Onlayn ictimai-siyasi qəzet
Suriya Prezidenti Əhməd Əş-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan görüş Yaxın Şərqdə diplomatik balansı dəyişə biləcək yeni mərhələnin əsasını qoyub.
Musavat.com xəbər verir ki, görüşdə Tramp açıq şəkildə Əş-Şaraaya İsraillə münasibətlərin normallaşdırılması və “Abraham Sazişi”nə qoşulmağı təklif edib. Həmin təklifdən qısa müddət sonra Suriya Prezidenti müvəqqəti razılaşma sənədini təsdiqləyib və bu da regionda ciddi rezonansa səbəb olub.
“Ölkənizdə tarixi bir şey etmək üçün möhtəşəm fürsətiniz var.”
Ağ Evin rəsmi bəyanatında bildirilir ki, Tramp eyni zamanda Suriyada olan bütün xarici terrorçu qrupların ölkədən çıxarılmasını, Fələstinli radikal elementlərin deportasiyasını və ABŞ-la birlikdə İŞİD-in yenidən güclənməsinin qarşısının alınması üçün əməkdaşlıq edilməsini istəyib. Tramp, həmçinin Şimal-şərqi Suriyadakı İŞİD düşərgələrinin təhlükəsizliyinə görə məsuliyyəti Şaraa rejiminin üzərinə qoyub.
ABŞ prezidenti, bu görüşdən bir gün əvvəl Suriyaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğv edildiyini elan etmişdi. Bu addımın Şaraa administrasiyasının İsraillə razılaşmalara açıq qapı saxlamasına zəmin yaratdığı bildirilir. Tramp bildirib ki, “Mənim Orta Şərq səfərim İsraili kənara atmır. Əksinə, bölgədə ümumi sabitliyə xidmət edir.”
Bu bəyanat faktiki olaraq Suriyanın “Abraham Sazişi”nə inteqrasiyası üçün ABŞ-ın ciddi diplomatik və iqtisadi dəstək göstərəcəyini ifadə edir.
Suriyanın İsraillə 1973-cü ildən bəri davam edən rəsmi düşmənçiliyi ilk dəfədir bu səviyyədə siyasi razılaşma imkanına yaxınlaşır. Suriya Prezidenti Əhməd Əş-Şaraa-nın razılaşmanı təsdiqləməsi ilə bağlı məlumatlar Jerusalem Post-a istinadla sosial şəbəkələrdə geniş yayılıb.
Bu səbəbdən də Şaraa administrasiyası Trampın təqdim etdiyi “böyük razılaşma paketini” qəbul etməyə meyillidir. Bu paketə yalnız İsraillə münasibətlərin normallaşması deyil, həm də iqtisadi yardım, enerji layihələrinə çıxış və təhlükəsizlik zəmanətləri daxildir.
Hələlik nə İran, nə də Hizbullah bu gedişata rəsmi reaksiya verməyib. Lakin ekspertlər yaxın günlərdə Tehranın sərt etirazları və Şaraa rejiminə qarşı hücum ritorikasının güclənəcəyini gözləyirlər. Eyni zamanda, Rusiya da bu diplomatik oyunda kənarda qalmaq istəmir və Suriya-İsrail yaxınlaşmasını öz regional nüfuzu üçün təhlükə hesab edir.
Musavat.com -a görə, Trampın Səudiyyə Ərəbistanında həyata keçirdiyi diplomatik manevr yalnız Suriyanın daxili siyasətinə deyil, bütövlükdə Yaxın Şərq balansına təsir edə bilər. ABŞ bu dəfə İsrailin təhlükəsizliyi fonunda, Suriyanın dəyişikliyə məruz qalan rəhbərliyi ilə razılaşma əldə etməyə çalışır. Bu da onu göstərir ki, Trampın ikinci prezidentliyi dövründə Yaxın Şərqdə “ənənəvi müttəfiqlər – yeni tərəfdaşlar” siyasəti güclənəcək.
Məqalədə istinad edilib: https://www.jpost.com/breaking-news/article-853885
R. Abbasov,
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ