Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkianın Zəncan şəhərinə səfəri zamanı etdiyi tarixi çıxış böyük maraq doğurub. O, açıq şəkildə ölkəsinin Azərbaycanla bağlı yürütdüyü siyasətin doğru olmadığını və Azərbaycanın İran üçün “qardaş və qohum” olduğunu bəyan edib.
Haqlı olaraq, cənub qonşumuzun rəhbəri bunları deyib:
“Azərbaycan bizim qohumumuz və qardaşımızdır. Necə olur ki, biz ünsiyyət qura bilmirik, amma İsrail bacarır? Əgər ünsiyyət qura bilməmişiksə – günah bizdədir”.
Heç şübhəsiz ki, Pezeşkian bu fikirləri ilə “şir ürəyi yeyib...”
Tehran son 30 ildə Azərbaycanın İranla deyil, İsraillə münasibətlər qurmaqda maraqlı olduğunu dilə gətirirdi. Amma hazırkı İran rəhbəri bir anda bu arqumenti tamamilə məhv edən fikirlər irəli sürüb. Heç şübhəsiz ki, bu da onu birbaşa SEPAH-a, ruhani dairələrə, dövlət radiosu və qəzetlərinin apardığı anti-Azərbaycan kampaniyasına qarşı çıxaran faktordur. Açıq şəkildə görünür ki, hazırda İranda ruhaniyyətin ziddinə bir xətt gedir.
Məsud Pezeşkianın bu cür açıqlaması nələri dəyişə bilər? Əslən azərbaycanlı olan İran rəhbəri hədəfinə çata biləcəkmi? Buna onun gücü yetəcəkmi?
AĞ Partiya başqanı Tural Abbaslı Musavat.com-a açıqlamasında Pezeşkianın çox doğru fikirlər səsləndirdiyini önə çəkib:
“Pezeşkianın o fikirləri ilə razıyam ki, İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətdə olmasının, digər dövlətlərlə müqayisədə münasibətlərdə gərginliklərin yaşanmasının əsas səbəbi oradakı dini rəhbərliyin, dönəm-dönəm də siyasi rəhbərliyin Azərbaycana qarşı yürütdüyü düşmən mövqeyinin nəticəsidir.
Şəxsən yaxşı xatırlayıram ki, 90-cı illərin əvvəllərində, yəni Azərbaycanın müstəqilliyinin ilk illərində İrana münasibət cəmiyyətimizdə tam fərqli idi. Daha isti münasibət var idi, mənəvi bağlılıqlar mövcud idi, nəinki sonrakı dönəmlərdə. Qarabağ işğalı, işğaldan sonra cənub qonşumuzun Azərbaycana qarşı mövqeyi, daxili işlərimizə müdaxiləsi, oradakı əyalət mollalarının son 30 ərzindəki ən müxtəlif hədyanları, II Qarabağ müharibəsində İranın tutduğu mövqe, Tehranın Bakının düşmənlərinə qarşı dost münasibəti, yaxud müxtəlif məsələlərdə İranın ölkəmizə qarşı düşmən mövqeyi təbii ki, bugünkü münasibətləri formaşdırıb.
Məsud Pezeşkian o təsbiti çox doğru edib. Necə ola bilər ki, dini, dili, etnik kimliyi ayrı olan İsrail gəlib Azərbaycanla dostluq edə bilər, amma dili, dini, etnik kökü bir, birbaşa qonşu olan İran gəlib Azərbaycanda özünə rəğbət qazana bilmir. Bu, İran tərəfindən Azərbaycana qarşı yürüdülən yanlış siyasətin birbaşa nəticəsidir. Amma düşünürəm ki, İran prezidenti bu siyasətini davam etdirsə, ali dini lideri də inandıra biləcək. Çünki Azərbaycanla münasibətlərin müsbət yönə dəyişməsi ruhani rəhbərliyin də maraqlarına uyğundur.
Ona görə ki, Azərbaycanla düşmən olmaq İrana sərf etmir. Onun üçün də indiki siyasət Bakı ilə düşmənçiliyə doğru gedirsə, demək bu siyasəti dəyişmək lazımdır. Azərbaycanı özünə dost etmək lazımdır.
Azərbaycanla yeni münasibətlər qurmağa İranın ehtiyacı var. Yox Azərbaycana özünün bir əyalətin kimi baxacaqsansa, oradakı başıpozuq terrorçuları Azərbaycana qarşı hərəkətə keçirəcəksənsə, təbii ki, Bakı ilə münasibətlərin gərginləşdikcə gərginləşəcək.
Səhəri gün bu durum Tehranın özünə ziyan edəcək. Bu baxımdan Pezeşkianın fikirlərinə qatılıram. Hər halda dini rəhbərlik də uzun illər təcrübələri olduğu üçün bu mövqeyi azından dəstəkləməli, bu mövqeyə bir şans verməlidirlər.
Sizi əmin edirəm ki, Zəngəzur məsələsində bircə gün İran Azərbaycanın yanında dursa, görün ölkəmizə münasibət necə dəyişəcək, həmçinin İrana da.
Pezeşkian bu məsələdə bir az da iradə ortaya qoysa, istəyinə çata bilər. İran və Azərbaycanın dost-qardaş ölkə kimi yaşamaq imkanları var. Əslində İran cəmiyyətində də bunu anlamamış deyillər. Sadəcə qalır, İrandakı dini rejimin qəbullanması”.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə tamam fərqli mövqedədir:
“İran özünü İslam ölkəsi adlandırır. Burada sual yaranır, yüz minlərlə şiə müsəlmanını didərgin salmış, on minlərlə şiə müsəlmanını qətlə yetirən Ermənistanla bir şiə ölkəsi necə müttəfiq ola bilər?
Müsəlmanların düşməninə çevrilən bir xristian ölkəsini silahlandırmaq, ona ən müxtəlif cür dəstək vermək doğrudurmu?
Müsəlmanların qatillərinə dəstək verən bir ölkədən gələn açıqlamalara inanmıram. Onların bu cür sözləri bilavasitə qorxu ilə bağlıdır.
Xatırladım ki, Ermənistana silah daşınanda xalq qalxıb onun qarşısını almağa çalışmışdı. İran tərəfi yaxşı anlayır ki, Azərbaycana qarşı öz şovinist siyasətini davam etdirsə, ölkə daxilində ciddi problemlər yaranar, yalanları ifşa olunar.
Hesab edirəm ki, bütün bu səbəblərdən belə açıqlamalar verilir. Bu gün Azərbaycan real olaraq İslam dünyasının əslində ən işıqlı dövləti kimi bölgədə sabitlik, əmin-amanlıq qurmağa çalışır. Təbii ki, bundan da şovinist düşüncədə olan İran liderləri çox qorxurlar. Onun üçün də açığı, belə açıqlamalara inanmıram.
Müharibə zamanı Azərbaycana dəstək verən ölkələr bəllidir - Türkiyə, Pakistan, İsrail. İran adlanan ölkə həmin vaxt Ermənistanla qardaşlıq edirdi, şiələrə qarşı vuruşurdu. Erməniləri silahlandırdılar ki, onlar müsəlmanları qətlə yetirsinlər. Bu məsələ İsraillə bağlı deyil. İran Azərbaycana nifrət edir. Buna səbəb dövlətimizin İslam dünyasının işıqlı liderlərindən biri olmasıdır”.
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev qeyd edib ki, İran daxilində çox ciddi proseslər gedir:
“Bir tərəfdə mühafizəkar dəstənin təmsilçiləridir, digər tərəfdə isə islahatçıların nümayəndəsi kimi prezident Pezeşkian dayanıb. Güc, qüvvə baxımından təbii ki, dini rəhbərin əlində böyük səlahiyyətlər var. Belə baxanda prezidentin əlində elə də böyük səlahiyyətlər yoxdur. Amma bütün hallarda ölkə rəhbəridir.
Pezeşkian hakimiyyətə gəldikdən sonra iki dəfə Azərbaycanda olub. Hiss olunur ki, ölkəmizlə dost-qardaş münasibətləri yaratmaqda maraqlıdır. Bu da İranın mühafizəkar komandasını ciddi narahat edir və onlar Məsud Pezeşkianın açıqlamalarının qarşısını almaq istəyirlər.
Hazırda İran prezidenti ölkəsinin son 30 ildə Azərbaycana qarşı apardığı siyasətin doğru olmadığını açıq şəkildə etiraf edir. Bu da təbii ki, mənafelərimizə tam şəkildə uyğun gəlir”.
Cavanşir ABBASLI
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ