Onlayn ictimai-siyasi qəzet
Avropanın ən nüfuzlu siyasətçilərindən biri olan Almaniyanın keçmiş kansleri Angela Merkel Ukrayna müharibəsi ilə bağlı dünya gündəmini silkələyən açıqlama verib. Merkelin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında hərbi toqquşmanın alovlanmasında koronavirus pandemiyası mühüm rol oynayıb.
Sabiq kansler bu barədə Macarıstanın “Partizan” YouTube kanalına verdiyi səmimi müsahibəsində danışıb. O bildirib ki, pandemiya dövründə Avropa İttifaqı liderləri ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa diplomatik təmasların kəsilməsi siyasi münasibətləri iflic vəziyyətinə salıb.
“Əgər görüşə bilmirsinizsə, fikir ayrılıqlarınızı üz-üzə müzakirə edə bilmirsinizsə, yeni kompromislər də tapmaq mümkün olmur. Pandemiya bizi təcrid etdi, bu təcrid isə qarşılıqlı anlaşmanı məhv etdi”, deyə Merkel vurğulayıb.
Merkelin bu fikri bir çox beynəlxalq dairələrdə “tarixi etiraf” kimi qiymətləndirilib. Çünki ilk dəfədir ki, yüksək səviyyəli bir Qərb lideri pandemiyanın siyasi nəticələrini bu qədər açıq şəkildə etiraf edir.
Xatırladaq ki, bir qədər öncə Serbiya prezidenti Aleksandr Vuçiç də bənzər fikirlə çıxış etmişdi. O demişdi ki, “Əgər Merkel vəzifəsində qalardısa, Ukrayna müharibəsi baş verməzdi.” Vuçiçin bu sözləri ilə indi Merkelin açıqlaması arasında maraqlı paralellər yaranır.
Bəs doğrudanmı bu iddia həqiqətə uyğundur? Doğrudanmı koronavirus pandemiyası diplomatik əlaqələri iflic edərək Rusiyanın Ukraynaya təcavüzünü sürətləndirdi?
Və ən əsası - Merkel hakimiyyətdə qalsaydı, bu müharibə baş verməzdimi?
Siyasətçilərin və ekspertlərin fikrincə, bu sualların cavabı bir qədər mürəkkəbdir. Pandemiya, doğrudan da, beynəlxalq siyasətdə “buz dövrü” yaratdı: dövlət başçıları bir-birindən təcrid olundu, emosional diplomatiya yerini onlayn danışıqlara verdi. Amma Putinin Ukrayna ilə bağlı strateji planları daha əvvəldən mövcud idi. Merkelin şəxsiyyəti və təcrübəsi isə bəlkə də bu planların icrasını gecikdirə, lakin tamamilə önləyə bilməzdi.
Bütün hallarda Merkelin bu fikri Avropa diplomatiyasının pandemiyadan aldığı dərsi bir daha gündəmə gətirir:
izolyasiya bəzən təkcə sağlamlığı deyil, sülhü də məhv edə bilər.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin fikirləri ilə razılaşmaq çətindir. Politoloqun fikrincə, Merkelin gətirdiyi bu əsaslar məntiqli də deyil:
“Birincisi, Merkel deyir ki, koronavirus insanlar arasında ünsiyyəti dayandırdı, liderlər də görüşmürdülər. Guya əgər bu görüşlər baş tutsaydı, Putin müharibəyə başlamazdı. Yəni, o, bu cür nəticə çıxarır. Amma ona qalsa, Putin liderlərlə, elə Merkelin özü ilə də bir neçə dəfə görüşmüşdü. Makronun özü də Moskvaya getmişdi. Yəni, Putini bu cür görüşlər onsuz da dayandırmayacaqdı.
2014-cü ildə koronavirus yox idi, bəs onda niyə Krımı ilhaq etdi? Axı o vaxt da görüşlər olurdu, Putinlə danışıqlar aparılırdı. Ona görə də, bu iddianın doğru olduğuna inanmaq çətindir. Putinin öz planı vardı, artıq o, Krımı ilhaq etmək, Ukraynanı parçalamaq istəyirdi və sadəcə məqam gözləyirdi. Həmin məqam da o idi ki, Putin bəhanə tapdı, guya Ukraynada çevriliş olub, guya rusları qorumaq, NATO-dan müdafiə olunmaq zəruridir. Beləcə, Ukraynaya hücum etdi və Krımı ilhaq etdi. Yəni, bunun koronavirusla, mənim fikrimcə, yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur”.
Elxan Şahinoğlu həmçinin qeyd edib ki, Serbiya prezidentinin fikri də bir qədər suallar doğurur:
“Guya Merkel hakimiyyətdə olsaydı, Ukraynaya qarşı savaş başlamazdı. Bu, bir növ Trampın açıqlamalarına bənzəyir. Tramp az qala hər həftə eyni bəyanatı verir ki, “mən prezident olsaydım, bu müharibənin başlanmasına icazə verməzdim”. Yəni, bu cür fikirlər nə qədər mübahisə doğurursa, Vuçiçin “Merkel olsaydı, müharibə başlamazdı” fikri də bir o qədər şübhə yaradır. Çünki Putin onsuz da heç kimlə hesablaşmır.
Alyaskadakı görüşlərdə də ümid edilirdi ki, Putin ən azından atəşkəs elan edəcək. Etdimi? Əlbəttə ki, xeyr. Əksinə, Trampla görüşdən sonra müharibə daha da genişləndi, Putin işğal etdiyi əraziləri daha da böyütməyə çalışdı, Kiyev və digər şəhərlərin bombalanması intensivləşdi. Mən əksinə düşünürəm: Merkelin o dövrdə Rusiyaya qarşı yumşaq siyasəti Putini daha da cəsarətləndirdi. Hətta müharibə dönəmində belə Almaniya Rusiyadan qaz almaqda davam edirdi.
Beləliklə, Merkelin guya bu münaqişənin qarşısını ala biləcəyi fikirləri, məncə, olduqca şişirdilib”.
Xalidə GƏRAY
“Yeni Müsavat”
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ