Onlayn ictimai-siyasi qəzet
Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyevin çıxışı dövlət siyasətinin qətiyyətini, itkinlərin taleyinə yönəlmiş insanlıq missiyasının miqyasını nümayiş etdirdi.
Musavat.com xəbər verir ki, Əli Nağıyev çıxışında mühüm bir detalı xüsusi vurğuladı: 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış Sülh Sazişinin 9-cu maddəsi bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə məhz itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına həsr olunub.
Bu, təsadüf deyil. Azərbaycan dövləti sülhü yalnız siyasi razılaşma kimi yox, insan talelərinin bərpası kimi görür. Saziş layihəsinə əsasən, tərəflər itkinlərin axtarışı, məlumat mübadiləsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində konkret öhdəliklər götürür. Bu maddə Azərbaycanın mənəvi qələbəsinin sənədləşmiş ifadəsidir.
Bu gün Dövlət Komissiyasının məlumat bazasında 3990 nəfər Azərbaycan vətəndaşı itkin kimi qeydiyyata alınıb. Onlardan 3984 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin Vətən müharibəsində itkin düşüb.
İtkinlərin 3211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxsdir. Onların arasında 71 uşaq, 284 qadın və 316 qoca var. Bu rəqəmlər – təkcə statistika deyil, yüzlərlə ocağın sönməsi, minlərlə ananın göz yaşları, minlərlə atasız böyüyən uşaqların hekayəsidir. 2025-ci ilin 1 oktyabr tarixinə qədər 800-ə yaxın itkinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb.
İşğaldan azad olunmuş ərazilərdə 29 kütləvi məzarlıq tapılıb, 218 nəfərə aid qalıqlar ekshumasiya olunub. Əlavə olaraq, 342 nəfərə aid olduğu ehtimal edilən qalıqlar tikinti və bərpa işləri zamanı aşkar edilib. Ən ağrılı mənzərə isə naməlum şəhidlərin tapıldığı qəbiristanlıqlardır – 20 rayonun 31 məzarlığında 210 şəhidimizin kimliyi müəyyənləşdirilib.
Əli Nağıyev haqlı olaraq itkinlərin tapılması prosesinə ən böyük maneənin minalanmış ərazilər və dağıdılmış qəbiristanlıqllar olduğunu vurğulayıb.
Ermənistan işğal dövründə təkcə torpaqlarımızı deyil, xalqın yaddaşını, məzarlarını, izlərini də məhv etməyə çalışıb.
Bu, sadəcə hərbi deyil, mədəni soyqırımıdır. Bəzən hadisə şahidləri belə, məzar yerlərini göstərə bilmir, çünki landşaft dəyişdirilib, kəndlər yerlə-yeksan edilib. Buna baxmayaraq, Dövlət Komissiyası 2025-ci ildə üç dəfə Murovdağda axtarışlar aparıb, dron texnologiyasından istifadə etməklə Kəlbəcər istiqamətində yeni nəticələr əldə edib.
Hazırda Ağdərədə növbəti kütləvi məzarlıq aşkarlanıb – ilkin məlumata görə, 10-dan çox hərbçimizə aid qalıqlar tapılıb.
Azərbaycan bu prosesdə tək deyil. Əli Nağıyev qeyd etdi ki, bu il Beynəlxalq İtkinlər Komissiyası ilə məhsuldar əməkdaşlıq qurulub. Komissiyanın rəhbəri Katrin Bombergerin Bakıya səfəri nəticəsində elektron məlumat bazası, təlim proqramları və yeni texnologiyaların tətbiqi üzrə “İş planı – 2025” imzalanıb.
Həmçinin Bosniya və Hersoqovinanın İtkinlər İnstitutu ilə Memorandum hazırlanıb və bu gün rəsmi olaraq imzalanacaq.
Bu addımlar Azərbaycanın beynəlxalq müstəvidə ədalət mübarizəsinin davamı, həm də insani diplomatiyasının yeni mərhələsidir.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ