Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı və Birləşmiş Ştatlar əldə olunan ticarət razılaşmasına dair birgə bəyanat yayıblar.
Musavat.com xəbər verir ki, məlumatı Brüsseldə keçirilən mətbuat konfransında ABŞ-la danışıqlara nəzarət edən Avropa komissarı Maroş Şefçoviç açıqlayıb. Onun sözlərinə görə, razılaşmaya əsasən Amerika tərəfi Avropa mallarına rüsumları 15 faizdən yuxarı qaldırmamaq və gələcəkdə tarifləri azaltmağa çalışmaq öhdəliyini götürüb.
Avropa İttifaqı isə ABŞ-ə tariflər tətbiq etməkdən qarşılıqlı şəkildə imtina etməsini, eləcə də iri silah və enerji resurslarının alınması ilə bağlı öhdəliklərini təsdiqləyib:
“Bu gün biz iyul ayında Şotlandiyada ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında əldə olunmuş razılaşma üzrə ticarət danışıqlarında finiş xəttini keçdik. Aİ və ABŞ ticarətlə bağlı birgə bəyanat yayıblar ki, bu, ticarət şəraitinin yaxşılaşdırılması üzrə gələcək ticarət danışıqlarının başlanğıc nöqtəsi olacaq”.
O vurğulayıb ki, bu saziş “başqa ölkələrlə müqayisədə ABŞ-a ixrac üçün Avropa İttifaqına daha yaxşı rəqabət şəraiti verir”.
Öz növbəsində, Avropa Komissiyası Amerika məhsullarına qoyulan bütün rüsumları ləğv etməyi və onların öz bazarına çıxışını asanlaşdırmağı öhdəsinə götürüb. O, həmçinin Avropa Komissiyasının ABŞ-dan enerji resursları, silah və elektron çiplərin alışını kütləvi şəkildə artırmaq öhdəliyini təsdiqləyib.
Avropa Komissiyasının dərc etdiyi sənəd ABŞ-a avtomobillər, aviasiya məhsulları, əczaçılıq məhsulları, yarımkeçiricilər və taxta ixracı üçün güzəştli rüsumlar vəd edir. Sənəddə müəyyən kateqoriyalı mallar üzrə rüsumların azaldılması ilə bağlı danışıqları davam etdirmək niyyəti haqqında bəyannamə var. Birgə bəyanata görə, Aİ 2028-ci ilə qədər ABŞ-dan təxminən 750 milyard dollar dəyərində maye qaz, neft və nüvə enerjisi məhsulları almaq niyyətindədir. Bundan əlavə, Aİ hesablama mərkəzləri üçün ən azı 40 milyard dollarlıq Amerika çiplərini alacaq.
Bəyanata görə, Aİ ABŞ-dan hərbi və müdafiə avadanlığının alışını da əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Maraqlıdır ki, bəyanatda Fransa və İtaliya üçün vacib olan alkoqollu içkilər tariflərdə güzəşt ehtimalı olan məhsullar sırasında qeyd edilməyib.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ