Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Daxili İşlər Nazirliyi Tiflisdə 4 oktyabr tarixində keçirilmiş hökumət əleyhinə etiraz aksiyası ilə bağlı daha 13 nəfərin saxlanıldığını açıqlayıb. Bununla da bu iş üzrə rəsmi olaraq saxlanılanların ümumi sayı 36-ya çatıb.
Xatırladaq ki, 4 oktyabrda bələdiyyə seçkiləri ilə paralel şəkildə, on minlərlə insan Tiflisdə Azadlıq Meydanında hökumət əleyhinə nümayişə toplaşmışdı. Bu aksiyaya təşkilatçılar tərəfindən əvvəldən “sülh inqilabı” adı verilmişdi.
Axşam saatlarında etirazçılardan bir qrupu binaya daxil olmağa cəhd edib. Buna cavab olaraq polis gözyaşardıcı qaz, su şırnaqları və istiot spreyi tətbiq edib. Etirazçılar barrikadalar qurublar və prezident iqamətgahı ətrafında toqquşmalar gecə yarısınadək davam edib.
Gürcüstan hökuməti həmin hadisələri dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və bunun arxasında “xarici kəşfiyyat xidmətlərinin dəstəklədiyi daxili müxalifət qüvvələrinin” dayandığını iddia edib.
Daxili İşlər Nazirliyi 4 oktyabr hadisələri ilə bağlı dörd maddə üzrə cinayət işi açıb: konstitusiya quruluşunu devirməyə cəhd, qrup halında zorakılıq, strateji obyektin ələ keçirilməsi və ya bloklanması, habelə əmlaka zərər vurma və ya onu məhv etmə.
Bəs Gürcüstanda hakimiyyəti devirməyə çağırış işi üzrə saxlanılanların sayı 23-ə çatıb. “Exo Kavkaza” saytının məlumatına görə, saxlanılanlar arasında 4 oktyabr etiraz aksiyasının 5 təşkilatçısı da var və onlara artıq rəsmi ittiham irəli sürülüb.
Açılan cinayət işi konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya hakimiyyətin devrilməsinə çağırış, əmlakın məhv edilməsi, strateji obyektlərin ələ keçirilməsi və ya blokadasına cəhd, eləcə də kütləvi iğtişaşların təşkili, rəhbərliyi və ya iştirakına görə aparılır.
Gürcüstanın baş naziri və “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, “hakimiyyəti devirmə cəhdi” uğursuzluqla nəticələnib və bu işdə əli olan hər kəs ciddi şəkildə məsuliyyətə cəlb olunacaq.
Bəs 4 oktyabr seçkilərindən sonra baş verən iğtişaşlar və saxlanmalar ölkədə siyasi stabilliyi hansı səviyyədə təhlükə altına alır? Siyasi böhran dərinləşirsə, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası necə təsirlənəcək? Bu, ölkənin Avropa perspektivini təhlükəyə atırmı?
Mövzu ilə bağlı siyasi şərhçi Heydər Oğuz Musavat.com-a danışıb:
"ABŞ prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra dünyanın geo-siyasi siması dəyişib: “Buna hətta “geopolitik metamorfoza” da deyə bilərik. Artıq əvvəlki dünya yoxdur. Yeni dünya isə tədricən formalaşır. Xüsusilə də Avropa İttifaqına üzv dövlətlərdə mühafəkarların hakimiyyətə gəlməsi liberal-demokratik dəyərlərin gələcəyini sual altında qoyur. Nəticədə Avropa İttifaqının taleyi də ciddi müzakirə doğurur və bu qurum getdikcə əhəmiyyətini itirir. Bir çox ittifaq üzvləri alyansda qalıb-qalmamağı açıq şəkildə müzakirə edirlər. İttifaqın ən iddialı üzvü olan Fransada 1 ildir dayanıqlı hökumət qurmaq belə müşkülə çevrilib. Eyni şəkildə Almaniyada, Polşada, Niderlandda və sairə ölkələrdə ultra-sağçılar yüksəlişdədir və onlar ittifaq prinsiplərinin milli dövlətçilik ənənələrini, suverenlik haqlarını məhdudlaşdırdığına inanırlar, dolayısıyla Böyük Britaniya kimi Avropa İttifaqından ayrılmağı planlaşdırırlar.
Avropa İttifaqı hazırda bütüb cazibədar tərəfini də itirir. İttifaq üzvlərində miqrasiya problemləri, əhalinin qocalması və real işçi qüvvəsinin azalması, sosial siyasətə əvvəlkindən az maliyyənin ayrılması, Rusiya ilə müharibə qorxusu, enerji təhlükəsizliyi sahəsində başqalarından asılıq və həyat şərtlərinin ağırlaşması kimi məsələr Avropa insanını alternativlər axtarmağa vadar edir. Adətən bu axtarışların son nəticəsi ittifaqla vidalaşmaq olur. Belə bir vəziyyətdə Gürcüstanın Aİ-dəki hansısa perspektivindən danışmaq, yumşaq desək, mənasızdır. Gürcüstan Aİ-yə girənə qədər Aİ-nin özü məhvərindən çıxacaq”.
Heydər Oğuzun fikrincə, Gürcüstanda baş verənlər də əslində qlobal mühafizəkar-liberal rəqabətinin Cənubi Qafqazdakı inikasıdır:
“Bir çoxları qərb qonşumuzda yaşananları Rusiya-Avropa çəkişməsi kimi təqdim edirlər. İvanişvilinin Rusiya ilə yaxın münasibətlərini inkar etmək mümkün olmasa da, Gürcüstan hadisələrini yalnız Rusiya-Qərb çarpışması ilə məhdudlaşdırmaq doğru deyil. Bu hadisələrin daha dərin qatları var və məncə, əsas səbəb ABŞ-dan Avropaya, hətta Moldova və Gürcüstana qədər uzanan qlobal mühafizəkar-libaral rəqabətindən qaynaqlanır. Əslində bu da Gürcüstanın vəziyyətini daha da çətinləşdirir. Bu ölkə qütblərarası mübarizənin getdikcə alovlanan poliqonlarından birinə çevrilə bilər. Eyni sözləri ilk baxışdan seçkiləri arxada qoyan və stabilləşən Moldova barədə də söyləmək olar. Qorxuram daxili stabilliyin zəif olduğu bu ölkələrdə qlobal güc mərkəzlərinin rəqabəti vətəndaş müharibəsinə çevrilsin”.
Xalidə GƏRAY,
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ