İnsanlara hürriyət, millətlərə istiqlal!

Ünal Üstel: “Bir millət, üç dövlət” vizyonu gerçəyə çevrilir"


"2022–2025 dövrünü “tarixi qardaşlıqdan strateji ortaqlığa keçid mərhələsi” kimi xarakterizə edirəm. Türk Dünyası ilə bağların ilk dəfə bu qədər institusional və sabit bir çərçivədə inkişaf edir. 11 noyabr 2022-ci ildə Səmərqənd Zirvəsində Şimali Kipr Türk Cümhuriyyəti olaraq öz adımız və bayrağımızla Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olduq".

Musavat.com xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel  ölkəsinin Türk Dövlətləri Təşkilatı və Azərbaycanla münasibətlərdən bəhs edərkən mətbuat konfransında deyib.

O qeyd edib ki, bu addım Kipr Türk diplomatiyası tarixində dönüş nöqtəsidir: “1–2 may 2025 tarixlərində Girnədə keçirilən TDT Ağsaqqallar Şurası Toplantısı da tarixi əhəmiyyət daşıyırdı. Rum tərəfinin Avropa Birliyi üzvlüyündən istifadə edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrə təzyiq göstərməyə çalışdığı dövrdə bu basqıların da qardaşlıq hüququmuzla üst-üstə düşəcək şəkildə ən qısa zamanda dəf ediləcəyinə inanırıq".

Baş nazir həmçinin Azərbaycan-ŞKTC əlaqələrinə xüsusi önəm verdiyini bildirib:  “Azərbaycanla əlaqələrimizi tariximizin ən yüksək səviyyəsinə qaldırmışıq. Şuşa və Bakı görüşlərimiz ŞKTC- Türkiyə-Azərbaycan arasındakı könül birliyini konkret əməkdaşlıq layihələrinə çevirdi. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" düsturu bu gün "Bir millət, üç dövlət" vizyonuna çevrilib”.

ŞKTC rəsmisi Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yaradılmasının bu yeni mərhələnin hüquqi təməlini formalaşdırdığını, təhsil, turizm, gənclər, mədəniyyət və idman sahələrində əməli layihələrin həyata keçirildiyini deyib:

“Universitet yarmarkaları və mədəni tədbirlər vasitəsilə, xüsusilə Azərbaycandan Şimali Kiprə gələn tələbə sayında ciddi artım qeydə alınıb.
Ü.Üstel iki ölkə arasında münasibətlərin çoxölçülü strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib: “İki dövlətli həll vizyonumuza dəstək verənlərə təşəkkür edirəm".

Kipr məsələsində hökumətinin mövqeyinin aydın, prinsipial və xalqın iradəsinə söykəndiyini bildirən Ünal Üstel bərabər suverenliyə və beynəlxalq hüquqda bərabər statusa əsaslanan iki dövlətli həll modelinin arxasında Prezident Ersin Tatar və Türkiyə ilə birlikdə qətiyyətlə durduqlarını ifadə edib.
“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan son üç BMT Baş Assambleyasında ardıcıl olaraq Şimali Kiprin tanınmasına dair çağırış etdi və dünya ictimaiyyətinə ən aydın mesajı verdi. Eyni şəkildə, Azərbaycan Prezidenti cənab İlham Əliyev də ŞKTC-nin tanınması zərurətini açıq şəkildə bəyan edərək beynəlxalq dəstək cəbhəsini genişləndirib”.

Üstel Türkiyə və Azərbaycan prezidentlərinə təşəkkür edib:
“Cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevə Kipr Türk xalqının haqlı mübarizəsinə verdikləri tarixi dəstəyə görə öz adımdan və hökumətim adından dərin təşəkkürlərimi bildirirəm. Türk Dünyası ilə birləşən ŞKTC gələcəyə əmin addımlarla irəliləməyə davam edəcəkdir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR