Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Hindistanda səfərdə olan baş naziri Keir Starmer bu ölkənin baş naziri Narendra Modi ilə müzakirələrinin əsas mövzusunun biznes olacağını bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Delhi və London əvvəllər azad ticarət sazişi imzalayıblar və Starmer Hindistan bazarlarını şotland viskisi və digər Britaniya malları ilə doldurmağa ümid edir.
Bildirilir ki, induslar Britaniyaya səfər etməkdə daha çox maraqlı olsalar da, Starmer viza məsələsinin ümumiyyətlə müzakirə olunmayacağına işarə edib.
“The Guardian” yazır ki, Starmer Modi ilə görüşləri zamanı Britaniya-Hindistan ticarətinə diqqət yetirəcək, lakin başqa mövzular da qaldırılacaq. Bunlardan biri də Hindistanın Rusiya ilə əlaqələridir. Starmerin təyyarəsi Mumbaya enməyə hazırlaşarkən Modi Rusiya prezidenti Vladimir Putinə ad günü təbriki göndərib. Jurnalistlər Starmerdən Hindistanın baş nazirinə Rusiya lideri ilə yaxın əlaqələri ilə bağlı çaşqınlığını ifadə edib-etməyəcəyini soruşublar, Starmer sualdan yayınıb.
Rusiyaya gəlincə, qonağın Delhi qarşısında qaldıracağı əsas məsələ Hindistanın Rusiyadan neft və neft məhsullarını almağa davam etməsidir. Starmerin sözlərinə görə, İngiltərə bu cür tədarükləri dayandırmağa çalışan ölkələrin ön sıralarındadır. Əsas hədəf Rusiyanın “kölgə donanması” olacaq.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ