Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-17 tarixlərində Azərbaycanda olub. O, Prezident İlham Əliyevlə birlikdə Qarabağa gedib, Şuşanı gəzib, görülən işlərlə tanış olub.
Siyasi şərhçilər hesab edir ki, Azərbaycan daha bir nəqliyyat dəhlizi yaratmaq üçün hazırlıqlara başlayıb. Belə ki, Əfqanıstanla birlikdə Lazurit dəhlizinin açılması məsələsini türkmən liderlə müzakirə etmək zərurəti yaranıb. Çünki həmin dəhliz Xəzər dənizi və Türkmənistan üzərindən keçməklə Əfqanıstana uzanacaq. Bu, Azərbaycanın həmin bölgədə mövcud olan ölkələrlə, xüsusən də Pakistanla birbaşa əlaqə qurmasına yardımçı olacaq.
Bundan başqa, həmin dəhliz vasitəsilə Azərbaycan Əfqanıstan və digər bölgə dövlətlərinin Gürcüstan və Avropaya yüklərin daşınmasını asanlaşdıracaq.
Xatırladaq ki, dəhliz ideyası 2012-ci ildə ortaya çıxıb. 2017-ci ildə bununla bağlı Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan və Əfqanıstan arasında Aşqabadda niyyət protokolu imzalanıb. Lakin Əfqanıstanda baş verən hadisələrdən dolayı ideyanın reallaşması təxirə salınıb. Layihənin ilkin büdcəsi 2 milyard dollar hesab olunur.
İranın “Mashregh News” saytı da yazıb ki, Azərbaycan və Əfqanıstan hökuməti Lazurit (Lapid Lazuli) dəhlizini inkişaf etdirmək niyyətindədir. “Əfqanıstanın baş naziri bu məqsədlə Bakıda səfərdə də olub”.
Qeyd edilir ki, Azərbaycan Xəzər dənizi və Türkmənistan vasitəsilə Əfqanıstanla birləşən Lazurit dəhlizinin canlandırılmasında maraqlıdır.
Deputat Azər Badamov da hesab edir ki, Türkmənistan Xalq Məclisi sədrinin ölkəmizə səfəri çərçivəsində müzakirə olunan mövzulardan biri Lazurit dəhlizinin açılması ilə bağlı məsələ olub.
Azər Badamov
“Yeni Müsavat”a şərhində deputat bildirdi ki, dövlət başçımızla görüşdə Bərdiməhəmmədovun səsləndirdiyi qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq fikirlərinin arxasında böyük siyasət və fəlsəfə dayanır: “Bugünkü dəyişkən dünya nizamında beynəlxalq nəqliyyat dəhlizlərinin aktuallığı daha da artıb. Hansı ölkələr beynəlxalq dəhlizlərə nəzarət edirsə, o ölkələr də müəyyən üstünlüklər qazanırlar. Azərbaycanın ərsəyə gətirdiyi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ölkəmizi beynəlxalq logistik mərkəzə çevirib. Qeyd etmək istəyirəm ki, son bir ildə Türkmənbaşı və Bakı ticarət limanları arasında konteyner daşımaları 2,9 dəfə artıb. Həm də Bakı beynəlxalq ticarət limanının yükaşırma gücü 25 milyon tona çatdırılıb. Bu da Türkmənbaşı limanından daha iri həcmdə yükləri qəbul etməyimizə imkan verir. Əslində Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi 2017-ci ildə Aşqabad şəhərində keçirilmiş regional-iqtisadi əməkdaşlıq konfransı çərçivəsində Azərbaycan, Türkiyə Gürcüstan, Türkmənistan və Əfqanıstan hökumətləri arasında imzalanmış müqavilə ilə razılaşdırılmışdı. Eyni zamanda ilkin mərhələdə bu dəhlizin büdcəsi 2 milyard dollar müəyyənləşmişdi, amma dəhlizlə bağlı müvafiq addımlar atılmadı. Bu gün isə Lapis-Lazuli dəhlizinin açılması məsələsinin yenidən aktuallaşdığını hesab edirəm. Bu, Əfqanıstan və Pakistandan Xəzər dənizi üzərindən Avropaya qədər ticarət daşımaların həyata keçirilməsinə imkan verəcək. Bu baxımdan Zəngəzur dəhlizinin açılmasının həm də Türkmənistanın maraqlarına uyğun gəldiyini deyə bilərik”.
Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın istənilən istiqamətdə logistik yolların açılmasında maraqlı olduğuna diqqət çəkdi. N.Cəfərli xatırlatdı ki, vaxtilə Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi barədə çoxlu müzakirələr olub: “Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin açılması ilə bağlı bir neçə problem var ki, onlar həllini tapmamış dəhlizin işə düşməsi mümkün deyil. Əsas problem təhlükəsizlik məsələsidir. Əfqanıstandan keçən yüklər sığortalanmalı, təhlükəsizliyinə zəmanət verilməlidir. Yükdaşıma şirkətləri rəsmi sığorta olmadan fəaliyyət göstərmirlər. Əfqanıstan ərazisindən keçəcək yükləri isə sığortalamaq istəmirlər. Əgər texniki məsələlər həll olunsa, sözügedən marşrutun açılması Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan nə qədər çox logistik yolların mərkəzində olacaqsa, bir o qədər ölkəmiz üçün xeyir olar”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ