İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Məhkəməsi Pərviz Həşimlinin işi üzrə qərar verdi  

Avropa İnsan Haqları Məhkəməsi jurnalist Pərviz Həşimlinin şikayəti üzrə qərar verib.

Musavat.com xəbər verir ki, məhkəmə jurnalistin şikayətini təmin edib.

“Dünyanın işinə baxın. Bu gün məni şərləyən həbsdəki MTN generalı Elçin Quliyevin əmlakları hərraca çıxarıldı. Elə bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyin mənə qarşı qanunsuz həbsi və barəmdəki sifarişli məhkəmə hökmünə dair şikayətim üzrə qərarını açıqlayıb. Konvensiya 5 (Azadlıq və toxunulmazlıq hüququ) , 6 (Ədalətli məhkəmə araşdırması hüququ) və 8 “Şəxsi həyata və ailə həyatına hörmət hüququ” pozuntularını tanıyıb”,- bu sözləri Musavat.com-a 2013-cü ildə MTN tərəfindən həbs edilərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş jurnalist Pərviz Həşimli deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi onun həbsinin tam qanunsuz olması qənaətinə gəlib.

“Məhkəmə hesab edib ki, həbsim tam qanunsuz olub, mənzilimə silahlar istintaq orqanı tərəfindən yerləşdirilib. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsi ədalətli məhkəmə araşdırmasını aparmayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi bu pozuntulara görə mənə təzminat təyin edib.

Nə gizlədim, ilk sevincimi məni azadlıqdan məhrum edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimova zəng edərək bölüşdüm.

O isə “bu qalibiyyətinə görə səni təbrik edirəm, axır ki, istəyinə nail oldun” deyə bildirdi.

Avropa Məhkəməsində məni müdafiə edən vəkilim Elçin Sadıqova təşəkkür edirəm.

Həmçininin, yerli məhkəmələrdə yanımda olan MTN-dəki cinayətkar dəstə qarşısında ləyaqətlə və vicdanla məni müdafiə edən Bəhruz Bayramova, Yalçın İmanova və Fariz Namazlıya təşəkkür edirəm”.

Pərviz Həşimli əlavə edib ki, bu qərardan sonra bəraət almaq üçün Ali Məhkəməyə üz tutacaq.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR