İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı İran səfirliyi 30 ildir icarə haqqı vermirmiş - Azərbaycana 2,5 milyon dollar borcludur

Azərbaycan dövləti İrana qarşı sensasion maliyyə tələbi irəli sürüb.

Musavat.com xəbər verir ki, Rəsmi Bakının hesablamalarına görə, İranın Azərbaycandakı səfirliyi və ona bağlı digər strukturlar — o cümlədən Mədəniyyət Mərkəzi, Təhsil Kompleksi və İran Radio-Televiziya Korporasiyasının Bakı bürosu — təxminən 30 il ərzində dövlətə 4 milyon 312 min manat, yəni 2,53 milyon ABŞ dolları həcmində icarə haqqı borcu yığıb.

Məlumata görə, İran səfirliyinin fəaliyyət göstərdiyi Yasamal, Nərimanov və Xətai rayonlarında yerləşən torpaq sahələri müxtəlif dövrlərdə Azərbaycan dövləti tərəfindən İrana icarəyə verilib. Lakin qanunvericiliyə əsasən, xarici dövlətlər torpağın mülkiyyətçisi ola bilməz və bu ərazilərin istifadəsinə görə müvafiq icarə haqqı ödənilməlidir.

Dövlət Əmlak Xidməti 2023-cü ildə İran tərəfinə bir neçə dəfə rəsmi xəbərdarlıq məktubu göndərsə də, cavab alınmayıb. Nəticədə məsələ məhkəmə müstəvisinə daşınıb.

Məhkəmə prosesində İran tərəfi beynəlxalq hüquq normalarına istinad edərək, bu cür mübahisələrin yerli məhkəmələrdə baxıla bilməyəcəyini iddia etsə də, Azərbaycan məhkəməsi bu arqumentləri qəbul etməyib və səfirliyin iddialarını rədd edib. Beləliklə, İran tərəfi Azərbaycana 30 illik icarə borcunu ödəməli olacaq.

Fakt odur ki, İran hazırda Bakıda bir səfirlik binası ilə yanaşı, böyük mədəniyyət mərkəzi, təhsil ocağı və media strukturlarına malikdir. Lakin bu obyektlərin heç biri üçün indiyə qədər rəsmi ödəniş edilməyib.

Bu qərar İranla Azərbaycan arasında uzun müddətdir davam edən diplomatik gərginlik fonunda xüsusi önəm kəsb edir. Ekspertlərə görə, bu, Bakının həm hüquqi, həm də siyasi baxımdan prinsipial mövqe nümayiş etdirməsidir.

Rəsmi Bakı bu addımı ilə göstərdi ki, istənilən diplomatik münasibət çərçivəsində belə, dövlətin qanunları və əmlak hüquqları qorunur. İranın isə bundan sonra Azərbaycanın qanunlarına uyğun şəkildə hərəkət etməyə məcbur ediləcəyi şübhəsizdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR