Onlayn ictimai-siyasi qəzet
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni münasibətlərin möhkəmlənməsi baxımdan əhəmiyyəti böyükdür. Amma, Azərbaycan Prezidenti cənab İlham Əliyevin görüş iştirakçılarına müraciətlə “ bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir” deməsi, dünya qlobal siyasətinə perspektiv təsir edəcək strateji bir təşəbbüs kimi dəyərləndirilməlidir.
Bu gün Ukrayna müharibəsi getməsinə baxmayaraq, dünyada hərbi siyasi vəziyyətin yaxın keçmişdə və perspektivdə mərkəzi arenası Avrasiya, Avrasiyanın da açar ölkələri olan Türk dövlətləri olub. İllərdir ABŞ-nin tək hegemon siyasət yürütməsinin pozan bir amil varsa , o da Avrasiya məkanının məhz Mərkəzi Asiya və Cənubi Qafqazı tam təsir altına ala bilməməsidir. Vaxtilə Zbiqnev Bjezinski ABŞ-ın Avrasiyadakı geosiyasətini dəqiqliklə təsvir edib: "Birləşmiş Ştatların bütün Avrasiya üçün hərtərəfli, hər şeyi əhatə edən və uzunmüddətli geostrategiya hazırlaması və həyata keçirməsinin vaxtı çatıb. Bu zərurəti hal-hazırda real edən səbəb Avrasiyanın dünyanın mərkəzi arenası olmasıdır”.
Nəticə etibarı ilə Avrasiyada qüvvələr balansının dəyişməsi Amerikanın qlobal üstünlüyü, eləcə də tarixi irsi üçün həlledici olacaq. Çin, Rusiya və Hindistanın son vaxtlar bir qütbdə birləşmə meyllərinin sürətlə artması qarşıdurmanı getdikcə dərinləşdirə bilər. Amma, Avrasiya məkanının geosiyasi baxımdan ən strateji ölkələri olan Mərkəzi Asiyanın türk dövlətləri, Azərbaycan və Türkiyə Avrasiya məkanında heç bir qütbə qoşulmadan öz real qütbünü – vahid güc mərkəzini yaratması ilə bu bölgəni təsir altına salmaq istəyən qlobal güclərin planını alt-üst edə bilər . Türk dövlətləri “vahid güc mərkəzində” birləşərsə Amerikanın əsas diqqəti Rusiyanı “Avrasiyanın ürəyi” kimi dağıtmağa, ardınca diqqəti Çinə qarşı mübarizəyə yönəltməkdir. Deməli, Çin və Rusiya qütbündən fərqli olaraq NATO ölkələri belə bir gücün formalaşmasında maraqlı ola bilər. Çin, Rusiya isə bu gücü qəbul etməsə belə, hesablaşmağa məcbur olacaq.
Vahid güc mərkəzinin onurğa sütunu hərbi blokda birləşmədir. Prezident İlham Əliyevin indiki beynəlxalq vəziyyəti dəyərləndirərkən “hərbi – texniki sahədə əməkdaşlıın çox önəmli amillərdən biri” olmasını xüsusi vurğulaması yaranmış situasiya üçün dəqiq qiymətdir. Ona görə ki, beynəlxalq hüquqdan çox güc faktorunun həlledici rolunun artdığı bir vaxtda hərbi əməkdaşlığın güc mərkəzi olaraq formalaşması zərurətə çevrilib. Cənab prezidentin “2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini” təklif etməsini də bu istiqamətdə ilk addım olaraq qiymətləndirmək lazımdır.
Əlbəttə, bu asan və sürətlə yarana biləcək proses deyil, amma zaman diqtə edəndə və tarixi şərait əlverişli olanda Türk Dövlətləri Təşkilatının şərti adı “Turan” olmaqla hərbi blokunun elan edilməsi mümkündür. NATO 12 dövlətin hərbi - siyasi bloku kimi yaranıb. Ona əks olan Varşava müqaviləsi də 8 dövlətin birləşməsi ilə yarandı və SSRİ dağılana qədər mövcud oldu. Bu blokların yaranmasının əsası əvvəl ikitərəfli hərbi əməkdaşlıq razılaşmaları ilə qoyulmuşdu. Türk dövlətləri arasında da artıq Azərbaycan və Türkiyənin imzaladığı Şuşa Bəyannaməsi nümunədir və qalan türk dövlətləri də əvvəlcə ikitərəfli hərbi-siyasi razılaşmalar formasında, sonra kollektiv hərbi -siyasi bloku yarada bilərlər. Türkiyənin NATO, Qazaxıstan və Qırğızıstanın isə KTMT üzvü olması bu bloka daxil olmaya mane olurmu? Qazaxıstan son bir ildə açıq şəkildə Rusiya tərəfindən təhdid edilir və Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan Rusiya rəsmilərinin mövqeyi rəsmi Astananı seçim etmək məcburiyyətində qoya bilər.
Qırğızıstan vətəndaşlarına qarşı Rusiyanın sərt tədbirləri də dost münasibət deyil və zaman -zaman Qırğızıstanın da ünvanına Rusiyadan dost olmayan bəyanatlar səsləndirildiyindən rəsmi Bişkek də belə bir hərbi-siyasi blokun üzv olmasına etiraz etməz. Zatən KTMT üzvləri Rusiya istisna olmaqla, başqa bir dövlətdən gələ biləcək mümkün təhlükədən qorunmaq üçün deyil, məhz Rusiyadan təhlükə gördükləri üçün məcburən Moskvanın yanında olan kimi özlərini göstərirlər. KTMT üzvləri üçün ən böyük təhlükə Rusiyanın özüdür.
Rusiya-Ukrayna müharibəsinin getdiyi dövrü tarixi şərait kimi dəyərləndirib ardıcıl olaraq TDT-nin birgə hərbi təlimlərini keçirməklə ilk addımları atmış olacaqlar. Cənab Prezidentin bu strateji təşəbbüsü dünya siyasətində mövcud aqressiv reallığı tamamilə zəiflədərək Avrasiyanın mərkəzində, Avropa və Çin arasında Türk dövlətlərinin dünya qlobal siyasətində yerini və rolunu artıracaqdır.
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ