Onlayn ictimai-siyasi qəzet
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin raketlərlə vurulmasına dair sənədlər elan edilib.
Tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, hərbi hədəf olmayan mülki obyektlərə, həmçinin mülki əhaliyə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipli raketlərlə zərbələr endiriblər.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, raketlərin çoxu 275 km uzaqlıqdan, Ermənistanın Vardenis yaşayış məntəqəsindən Gəncəyə atılıb.
Bu tip raketlər strateji silah sistemlərinə aid olduğundan, tətbiq hüququ müvafiq dövlətin başçısına, habelə onun razılığı ilə müdafiə nazirinə məxsusdur. Təqsirləndirilən David Manukyan da məhkəməyə müraciət edərək nümayiş olunan raket qurğularının və onların tətbiqinə dair “əmr” verməyin qondarma rejimin “rəhbərliyinin və ordusunun” səlahiyyətində olmadığını bildirib.
Artıq Gəncənin vurulması əmrinin qondarma rejimin yox, Ermənistanın hərbi-siyasi rəhbərliyindən gəldiyi təsdiqini tapıb.
Bundan sonra Bakı İrəvana qarşı iddia qaldıra bilərmi? Təzminat tələb etməliyikmi?
Qulamhüseyn Əlibəyli
Tanınmış hüquqşünas, siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a dedi ki, Azərbaycanın bütün bunlarla bağlı beynəlxalq məhkəməyə müraciət etməyə tam haqqı çatır: “Təkcə Gəncəyə raket atılmasına görə deyil, bütün işğal dövründə, o cümlədən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı edilən hərəkətlərə və beynəlxalq xarakterli cinayətlərə görə həm qondarma rejimin hazırda mühakimə olunan rəhbərliyi, həm də Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycanın ərazilərini Ermənistan birbaşa Rusiyanın köməyi ilə işğal edib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarı var və qondarma rejim də Ermənistan tərəfindən yaradılıb. Bu rejimin rəhbərləri Ermənistanın hərbi-siyasi rəhbərlərindən asılı vəziyyətdə olub, onların qərarlarını və göstərişlərini yerinə yetiriblər. Vətən müharibəsi dövründə də Azərbaycana qarşı vuruşan hərbi hissələrin əksər hissəsi Ermənistan Silahlı Qüvvələrinə məxsus olub. Əslində qondarma rejimin rəhbərliyi Ermənistanın hərbi siyasi rəhbərliyinin əlaltısı kimi fəaliyyət göstərib, onların qərarlarının və göstərişlərinin icraçıları olublar. Ona görə də Azərbaycana qarşı müharibə cinayətlərinə görə həm qondarma rejimin rəhbərliyi, həm də Ermənistanın hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır.
Gəncə şəhərinə bir neçə dəfə raketlərlə hücum edilməsi, dinc mülki əhaliyə qarşı ermənilərin törətdikləri ağır müharibə cinayətlərində bir epizoddur. Ermənilər müharibə bölgəsindən uzaq olan digər şəhərlərimizə də raket hücumları ediblər. O cümlədən Bakı şəhərinə də “İsgəndər” raketi ilə hücum təşkil ediblər. Həmin raket hücumları Ermənistan ərazisindən təşkil edilib. Və göstərişlərin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi şübhə doğurmur. Lakin göstərişlərin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi qondarma rejimin rəhbərlərini məsuliyyətdən azad etmir.
Dinc mülki əhaliyə qarşı raket hücumları beynəlxalq xarakterli ağır müharibə cinayəti hesab olunur. Ona görə də Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ermənistana qarşı iddia qaldıraraq həm bu cinayəti törədən şəxslərin cəzalandırılması, həm də vurulmuş ziyana görə təzminat tələbini irəli sürməyə tam haqqı çatır. Lakin beynəlxalq bürokratiyanın ləngliyini nəzərə almaqla belə iddiaya yaxın zamanda baxılacağı o qədər də inandırıcı görünmür".
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Ermənistana qarşı təzminat davasının açılmasını əsas şərt sayır: “30 il ərzində ərazilərimizi işğal altında saxlayan, infrastrukturu, tarixi-mədəni abidələri məhv edən, bir milyona yaxın insanımızı öz dədə-baba yurdlarından, doğma evlərindən didərgin salan, mülklərini ələ keçirən, Birinci və İkinci Qarabağ savaşında soyqırımlar törədən, Gəncəni, Bərdəni, Tərtəri raket atəşinə tutaraq mülki insanları hədəfə alan, ərazilərdəki təbii sərvətlərimizi uzun bir dövr ərzində talan edən bir dövlətə qarşı təzminat davasının açılması şərtdir.
Bu, həm erməni cinayətlərinin hüquqi müstəvidə təsdiqi, həm də tarixi ədalətin bərpası üçün vacib addımdır. Ümumiyyətlə, qeyd edim ki, təzminat müharibə nəticəsində dəymiş itkilərin kompensasiyasıdır və təcavüzkar dövlət tərəfindən ödənilir. Təcavüzkarın kim olduğu və haqqında danışılan Gəncə terrorunun kimlər tərəfindən həyata keçirildiyi isə ortadadır.
Məlumdur ki, Gəncəyə ilk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib. İkinci raket hücumu isə 5 oktyabrda baş verib. Hücum nəticəsində 3 mülki şəxs yaralanmışdı. Daha sonra ayın 8-də üçüncü raket hücumu, oktyabrın 11-də dördüncü raket hücumları oldu və bu hücumlar 10 mülki şəxsin şəhid olması və 40-dan çox insanın yaralanması ilə nəticələndi. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verdi ki, bu zaman 16 nəfər şəhid oldu, 55 nəfər yaralandı. Onu da qeyd edim ki, Gəncəyə edilən terror hücumları zamanı dünyasını dəyişənlərdən 6-sı, xəsarət alanlardan 48-i yetkinlik yaşına çatmayanlardır.
Separatçı rejim rəhbərlərinin də verdiyi ifadələrdən məlum olur ki, Gəncəyə edilən hücumla bağlı əmr birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən verilib. Odur ki, Azərbaycan olaraq bizim təkcə təzminat deyil, həm də müharibə cinayəti ilə bağlı iddia qaldırmaq hüququmuz var.
Azərbaycanla Ermənistan arasında paraflanan sülh sazişində tərəflərin bir-birinə qarşı qaldırdıqları məhkəmə iddialarını geri çəkməsi və ya belə iddialarla çıxış etməməsinə dair müddəa da bizə müvafiq məhkəmə iddiası qaldırmağa qadağa qoymur. Sülh sazişinin 15-ci maddəsi qaldırılan iddiaların geri çəkilməsi ilə yanaşı, həmin iddiaların hər hansı formada həll edilməsini də nəzərdə tutur. Odur ki, Azərbaycanın həm öz qanunvericiliyinə, həm beynəlxaq hüquqa, həm də elə Ermənistanla paraflanan sülh sazişinə görə müvafiq məhkəmə iddiası qaldırmaq və təzminat tələb etmək hüququ var".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ