İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRTAC-dan TASS-a xəbərdarlıq

Musavat.com xəbər verir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC Rusiyanın TASS agentliyinə rəsmi etiraz bəyanatı yayıb.

AZƏRTAC bəyanatda 31 iyul tarixində TASS-ın “Xankəndi” əvəzinə “Stepanakert” ifadəsini işlətməsinə sərt reaksiya verib.

Bildirilib ki, bu ad erməni bolşevik lideri və azərbaycanlılara qarşı qətliamlarla tanınan Stepan Şaumyana istinadən istifadə olunur və bu addım Azərbaycan xalqının hisslərinə qarşı hörmətsizlikdir. 

AZƏRTAC xəbərdarlıq edərək bildirib:

"31 iyul tarixində Rusiya Federasiyasının informasiya agentliyi TASS “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlıqlı xəbər yayıb. 

Elə bu başlıqdan da aydın olur ki, AZƏRTAC-ın uzun illər ərzində daim əməkdaşlıq etdiyi və dostluq münasibətlərini yüksək qiymətləndirdiyi agentlik, qəfil mövqeyini dəyişərək artıq tarixə qarışmış “Stepanakert” toponimini yenidən gündəmə gətirib. Halbuki, TASS hələ çox yaxın keçmişdə – məsələn, 19 iyul (mənbə) və 24 iyul (mənbə) tarixli xəbərlərində şəhərin rəsmi və tarixi adı olan “Xankəndi” ifadəsindən istifadə etmişdi. TASS-ın öz arxivindən “Stepanakert” adını yenidən çıxarması haqlı təəccüb doğurur və sual yaradır: son bir həftədə nə baş verdi ki, bu dövlət agentliyi sovet dövrünə məxsus bu adı “diriltmək” qərarına gəldi?

Xankəndi – XVIII əsrin sonlarında yaranmış bir yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə bu ad “Xanın kəndi” mənasını verir. Burada İbrahimxəlil xanın iqamətgahı və Qarabağ at cinsinə məxsus sürülər saxlanılırdı.

1923-cü il iyulun 7-də sovet rəhbərliyi tərəfindən yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) – özü bir siyasi mina olmaqla – Ermənistanla Azərbaycan arasında ədalətsiz inzibati-ərazi bölgüsünün əsasını qoydu. Avqustun 10-da isə bu muxtar vilayətin mərkəzi olan Xankəndi şəhərinin adı dəyişdirilərək, Bakı kommunasının rəhbəri kimi təqdim olunan, əslində isə Azərbaycan xalqının qanlı cəlladı olmuş Stepan Şaumyanın adı ilə “Stepanakert” qoyuldu.

1991-ci il 26 noyabr tarixində Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə şəhərə yenidən onun tarixi adı – Xankəndi – qaytarıldı. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev şəhərin baş meydanında Azərbaycan bayrağını ucaltdı, 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində isə məhz bu şəhərdə səs verərək, verdiyi səs bülleteni ilə “erməni separatizminin tabutuna vurulan son mismar” olduğunu bəyan etdi.

TASS-ın bugünkü xəbərinin başlığı və məzmunu Azərbaycan cəmiyyətində təəccüb və narazılıqla qarşılandı. Rusiya dövlət informasiya agentliyinin rəhbərliyinin bu cür kurs dəyişikliyi AZƏRTAC və TASS arasındakı dostluq münasibətlərini zədələyir və Rusiya informasiya məkanına təhlükəli siqnal göndərir.

Yalnız yaxşı niyyət və tərəfdaşlıq münasibətlərinin qorunması istəyi ilə çıxış edən AZƏRTAC, TASS-ı gələcəkdə bu cür addımlardan çəkinməyə və tərəflər arasında mümkün ixtilafları dərinləşdirmək əvəzinə əməkdaşlığı gücləndirməyə çağırır.

AZƏRTAC bəyan edir ki, TASS-la yaxşı münasibətlərin qorunmasında maraqlıdır, lakin eyni zamanda rusiyalı həmkarlarından bu yanlışın düzəldilməsini gözləyir. Əgər qarşı tərəfdən anlayış və əməkdaşlıq niyyəti görməsək, təəssüf hissi ilə bildiririk ki, biz də cavab olaraq bəzi Rusiya şəhərlərinin tarixi adlarını yenidən istifadə etməyə başlaya bilərik – məsələn, Kalininqrad üçün Königsberq, Orenburq üçün Orynbor, Volqoqrad üçün Sarısu, Qroznı üçün Solja-Qala, Novorossiysk üçün Sudjuk-Kale, Yujno-Saxalinsk üçün Toyoxara, Yujno-Kurilsk üçün Furukamappu, Petrozavodsk üçün Petroskoy, İjevsk üçün İjkar, Volqa çayı üçün isə İtil adları və digərləri".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR