İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan SƏRT MESAJ: Putin Türkiyəyə gəlməsə...

Əgər Vladimir Putin Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlarda iştirakdan imtina edərsə, bu, Rusiyanın müharibəni bitirmək istəmədiyinə dair aydın bir siqnal olacaq.

Musavat.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

“Düşünürəm ki, əgər Vladimir Putin Türkiyəyə gəlməkdən imtina etsə, bu, Rusiyanın bu müharibəni bitirmək istəmədiyinin və hər hansı danışıqlara nə istəkli, nə də hazır olduğunun sonuncu göstəricisi olacaq”, – deyə Yermak vurğulayıb.

O qeyd edib ki, hazırda Rusiya tərəfi Putinin danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı qəti qərarını açıqlamayıb. Eyni zamanda, Kiyev prezident Volodimir Zelenskinin danışıqlarda iştirak etməyə hazır olduğunu və orada olacağını təsdiqləyib.

Yermak onu da əlavə edib ki, əgər Rusiya danışıqlardan imtina edərsə, beynəlxalq ictimaiyyət buna qarşı Moskvanı yeni sanksiyalarla cəzalandırmalı və Ukraynaya hərbi dəstəyi artırmalıdır.

Bundan əlavə, Yermak Ukraynanın təhlükəsizlik zəmanətləri sistemi üzərində işin davam etdiyini bildirib. Onun sözlərinə görə, bu sistemin vacib tərkib hissələrindən biri güclü və hazırlıqlı Ukrayna Silahlı Qüvvələri, digəri isə ABŞ ilə faydalı qazıntılar sahəsində imzalanacaq saziş olacaq.

Qeyd edək ki, bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlar təşkil etməyə hazır olduğunu bəyan edib. Avropa liderləri isə yeni sanksiyaları müzakirəyə çıxarmazdan öncə Zelenski ilə Putinin Türkiyədə mümkün görüşünü gözləməyə razı olduqlarını bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR