Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşlara tətbiq olunan test imtahanları ilə bağlı mühüm qanunu imzalayıb. Yeni qanuna əsasən, Rusiya hökumətinin kvotası ilə ölkəyə işləməyə gələn miqrantlar artıq rus dili, Rusiya tarixi və qanunvericilik bilikləri üzrə imtahan verməyəcəklər.
Rusiya Nazirlər Kabinetinin Dövlət Dumasına təqdim etdiyi layihə əsasında qəbul olunan bu qanun 2024-cü ildə 155 929 nəfərlik kvota ilə ölkəyə daxil olan əmək miqrantlarına aid edilir. Hökumət sənədlərində qeyd olunub ki, dəyişiklik bürakratiyanın sadələşdirilməsi və işçi qüvvəsinin tez cəlb edilməsi məqsədi daşıyır.
İddialara görə, bu hüquqi dəyişiklik Rusiya tərəfindən Şimali Koreya və Hindistandan kütləvi şəkildə gətiriləcək işçi qüvvəsi üçün zəmin yaratmaq məqsədi daşıyır. Qərb sanksiyaları səbəbilə daxili bazarda yaranmış ucuz işçi çatışmazlığına, eyni zamanda Türk və müsəlman əsilli miqrantları ölkədən çıxarmaq planlarına görə Moskva Asiyanın əmək potensialı yüksək, lakin hüquqi və dil baryerləri olan ölkələrinə yönəlib.
Ekspertlər hesab edir ki, imtahan tələbinin aradan qaldırılması bu ölkələrdən gələn əmək miqrantlarının sürətli inteqrasiyasına, xüsusilə sənaye və tikinti sektorlarında dərhal işə başlamalarına şərait yaradacaq.
Rusiya rəsmiləri bu dəyişiklikləri “əmək bazarında çeviklik” kimi təqdim etsələr də, tənqidçilər bunu Rusiya vətəndaşlarının hüquqlarına və sosial balansına risk yaradan qərar hesab edirlər.
Qanun artıq qüvvəyə minib və 2025-ci ilin payızından etibarən tətbiq olunacağı gözlənilir.
Musavat.com bildirir ki, bu qanınun ardınca MDB ölkələrindən, o cümlədən Azərbaycandan Rusiyaya gəlmiş milyonlarla əmək miqrantının taleyi şübhə altında qalır.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ