilib. Agentliyin nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə ETTH (Fiber optik internetin binaya qədər gətirilməsi) texnologiyasının tətbiq olunduğu layihələrdə bəzi tikinti şirkətləri mənzillərə yalnız 4 lifli “Ethernet” kabeli çəkirlər.

Halbuki bu tip kabellər 100 Mbit/s-dən artıq internet sürəti təmin etmir. Müasir tələblərə uyğun olaraq 300, 500, hətta 1000 Mbit/s sürət üçün ən azı 8 lifli kabelə ehtiyac var.

İKTA-nın məlumatına görə, bu problem təkcə texniki məsələ deyil, eyni zamanda rüşvət və inhisarçılıq meylləri ilə bağlıdır. İddialara əsasən, bəzi tikinti şirkətləri yalnız “seçilmiş” provayderlərin bina daxilində xidmət göstərməsinə şərait yaradır. Əgər başqa bir provayder həmin binada internet çəkmək istəsə, ondan əlavə ödəniş və ya rüşvət tələb oluna bilər.

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov məsələyə belə aydınlıq gətirib: “Tikinti şirkətləri bina tikərkən xərcləri minimuma endirməyə çalışırlar. Bu səbəbdən daha ucuz və keyfiyyətsiz kabellər çəkirlər. Onlar üçün əsas məqsəd sakinlərə keyfiyyətli internet təqdim etmək yox, minimum xərclə maksimum qazanc əldə etməkdir. Üstəlik, tikinti şirkətləri öz istədikləri provayderi binaya buraxırlar. Bu da faktiki olaraq monopoliyadır. Vətəndaş şikayət etsə belə, problemi həll edə bilmir”.

Qeyd edək ki, bu məsələ ilə bağlı daha əvvəl də bir neçə görüş keçirilib, lakin hələ də konkret nəticə əldə olunmayıb. Ekspertlər hesab edir ki, bu problemin aradan qaldırılması üçün dövlət nəzarəti gücləndirilməli, tikinti şirkətlərinin provayderlər üzərində inhisarçılığına və texniki məhdudiyyətlər yaratmasına qanunla qadağa qoyulmalıdır.

Dostlar mənim bütün fəaliyyətlərimin istiqaməti və əsas hədəfi cəmiyyətdə  əlavə dəyər yaratmaqdır. | Elvin ABBASOV

 Elvin Abbasov

İnformasiya Texnologiyaları üzrə müxtəxəssis Elvin Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, məsələ bir neçə multifaktor nəzərə alınmaqla həll oluna bilər: “İlk faktor vətəndaşların icmalaşmasıdır. Bu, beynəlxalq təcrübədə də var. Məsələn, Türkiyədə bütün binalarda sakinlər özləri öz icmalarını formalaşdırır və qərar verən özləri olurlar. Öz aralarından bir nəfəri seçirlər və onun üçün aylıq məbləğ təşkil edirlər. Həmin şəxs binadakı problemlərin həlli ilə məşğul olur. Adətən bu iş işsiz və ya nisbətən yaşlı insanlara həvalə edilir. Təəssüflər oslun ki, Azərbaycanda MTK-nın özünün təyin etdiyi bir adam bu işlərlə məşğul olur. Həmin şəxs isə özünü binanın sahibi kimi aparır. Ölkəmizdə bu mədəniyyət yanlış istiqamətdə formalaşıb. 

Binalardakı internet provayderləri ilə bağlı məsələ də ələ alınmalıdır. Vətəndaşa seçim hüququ verilməlidir. Bir provayderlə sən onun seçim hüququnu məhdudlaşdıra bilməzsən, qəbuledilməzdir. Bu məsələ beynəlxalq layihələrdə də ölkəmiz tərəfindən müzakirə olunur. Orada bildirilirdi ki, Azərbaycanda binada bir deyil, ən azı iki-üç provayder ola bilər.

Burada binanın böyüklüyünü və orada yaşayan ailələrin sayını da nəzərə almaq lazımdır. Məsələn, 5 mərtəbəli və 100 ailənin yaşadığı  binlarda həddindən artıq çox provayder olsa, oradakı avadanlıqlar,  istifadə olunan kabel və digər məsələlərdə zəiflik olacaq. Çünki müştəri kontingenti aşağıdır və rəqabət böyükdür. Provayderlər isə düşünür ki, belə binalardan çox gəlir əldə etməyəcəklər, ona görə də ora az investisiya yatırırlar. Məsələn, köhnə və ucuz avadanlıqlardan istifadə edirlər. Böyük binalarda isə provayder tək olduğu üçün orada daha yaxşı şərait yaradır ki, müştərilər narazı qalmasın. Lakin bu, hamısına aid deyil, eləsi də var ki, tək xidmət göstərməsinə baxmayaraq, aşağı keyfiyyətli  internet təqdim edir".

Ekspert bildirir ki, provayderlər arasında eyni əlçatanlıq və bərabər hüquqluluq yoxdur: “Bəzi provayderlərin arxasında dövlət qurumları durur, digərlərinə isə başqa güclü dəstək olur. Kim yaxşı tapşırılırsa, kimin arxasında duranı güclüdürsə, o, daha çox xidmət göstərir. Beləliklə, internet bazarı bizdə bu formada idarə olunur. Provayderlərlə işin real mühitdə idarə olunması üçün bazara düzgün şəkildə yanaşma lazımdır.

Yüksək statuslu adam tapşırıq verir ki, bu binada yalnız adını çəkmədiyimiz hansısa provayder xidmət göstərməlidir. Beləliklə, digər provayderlərin o binaya girişi qadağan olunur. Binada yaşayan sakinlər icma şəklində fəaliyyət göstərərək bu problemi həll edə bilərlər.

İKTA isə Azərbaycana standartlara uyğun olmayan avadanlıqların girişinə imkan verməməlidir. Belə kabellər istifadə edilməməlidir".   

Fərhad Mirəliyev: Siz elə bilirdiniz ki, bu razılaşmaya qədər Whatsapp  istifadəçi məlumatı toplamırdı?

Fərhad Mirəliyev

İKT üzrə mütəxəssis Fərhad Mirəliyev “Yeni Müsavat”a deyib ki, bina tikilib başa çatdıqdan sonra şirkət binanın idarəçiliyini sakinlərdən ibarət icmaya təhvil verməlidir: “Azərbaycanda isə bu məsələlərə o qədər də önəm verilmir. Tikinti şirkətləri binaların idarəçiliyini uzun müddət öz əllərində saxlayırlar. Çünki onlar bu idarəçilikdən çox yaxşı gəlir götürürlər. Kommunal və yığılan digər haqlara baxdıqda xeyli dərəcədə şişirdilmiş məbləği görürük. Şirkət tikinti bitsə də idarəçiliyi təhvil vermirsə, deməli, öz biznes maraqlarını müdafiə edir. Onlar provayder şirkətləri ilə gizli sövdələşmələr edirlər. Provayderlərdən binada xidmət göstərdikləri üçün aylıq vəsait alırlar. İllərdir ki, belə davam edir. Bunun qarşısını almaq üçün sakinlər binanın idarəçiliyini öz əllərinə götürməlidirlər və orada istədikləri formada azad rəqabəti təmin etməlidirlər. Bütün provayerlərə fəaliyyət üçün şərait yaradılmalıdır. Vətəndaşın seçim hüququ əlindən alına bilməz. Əgər hansısa provayder binaya buraxılmırsa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət ünvanlasın. Lakin orada da məsələnin təsdiqini tapıb-tapmayacağı sual doğurur. Çünki yazılı formada heç bir sübut yoxdur. Bu baxımdan nikbin deyiləm”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR