Onlayn ictimai-siyasi qəzet
“Türk Dövlətləri Təşkilatının toplantılarında Macarıstanın iştirakı ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi qüvvələr, xüsusilə Avropa dairələri bu ölkənin təşkilatda təmsil olunmasını istehza ilə qarşılasalar da, əslində Macarıstanın iştirakı və fəallığı böyük əhəmiyyət kəsb edir”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Onun sözlərinə görə, Macarıstanın Türk Dövlətləri Təşkilatında iştirakı, Avropa İttifaqının üzvü olan bir ölkənin türk dünyası ilə sıx əməkdaşlıq etməsi baxımından mühüm haldır:
“Macarıstanın bu təşkilatda təmsil olunması türk dövlətlərinin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Baş nazir Viktor Orbanın fəal mövqeyi və Macarıstanın Türk dünyası ilə əlaqələri inkişaf etdirmək istiqamətində göstərdiyi iradə yüksək qiymətləndirilməlidir. Macarıstan Avropa ilə Türk dünyası arasında körpü rolunu oynayır və bu həm iqtisadi, həm siyasi, həm də mədəni əməkdaşlıq baxımından yeni imkanlar açır.
Viktor Orban Avropa məkanında prinsipial və müstəqil siyasi mövqeyi ilə seçilən liderdir. O, bir çox hallarda Avropa Birliyi kontekstində Azərbaycan və Türkiyəyə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinin əleyhinə çıxmış, öz dost simasını nümayiş etdirib. Bu cür şəxsi keyfiyyətləri üstün olan və ölkəsinin müstəqil qərarlar qəbul etməsinin təşəbbüskarı olan bir liderin TDT çərçivəsində iştirakı vacib nüansdır. Çünki bu gün Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr birgə güc nümayiş etdirərək qlobal miqyasda söz sahibi olurlar. Bu prosesdə Macarıstanın iştirakı xüsusi əhəmiyyət daşıyır. Macarıstanın təşkilatdakı rolu, onun türk dövlətlərinə açıq münasibəti bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatı qlobal əməkdaşlıq platformasına çevrilir. Bu prosesin dinamik inkişafında Möhtərəm Cənab Prezident İlham Əliyevin siyasi fəaliyyəti xüsusi çəkiyə malikdir. Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Azərbaycanın Türk Dövlətləri Təşkilatının güclənməsinə verdiyi töhfənin təcəssümüdür”.
Cavanşir ABBASLI
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ