Onlayn ictimai-siyasi qəzet
ABŞ və Avropa Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı dörd variantı nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.
Britaniya qəzetinin məlumatına görə, silahlı qüvvələrin rəhbərləri 10 gün ərzində ABŞ-ın dəstəkləyəcəyi Avropa zəmanətləri planını hazırlayacaq.
1. Ukraynada təlimlər və hava patrulları:
Böyük Britaniya və Fransa minlərlə hərbçini Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün Lvov yaxınlığında yerləşdirə bilər. Kiyevdə britaniyalı hərbçinin rəhbərliyi ilə koordinasiya mərkəzi yaradılacaq. Avropa Ukraynanı silahla təmin etməyə davam edəcək, ölkə səmasında isə “Tayfun” və ya F-35 döyüş təyyarələri patrul xidməti görəcək. ABŞ həm hərbi, həm də kəşfiyyat dəstəyi verə bilər.
2. Məhdud ABŞ zəmanəti:
ABŞ Avropanın Ukraynada qoşun yerləşdirməsinə şübhə ilə yanaşarsa, məhdud təhlükəsizlik zəmanəti verə bilər. Bu halda koalisiya yalnız hava patrullarına fokuslanacaq və uçuşa qadağan zonalar tətbiq edilə bilər.
3. NATO-nun 5-ci maddəsinə əsaslanan kollektiv müdafiə:
Bu variant alyansın bir üzvünə edilən hücumun bütün üzvlərə qarşı yönəlmiş sayılmasını nəzərdə tutur.
4. ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə ittifaqına bənzər alyans:
1960-cı ildə imzalanmış müqaviləyə oxşar şəkildə ABŞ Ukraynanı müdafiə edəcək və ölkədə hərbi bazalar yerləşdirə bilər.
Sülh sazişinin bir hissəsi kimi, Ukrayna təhlükəsizlik zəmanəti tələb edir. “Wall Street Journal” məlumat verir ki, bu zəmanətlər hərbi mövcudluq, hava müdafiəsi, silah təminatı və hərbi əməliyyatların dayandırılmasına nəzarəti əhatə edəcək. ABŞ qoşunlarının Ukraynada olmaması nəzərdə tutulsa da, havadan dəstək variantı mümkün seçimlər arasında qalır.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ