İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin AZAL təyyarəsinin vurulması barədə ilk dəfə ƏTRAFLI danışdı: “İkinci səbəb Rusiyanın HHM sistemində texniki nasazlıq olub” - TAM MƏTN

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə tam açıqlama verib. O, ilk dəfə olaraq hadisənin detallarını və Rusiyanın məsuliyyətini açıq şəkildə dilə gətirib.

Putin çıxışında bildirib ki, bu məsələni görüşün əvvəlində xüsusi olaraq müzakirə etmək istəyib:

“Əvvəlcə ən həssas mövzudan – bizim səmasında baş verən aviasiya faciəsindən danışmaq istəyirəm. Hələ ilk telefon danışığımızda mən bu faciənin məhz Rusiyanın hava məkanında baş verməsinə görə üzr istəmiş, həmçinin həlak olanların ailələrinə ən səmimi başsağlığımı bildirmişdim. Bunu bu gün də bir daha təkrar edirəm və vurğulayıram ki, biz razılaşdırdığımız kimi, istintaqa bütün mümkün dəstəyi göstəririk.”

Rusiya lideri qeyd edib ki, artıq istintaq yekunlaşmaq üzrədir və hadisənin səbəbləri aydınlaşıb:

“İndi artıq bu faciənin səbəbləri barədə ümumi nəticə çıxarmaq mümkündür. Hadisə bir neçə amillə əlaqədardır.”

Putin bu amilləri belə sıralayıb:

Birinci səbəb — hava məkanında Ukrayna dronlarının olması.

“Təyyarənin qəzaya uğradığı gecə biz eyni anda üç Ukrayna pilotsuz uçuş aparatını izləyirdik. Onlar Rusiya sərhədini keçmişdilər.”

İkinci səbəb — Rusiyanın Hava Hücumundan Müdafiə sistemində texniki nasazlıqlar.

“HHM sistemindən buraxılan iki raket təyyarəni birbaşa vurmayıb, təxminən 10 metr məsafədə partlayıb. Ola bilsin, bu, raketlərin öz-özünə məhvi rejimi idi. Təyyarəyə zərbə əsasən raketlərin qəlpələri ilə dəyib. Buna görə pilot əvvəlcə hadisəni quşlarla toqquşma kimi qiymətləndirib və bu barədə dispetçerlərə məlumat verib. Bu fakt “qara qutularda” da təsdiqini tapır.”

Putin əlavə edib ki, ekipaja Mahaçqalada enmək təklif olunub, lakin onlar bazaya – Bakıya qayıtmaq qərarına gəliblər.

“Bu məlumatlar da “qara qutularda” dəqiq eşidilir,” – deyə o bildirib.

Rusiya Prezidenti qeyd edib ki, bütün bu nəticələr hadisə ilə bağlı texniki parametrlərin saniyə-saniyə təhlili əsasında müəyyən olunub.

“Bu sənədlər istintaq materiallarına daxildir və mənim Sizə dediklərim həmin məlumatlara əsaslanır.”

Putin vurğulayıb ki, Rusiya zərərçəkən ailələrə kompensasiya ödəyəcək və hadisəyə görə məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.

“Əlbəttə, heç bir söz faciədə həyatını itirənləri geri qaytarmır, amma bizim borcumuz baş verənlərə obyektiv qiymət vermək və həqiqi səbəbləri müəyyən etməkdir. Bunun üçün müəyyən vaxt lazımdır. Mən bu məlumatları görüşümüz ərəfəsində – dünən və srağagün almışam. Hətta bu gecə də Moskvaya zəng edib, yeni detalların olub-olmadığını soruşdum. Mənə məlum olan bütün məlumatları Sizinlə bölüşdüm.”

Putinin bu çıxışı Rusiyanın ilk dəfə hadisənin texniki məsuliyyətini qismən qəbul etməsi kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR