İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev - Putin görüşü: Azərbaycanın bütün şərtləri təmin olunur – Pərdəarxasına ANALİTİK BAXIŞ

Musavat.com xəbər verir ki, Düşənbədə baş tutan İlham Əliyev – Vladimir Putin görüşü təkcə iki liderin təmas nöqtəsi deyil, Azərbaycan–Rusiya münasibətlərində gərginliyin yumşaldılması və yeni diplomatik mərhələnin başlanğıcı oldu. Bu görüşün mərkəzində bir tərəfdən Azərbaycanın sərt şərtləri, digər tərəfdən isə Kreml tərəfindən nadir hallarda nümayiş olunan məsuliyyət etirafı dayanır.

Azərbaycanın Rusiya qarşısında irəli sürdüyü dörd əsas şərt

Azərbaycan tərəfi ötən aylarda Rusiya ilə münasibətlərin bərpası üçün dörd konkret şərt irəli sürmüşdü:

1. Təyyarə insidentinə görə üzr istənilməsi;
2. Hadisəyə görə məsuliyyətin qəbul edilməsi;
3. Zərərçəkən ailələrə kompensasiya ödənilməsi;
4. Hadisədə günahı olan şəxslərin cəzalandırılması.

Düşənbədə keçirilən görüş zamanı Vladimir Putinin çoxsaylı diplomatik manevrlərlə müşayiət olunan çıxışı göstərdi ki, bu dörd bəndin hamısı faktiki olaraq rəsmən qəbul edilib.

Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə: Düşənbə görüşü dönüş nöqtəsi oldu

Putinin 25 ildə nadir rast gəlinən üzrü

Putin, 25 illik hakimiyyəti dövründə cəmi bir dəfə “üzr” ifadəsini işlədib. O da məhz Azərbaycan Prezidentinin timsalında Azərbaycana ünvanlanıb. Düşənbədə bu üzrün təkrarı yaşandı.

Putindən sitat: “Hələ ilk telefon danışığımızda mən bu faciənin məhz Rusiyanın səmasında baş verməsinə görə üzr istəmiş, həlak olanların ailələrinə səmimi başsağlığı vermişdim. Bunu indi də təkrar edirəm,” – deyə Putin Düşənbədə bildirdi.

Bu, Rusiyanın diplomatik təcrübəsində istisna haldır. Kreml adətən belə hadisələrdə məsuliyyəti bölüşməyə və ya “texniki səhvlərlə” izah etməyə üstünlük verir. Bu dəfə isə Azərbaycan qarşısında məsuliyyət açıq şəkildə etiraf olundu.

Prezidentlərin Düşənbə dialoqu: Azərbaycan Rusiya münasibətləri ...

Ukrayna amili – etiraf və manevr

Putin hadisəyə görə məsuliyyəti qəbul etsə də, günahı Ukraynanın üzərinə yönəltməyə çalışdı:

“Hadisə baş verən gecə Rusiya sərhədini üç Ukrayna dronu keçmişdi… HHM sistemində texniki nasazlıq olub, raketlər təyyarəni birbaşa vurmayıb, təxminən 10 metr məsafədə partlayıb.”

Bu izah Kreml diplomatiyasına xas “ideoloji qorunma mexanizmi”dir. Rusiya faktiki etirafı “dron təhlükəsi” ilə bəzəyərək özünə bəraət qazandırmaq istəyir. Lakin Azərbaycan üçün əsas məsələ günahın kimin üzərinə atılması deyil, məsuliyyətin qəbul edilməsi və nəticələrin aradan qaldırılması idi.

Bakı bu məqsədə çatdı – və bu, diplomatik dildə qələbə deməkdir.

Kompensasiyaya razılıq və cəza vədi

Putin görüşdə açıq şəkildə bəyan etdi ki, həlak olanların ailələrinə kompensasiya ödəniləcək və hadisəyə görə məsul şəxslər cəzalandırılacaq.
Bu, yalnız hüquqi deyil, mənəvi ədalət müstəvisində də mühüm dönüş nöqtəsidir.

MH17: Malezya uçağının düşürülmesinden 10 yıl sonra 4 kilit soru - BBC News  Türkçe

Rusiya indiyədək çoxsaylı oxşar hadisələrdə, o cümlədən də MH17 faciəsində məsuliyyəti rədd etmişdi. (MH17 — Malaysia Airlines aviaşirkətinə məxsus Amsterdam–Kuala Lumpur reysi ilə uçan mülki sərnişin təyyarənin nömrəsidir. Rusiya tərəfindən 17 iyul 2014-cü ildə Ukraynanın Donetsk vilayəti üzərində vurulub. )

Lakin bu dəfə Azərbaycanın siyasi və diplomatik təzyiqi nəticəsində Kreml faktiki olaraq öz səhvini qəbul etdi.

Əliyevin strateji diplomatiyası – səssiz sərtlik

İlham Əliyev bu prosesi səssiz, amma sərt diplomatiya ilə idarə etdi.

11 aylıq gərginlik dövründə Prezident Moskva ilə açıq qarşıdurmadan yayınaraq, amma prinsipial mövqeyini bir an belə yumşaltmadan məqsədinə doğru irəlilədi. O, bu mövzuda cəmi iki dəfə danışdı: Ötən ilin dekabrında, təyyarəmiz vurulan gün və daha sonra iyul ayında Xankəndidə, Qlobal Media Forumda...

Rəsmi Bakı soyuqqanlı, lakin sistemli təzyiq siyasəti yürüdərək Kremlə çıxış yolu qoydu. Nəticədə Rusiya məsuliyyəti etiraf etdi.

Azərbaycan-Rusiya münasibətləri daha da gərginləşir? - VİDEO | sfera.az

11 aylıq soyuqluğun diplomatik sonu?

Azərbaycan–Rusiya münasibətləri son bir ildə tarixi minimuma enmişdi. Xüsusilə Rusiyanın Azərbaycan diasporuna qarşı təzyiqləri, bəzi ermənipərəst media fiqurlarının – Simonyan, Solovyov, Zatulin və digərlərinin – Azərbaycana qarşı yönəlmiş təxribat xarakterli kampaniyaları münasibətləri daha da gərginləşdirmişdi.

Bu şəxslər illərdir Azərbaycan–Rusiya münasibətlərini zədələmək və Moskvanın siyasətini erməni lobbilərinin maraqları istiqamətinə yönəltmək üçün çalışırdılar. Lakin Düşənbə görüşü göstərdi ki, onların bu planı tam iflasa uğrayıb.

Putinin media qarşısında etdiyi çıxışlar və Əliyevlə açıq müzakirə Rusiya rəhbərliyinin artıq bu qüvvələrdən məsafə saxladığını göstərdi. Bu, həm də Azərbaycan üçün strateji zəfər deməkdir – çünki Bakı uzun müddətdir Rusiyada fəaliyyət göstərən anti-Azərbaycan dairələrin neytrallaşdırılmasını tələb edirdi.



Bu, Putindir, unutmayaq...

11 aylıq gərginlikdən və soyuq münasibətlərdən sonra Azərbaycan, Prezident İlham Əliyevin timsalında, Rusiyadan həm cavab, həm də şərtlərin icrasını ala bildi. Bu cavab sadə və formal deyildi – əksinə, çox geniş, izahlı və mahiyyət etibarilə bütün tələbləri əhatə edən bəyanat idi.

Bəli, bizi tam qane etməyən detallar da ola bilər. Amma unudulmamalıdır ki, qarşı tərəf Vladimir Putindir – yəni öz slavyan “qardaşlarına” belə silah qaldırmış, yüz minlərlə insanın ölümünə səbəb olmuş bir lider. Bu reallıq, onun addımlarını və diplomatik davranışlarını qiymətləndirərkən həmişə nəzərə alınmalıdır.

Musavat.com olaraq, bir mülahizəmizi də yazmalıyıq: əgər bu görüş baş tutubsa, əgər Prezident İlham Əliyev MDB dövlət başçılarının sammitində iştirak etməyə razılıq veribsə, deməli, Rusiya tərəfi öncədən Azərbaycanın bütün şərtlərinə əməl olunacağına dair zəmanət verib. Bizə görə, bu zəmanət olmasaydı, Azərbaycan Prezidenti nə MDB toplantısına qatılar, nə də Putinin ad gününü təbrik edərdi. Dövlətlərarası münasibətlərdə belə gərginliklər ekspromt görüşlərlə həll olunmur. Bu tip razılaşmalar adətən əvvəlcədən hazırlanan və detalları razılaşdırılan diplomatik proseslərin nəticəsi olur.

Görünən odur ki, Rusiya görüşdən əvvəl şərtlərlə bağlı anlaşmaya gəlib və münasibətlərin normallaşmasını istəyib. Elə buna görə də İlham Əliyev görüş zamanı Putinin uzun və dolaşıq izahatlarına dərin reaksiya vermədən, ümumi, balanslı bir cavabla kifayətləndi.

Əliyev Putinə niyə təşəkkür etdi?

Bəzilərinin iddia etdiyi kimi, Əliyevin yekun təşəkkürü Putinin bəyanatına yönəlik deyildi – bu təşəkkür Azərbaycanın bütün tələblərinin istisnasız yerinə yetirilməsinə verilən siyasi reaksiyaydı.

Sadəcə, Prezident İlham Əliyev diplomatik etiketi qorudu – Putinin manevrlə geri çəkilməsinə, daha doğrusu, bunu “öz təşəbbüsü kimi” təqdim etməsinə şərait yaratdı. Bu da məhz Azərbaycan diplomatiyasının ağıllı, soyuqqanlı və uzaqgörən xəttinin göstəricisidir.

Prezident İlham Əliyev Düşənbədəki görüşdə açıq şəkildə bildirdi:

“Azərbaycan və Rusiya hadisənin səbəblərinin araşdırılması məsələsində daimi təmasdadır və bu prosesdə obyektivlik görürük.”

Əliyev həmçinin vurğuladı:

“İkitərəfli münasibətlər bütün istiqamətlərdə yaxşı dinamika ilə inkişaf edir: heç bir sahədə ləngimə və ya geriləmə müşahidə olunmur.”

Bu bəyanat diplomatik dildə soyuqluğun bitdiyi və yeni mərhələnin başladığı anlamına gəlir.

Diplomatik balans: Rusiya üzr istədi, Azərbaycan qalib çıxdı

Düşənbə görüşündə Rusiya geri addım atdı, Azərbaycan isə diplomatik üstünlük qazandı.

Putin üzr istədi, məsuliyyəti qəbul etdi, kompensasiya vəd etdi – amma bunları Ukrayna amili və texniki nasazlıq bəhanəsi ilə yumşaltdı.

Əliyev isə bu manevrə şərait yaratdı, çünki əsas məqsəd Azərbaycanın milli maraqlarının təmin olunması idi.

Bu, klassik diplomatiyada “ağrısız qələbə” modelidir: tərəfdaş üzr istəyir, amma öz simasını qoruyur; qarşı tərəf isə siyasi və mənəvi üstünlüyü tam əldə edir.

İlham Əliyev və Putinin Düşənbə görüşündə dedikləri - TAM MƏTN ...

Musavat.com: Azərbaycanın diplomatik qələbəsi və Rusiya siyasətində dönüş

Düşənbədə baş tutan görüş bir daha göstərdi ki, Azərbaycan artıq regionun siyasi balansını təkbaşına dəyişə biləcək gücə sahibdir.

İlham Əliyev 11 ay davam edən gərginliyi səbrlə, diplomatik dəqiqliklə və prinsipial mövqe ilə idarə etdi – nəticədə Moskva Azərbaycanın bütün şərtlərini qəbul etdi.

Rusiya ilk dəfə olaraq məsuliyyət daşıdığını etiraf etdi, kompensasiyaya razılaşdı və münasibətləri normallaşdırmaq üçün yeni səhifə açdı.
Ən önəmlisi isə – ermənipərəst qüvvələr, Simonyan, Solovyov, Zatulin kimi təxribatçılar bu dəfə məqsədlərinə nail ola bilmədilər.

Azərbaycan diplomatiyası həm insidentin hüquqi nəticələrini təmin etdi, həm də Rusiya ilə strateji əlaqələrin qorunması üçün milli maraqlara əsaslanan yeni balans formalaşdırdı.

Bu, yalnız bir hadisənin diplomatik həlli deyil, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə siyasi iradəsinin qələbəsidir.

R.Abbasov,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR