Onlayn ictimai-siyasi qəzet
Bakıda küçələrdə mavi çantaları ilə görünən “Wolt” kuryerlərinin sayı son illərdə xeyli artıb. Amma görünür, onların sayı çoxalsa da, problemləri azalmır. Son günlər “Wolt” çatdırılma şirkətində çalışan bir çox kuryer yenidən narazılıq edir. Narazılığın əsas səbəb əməkhaqlarının azlığı, uzun iş saatları və məsafəyə uyğun ödənişlərin ədalətli hesablanmamasıdır.
Musavat.com-un əməkdaşı şəhərin mərkəzi küçələrində üzləşdikləri ədalətsizliklərə etiraz edib işə çıxmayan bir neçə kuryerlə söhbət edib. Onların iş yerlərinə qarşı boykota qoşulduqlarını və müvəqqəti olaraq işləmədiklərini bildiriblər.
“Bir sifariş üçün bəzən çox uzağa gedirik, tıxacda qalırıq, saatlarla yollarda sürünürük, amma ödəniş eyni qalır. Günün sonunda əlimizə keçən pul çox azdır. Bütün günü işləyirik, amma qazancımız kifayət etmir” – deyə, 26 yaşlı kuryer Elşən danışır.
Onun dediyinə görə, son aylar ərzində ödənişlər hiss olunacaq qədər aşağı düşüb. Kuryerlər şikayət edirlər ki, şirkət məsafələri düzgün hesablamaq əvəzinə, standart bir məbləğ tətbiq edir. Halbuki, şəhərin mərkəzi ilə kənar ərazilər arasında həm vaxt, həm də xərclər çox fərqlidir.
Boykot edən kuryerlərdən biri isə başqa bir problemi gündəmə gətirir: “Boykota qoşulduğumuzu görəndə bəzən bizə xəbərdarlıq edirlər ki, hesabınızı bağlayarıq, daha işləyə bilməzsiniz. Hətta bir neçə nəfər məsuliyyətə cəlb olunub. Bizim yerimizə başqalarını götürəcəklərini deyirlər. Amma vəziyyət dəyişməsə, işləməyin də mənası yoxdur”.
Kuryerlərin sözlərinə görə, tıxaclarda keçirdikləri vaxt, həddindən artıq sifariş yükü və xüsusilə yağışlı və küləkli havalarda işləmək onların sağlamlığını da zədələyir. Onlardan biri deyir: “Yağışda-çovğunda işə çıxırıq. Soyuqda da, istidə də işləyirik. Amma elə bil ki, şəhərin problemləri – tıxaclar, pis yollar, hava şəraiti – hamısı bizə qalır. Halbuki, ödənişlər buna uyğun hesablanmır”.
Şirkət tərəfindən isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Ekspertlərin fikrincə, bu cür platformalarla çalışan kuryerlər əmək qanunvericiliyinə tabe olmadan, bir növ “frilanser” kimi fəaliyyət göstərirlər. Yəni onların əmək hüquqları zəif qorunur, sosial təminatları yoxdur. Hər şey şirkətin qaydalarından asılıdır. Bu isə istismar üçün münbit zəmin yaradır.
Şəhər sakini olan Nigar adlı bir müştəri də vəziyyətə münasibət bildirərək deyir: “Kuryerləri çox vaxt günahlandırırıq ki, gecikirlər, sifarişi soyuq gətirirlər. Amma görürəm ki, onların vəziyyəti də ağırdır. Neçə saatdır küçədədirlər, bir stəkan su içməyə vaxtları olmur. Düzdür, sifariş vaxtında gəlsin istəyirik, amma onların da normal qazancı olmalıdır”.
Kuryerlər isə boykotu davam etdirməkdə qərarlıdırlar. Onların sözlərinə görə, tələbləri çox sadədir: məsafəyə görə ədalətli ödəniş, iş şəraitinin yaxşılaşdırılması və uzun iş saatlarının kompensasiya edilməsi.
Bu gün boykota qoşulanlardan biri vidalaşarkən belə dedi: “Biz bu şəhəri gəzdiririk, hər küçəsində izimiz var, amma heç kim bizi görmür. Elə bilirik ki, görünməzik. Amma bizim də ailəmiz, ehtiyaclarımız, insan kimi yaşamaq haqqımız var. Əgər bizi eşitməsələr, bəlkə də hamımız bir gün çantamızı qoyub gedəcəyik”.
Hələlik isə Wolt-un mavi çantaları ilə hərəkət edən kuryerlər paytaxt küçələrində görünür. Amma onların çoxunun içində ümid deyil, narazılıq daşınır. Şirkət və aidiyyəti qurumlar bu səsləri nə qədər tez eşitsələr, həm onlar üçün, həm də bu xidmətdən istifadə edən müştərilər üçün yaxşı olar.
Sultan Məmmədli
Musavat.com
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ