Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşının yaxın vaxtlarda dayandırılma ehtimalı artıq o qədər də inandırıcı görünmür. Belə ki, Kreml ABŞ və Qərbin bütün sülh təşəbbüslərini boşa çıxmsqda davam edir. Üstəlik, Ukrayna savaşı üzrə sülh prosesinin əsas təşəbbüskarı olan prezident Donald Tramp da ABŞ-ın vasitəçilik missiyasından geri çəkildiyini rəsmən bəyanlayıb. Və bunun ardınca Rusiya daha iki İstanbul görüşünü də öz qəbuledilməz tələb-şərtləri ilə pozub.
Onu da qeyd etmək lazımdır ki, bütün bunlar Ukrayna savaşı ətrafında situasiyanı həm gərginləşdirib, həm də qəlizləşdirib. Çünki bir tərəfdən ABŞ və Avropa Birliyi Ukraynaya hərbi dəstəyi genişləndirmək məcburiyyətində qalıb. Hətta bu məsələdə müəyyən məhdudiyyətlərə üstünlük verən Tramp adminstrasiyası belə, ABŞ Konqresində Ukrayna yeni dəstək paketi hazırlanması və Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi barədə barədə sənədə müqavimət göstərmir. Və bütün bunlara paralel olaraq, Ukraynanın Rusiyaya məxsus strateji aviasiya vasitələrinin təxminən üçdə bir hissəsini məhv etməsi də sülh prosesini nəzarətdən çıxartmağa başlayıb.
Məsələ ondadır ki, Ukraynanın Rusiyaya qarşı son uğurlu hərbi əməliyyatı ABŞ siyasi dairələrində ciddi narahatlıq doğurub. Belə ki, ABŞ prezidenti Donald Tramp bu məsələ ilə bağlı olduqca sərt açıqlamalar ilə Rusiyanı deyil, yenə də məhz Ukraynanı hədəfə alıb. Ağ Ev sahibi hesab edir ki, rəsmi Kiyev Rusiya strateji avrasiya aerodromlarına dağıdıcı hücum etməklə, prezident Vladimir Putinə Ukraynanı bombalamaq üçün ciddi səbəb vermiş oldu.
Maraqlıdır ki, prezident Donald Tramp Ukraynanın bu radikal hərbi bu addımını qətiyyən bəyənmədiyini açıq şəkildə ifadə edib. Ağ Ev sahibi bütün bu baş verənlərdən sonra Ukrayna savaşının nüvə qarşıdurmasına çevrilməyəcəyinə ümid etdiyini vurğulayıb. Həm də prezident Donald Tramp Rusiyanı Ukrayna ilə sülh danışıqlarını tam dayandırmamağa da çağırıb. Və Ağ Ev sahibi ABŞ Senatının Rusiyaya qarşı hazırladığı yeni sanksiya layihəsini “çox sərt” adlandırıb, yekun qərarı şəxsən özünün verəcəyini də vurğulayıb.
Prezident Donald Trampın bu açıqlamalarında Ağ Ev sahibinin Rusiya qarşısında növbəti dəfə geri çəkilməyə və güzəştlər etməyə hazır olduğunun əlamətləri də mövcuddur. Üstəlik, Ağ Ev sahibi bu müəmmalı açıqlamaları məhz prezident Vladimir Putin ilə son telefon danışığından dərhal sonra dilə gətirib. Və Kreml sahibi ilə hər ünsiyyətdən sonra prezident Donald Trampın belə güzəştə hazır mövqeyə keçid etməsi, hətta aciz duruma düşməsi Qərb siyasi dairələrində ciddi suallar doğurur.
Bəzi Qərb mənbələri iddia edirlər ki, prezident Donald Trampın Kreml sahibi qarşısında davamlı olaraq, acizlik göstərməsi müəmmalı səbəblərlə də bağlı ola bilər. Onların fikrincə, Kremldə prezident Donald Trampa qarşı biabırçı ifşa materiallarının ola biləcəyi istisna deyil. Həmin mənbələr bu iddialar ilə bağlı vaxtilə Ağ Ev sahibi Donald Trampın ilk prezidentlik dönəminin önünü açan seçkilərə Rusiyanın müdaxilə etməsi barədə ABŞ Konqresinin məxfi hesabatını arqument gətirirlər.
Ancaq nə qədər qəribə də olsa, Kremldə prezident Donald Trampa qarşı biabırçı ifşa materiallarının ola biləcəyi ilə bağlı iddialara məhz postsovet məkanından təsdiq açıqlaması verilib. Belə ki, Qazaxıstan KQB-sinin keçmiş rəhbəri Musayev açıq mətnlə bəyan edib ki, prezident Donald Tramp sovet kəşfiyyatının agenti olub, Onun iddiasına görə, Ağ Evin indiki sahibi hələ 1987-ci ildə sovet kəşfiyyatı ilə əməkdaşlığa cəlb edilib və onun kod adı "Krasnov" olub. Və sovet agentura şəbəkələrin sonradan Rusiya kəşfiyyatının ixtiyarına keçdiyini nəzərə aldıqda, Kremlin prezident Donald Tramp barədə arzuolunmaz materiallara sahib ola biləcəyi ilə bağlı ehtimal o qədər də qeyri-ciddi görünmür.
Digər tərəfdən, qazaxıstanlı çekistin də Rusiya kəşfiyyatı tərəfindən danışdırılmış ola biləcəyi qətiyyən istisna deyil. Çünki Ukrayna savaşı ilə bağlı prosesin başlanma ərəfəsində Kreml özünü kənarda tutmaqla, prezident Donald Trampa dolayısı xəbərdarlıq mesajı göndərməyə ehtiyac duymuş ola bilər. Sülh prosesi çərçivəsində prezident Donald Trampın ifrat Rusiyaya yönəlik mövqe tutması, Ukraynanı hər imkanda ittiham etməsi də şübhələri artırır. Və hazırda prezident Donald Trampın ən yaxın ətrafınızda yer almış milyarder İlon Maskın da Ağ Ev sahibinə qarşı ifşaedici materialların mövcudluğuna eyham vurması rəngləri daha da tündləşdirir.
Göründüyü kimi, prezident Donald Trampın Rusiyaya münasibətdə davamlı olaraq, mövqeyini dəyişməsi kifayət qədər müəmmalı məqamlara bağlı ola bilər. Təbii ki, bu, həm Qərb siyasi dairələri, həm də rəsmi Kiyev tərəfindən ciddi narahatlıq ilə qarşılanır. Prezident Volodimir Zelenski Ağ Ev sahibinin son açıqlamalarına olduqca sərt reaksiya verib. Ukrayna lideri prezident Donald Trampın müharibəni "uşaq dalaşması"na bənzətdiyini vurğulayıb. O, bildirib ki, prezident Donald Tramp okeanın o tayında olduğundan vəziyyətin real fəlakət yükünü dərk etməkdə çətinlik çəkir.
Belə anlaşılır ki, bir tərəfdən, Rusiya, digər tərəfdən isə prezident Donald Tramp Ukraynanın gələcək taleyini təhdid edir. Çünki Kreml Ukrayna ərazisilərini Rusiya sərhədləri içərisinə qatmağı, bu ölkənin suverenliyini ləğv etməyi hədəfləyib. Prezident Donald Tramp isə Rusiyaya qarşı beynəlxalq koalisiyanı parçalayır, Ukraynaya yönəlik siyasi hücumlar edir və Kremlin maraqlarına uyğun narrativləri dəstəkləməklə diqqəti çəkir. Və bu baxımdan, Kremlin prezident Donald Trampı hansı ifşaedici materiallarla şantaj etmiş ola biləcəyi indi Qərb siyasi dairələrində də kifayət qədər ciddi müzakirə mövzusudur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ