Onlayn ictimai-siyasi qəzet
Artıq Trampın sülhpərvərliyinə şübhə yoxdur. Adam səmimi şəkildə dünyada gedən mühaibələrin, eləcə də “xüsusi hərbi əməliyyatlar”ın dayandırılmasını istəyir.
Bu zaman onun əsas niyyətinin “Nobel” sülh mükafatı almaq olması boş söhbətdir. Trampın bu mükafata elə bir ehtiyacı yoxdur.
Düzdür, o şöhrətpərəstdir, həmişə göz önündə, masabəyi statusunda olmaq istəyir, amma əsl məqsədi sülhdür, savaşanların arasında arbitr olmaqdır. Bu, ona bəsdir.
Dünən Tramp Ukrayna münaqişəsinə son qoymaq istəyini “cənnətə getmək” arzusu ilə izah edib, deyib ki, o, artıq yeddi müharibəni dayandırıb və Ukraynada hərbi əməliyyatların dayandırılması üçün fəal işləyir.
“Məncə, çox yaxşı olacaq. Mümkünsə, cənnətə getmək üçün çalışmaq istəyirəm”, - Tramp deyib.
Əlbəttə, uzun illərdir bu dünyada cənnətdəymiş kimi yaşayan Trampın axirət barədə dediklərində zarafat elementləri var. Olmasa belə, bu, onun savab iş gördüyünə əminliyini göstərir.
Bəs ABŞ prezidenti “artıq yeddi müharibəni dayandırmışam” deyərkən hansı savaşları nəzərdə tutub? Özü o fəal münaqişələrdən ikisinin adını çəkib: 1. Hindistan və Pakistan; 2. Konqo və Ruanda.
Tramp Hindistan və Pakistan arasında başlanmış və təyayrələrin vurulması, raket bombardmanı ilə müşayiət olunan müharibəni gerçəkdən də dayandırdı və hər iki ölkə ona minnətdarlığını bildirdi.
2022-ci ilən martında başlayan Konqo DR və Ruanda arasındakı savaş isə bu ilin iyununda başa çatıb. Sülh sazişi iyunun 27-də Vaşinqtonda imzalanıb.Konqo DR Trampa nadir torpaq materialları vəd edib.
Elə Kamboca və Taylanda arasında başlanan və bir neçə gün davam edən müharibənin qızışmadan bitməsini də Trampın xidməti kimi təqdim etmək mümkündür.
Bəs o biri savaşlar hansılardır?
Ola bilər, ABŞ prezidenti avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında imzalanan sülh memorandumunu da nəzərdə tutur.
Elədirsə, xatırlatmaqda yarar var ki, bu müharibə 5 il öncə başlayıb və bitib. Həmin hərbi əməliyyatltın yarımçıq qalmış “xüsusi hissəsi” isə 2 il öncə bir sutkanın içində tamamlanıb.
O vaxtdan bəridir Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejimi pozulmur. Ancaq tərəflər arasında qalıcı sülh sazişi imzalanmadığından müharibə şəraiti qalmaqda davam edir. Ermənistanda döyüşmək, daha dəqiqi, sıravi erməni gənclərini irəli verib döyüşdürmək arzusunda olanlar az deyil.
Əgər Tramp bu iki dövlət arasında sonradan heç vaxt pozulmayacaq sülh sazişi imzalanmasını təmin edəcəksə, bunu ABŞ prezidentin xüsusi xidməti kimi qeyd etmək olar. Təki o deyən olsun.
Trampın nəzərdə tutduğu “yeddi müharibə”dən beşincisi, mümkündür ki, Suriyadakı vətəndaş müharibəsi, eləcə də İsrailin Suriyaya hava hücumlarıdır. Onun Suriya prezidenti Əhməd əş-Şaraa ilə şəxsən görüşməsi, onun legitim dövlət rəhbəri kimi tanıması kiçik məsələ deyil. Əksi olsaydı və Tramp bu şəxsə barmaq tuşlasaydı, Əhməd əş-Şaraa-ya qarşı silahlı mübarizə aparanlara “davam edin” mesajı vermiş olardı. Amma o, belə etmədi və bununla da daha bir hərbi münaqişəyə son qoydu.
Dayandırılmış müharibələrdən altıncısı İran-İsrail savaşıdır. 12 gün boyunca davam edən raket atışması gerçəkdən də Trampın təşəbbüsü ilə dayandı. Ancaq o, bunu sülhə dair çağırışlarla başa gətirmədi, buna İranın nüvə santralarının yerləşdiyi bunkerlərə B2 bombardmançıları ilə sarsıdıcı zərbələr vurmaqla nail oldu. Düzdür, İran, öz liderlərinin dediyinə görə, 12 günlük müharibədən qalib ayrılıb, amma hər halda müharibə başa çatdı və bu, Trampın xidmətiydi.
Bu sırada “yeddinci savaş” İsraillə Livandakı “Hizbullah” yarımhərbi təşkilatının arasında münaqişənin dondurulması ola bilər. Ancaq Yəməndəki “Ənsərallah” (əl-Husi ardıcıllar) üsyançıları ilə hökumət qüvvələrinin arasında gedən və hazırda səngimiş hərbi əməliyyatların nəzərdə tutulması da mümkündür.
Hazırda Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün çox səy göstərir, az qala vaxtının çoxunu bu işə həsr edir. O, buna nail olsa, böyük nailiyyət qazanmış olacaq.
Ancaq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Trampın təşəbbüsü ilə gündəmə gələn Putin–Zelenski görüşünü mümkünsüz adlandırması, belə bir sammitin avqustda keçirilməsi ehtimalının sıfır olduğunu, bunun Trampın fantaziyasından başqa bir şey olmadığını deməsi göstərir ki, ABŞ prezidentinin təklifi sabotaj olunur.
Bu, o deməkdir ki, Rusiya tərəfi müharibəni davam etdirməkdə israrlıdır və sarsıdıcı zərbə almayana qədər bu mövqedə olacaq.
Bundan sonra Tramp Avropanın şərqində sülhü təmin etmək üçün Rusiyaya “İran fəndi” tətbiq etsə və bu dəfə də Moskva müharibəni dayandıraraq “savaşdan qalib çıxsa” heç təəccüblü olmaz.
Bu, Trampın dayandırdığı “səkkizinci savaş” olar, ondan sonra o, doqquzuncu müharibəni durdurmaq üçün İsrailə və HƏMAS-a üz tuta bilər.
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ