Onlayn ictimai-siyasi qəzet
Kiyev vilayətindəki istixanada işləməyə məcbur edilmiş 19 vətəndaş Ukraynadan Moldova vasitəsilə Özbəkistana qaytarılıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ukraynanın hüquq-mühafizə orqanları onların sentyabr ayında azad edildiyini bildirirlər.
Qeyd olunur ki, qul əməyinə məcbur edilmiş şəxslərin xilası Özbəkistan səfirliyinin, Ukrayna polisinin və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Ukrayna və Moldovadakı ofislərinin əlaqələndirilmiş səyləri sayəsində mümkün olub.
“Ukrayna polisi və prokurorluğu Özbəkistan vətəndaşlarını istixanada işləməyə məcbur edən bir qrup şəxsin saxlanılması barədə məlumat verdikdən sonra Özbəkistan səfirliyi onların qanuni hüquqlarını bərpa etməyə, Ukraynadan təhlükəsiz şəkildə çıxmaq üçün sənədli və təşkilati məsələləri tənzimləməyə başlayıb” - məlumatda bildirilir.
Əvvəlcə 22-42 yaşlarında olan 13 zərərçəkən barədə məlumat verilib. Polisin məlumatına görə, sxem 51 yaşlı Çin vətəndaşı tərəfindən təşkil edilib və ona daha iki həmvətəni, bir Tayland vətəndaşı, eləcə də beş Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşı kömək edib. Özbək qullara yüksək maaşlar vəd edilib, lakin onlar Ukraynaya gəldikdən sonra pasportları əllərindən alınıb.
Danışıqlar nəticəsində 19 vətəndaşın hamısına rəsmi olaraq "qurban" statusu verilib ki, bu da Ukrayna qanunvericiliyinə əsasən onlara qarşı hər hansı sanksiyaların tətbiqini istisna edir.
BMqT-nin Ukrayna və Moldovadakı ofislərinin maliyyələşdiməsi ilə 28 oktyabrda Özbəkistan vətəndaşları Kiyevdən Kişinyova avtomobil nəqliyyatı ilə daşınıb. Moldova paytaxtında onlara təhlükəsiz yaşayış şəraiti, yemək və lazımi dəstək verilib.
2 noyabrda BMqT-nin səlahiyyətli şəxslərinin müşayiəti ilə 19 vətəndaşın hamısı Kişinyov-İstanbul-Ürgenç marşrutu ilə Özbəkistana göndəriliblər.
Musavat.com
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ