Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krım-tatar mənşəli siyasətçi Rüstəm Umarovu yenidən yüksək dövlət vəzifəsinə təyin edib.
Dövlət başçısı bu dəfə onu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi postuna irəli çəkib.
Ukraynada yaşayan soydaşımız, diaspora fəalı Yalçın Qəhrəmanoğlu bu təyinatla bağlı Musavat.com-a açıqlama verib.
O bildirib ki, Prezident Zelenskinin bu addımı Rüstəm Umarova olan böyük etimadın və ehtiramın göstəricisidir:
“Umarov bu günə qədər ona həvalə edilən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirib. O, layiqli fəaliyyəti ilə həm Ukrayna dövlətinin, həm də bütün türk dünyasının adını ucaldıb. Təbrik edirik! Uğurlar Sizə, əziz dost!”
Rüstəm Umarov kimdir?
Rüstəm Ənvəroğlu Umarov 1982-ci ildə Krımda, Qızıltaş (əvvəlki adı: Bolşevik) kəndində anadan olub. O, Krım tatarı əsillidir və Ukraynada uzun illərdir ictimai və siyasi sahədə fəal şəkildə çalışır. Ali təhsilini Kiyev Politexnik İnstitutunda alıb, iqtisadiyyat və idarəetmə üzrə ixtisaslaşıb.
Karyerasına biznes sektorunda başlayan Umarov 2019-cu ildə Ukrayna Ali Radasına deputat seçilib. Parlamentdə milli azlıqların hüquqları, işğal olunmuş ərazilər və təhlükəsizlik məsələləri ilə məşğul olub.
Rüstəm Umarov beynəlxalq səviyyədə də diqqət çəkən simalardan biridir. 2022-ci ilin martında və xüsusilə də 2025-ci ildə İstanbulda keçirilmiş Ukrayna-Rusiya danışıqlarında Ukrayna nümayəndə heyətinə rəhbərlik edib. Qarşı tərəfdən isə Rusiya Prezidenti Vladimir Putinin şəxsi nümayəndəsi Vladimir Medinski danışıqlarda iştirak edib. Bu, Ukrayna rəhbərliyinin Rüstəm Umarova olan inam və etibarının bariz nümunəsi kimi dəyərləndirilir.
Müdafiə naziri postundan strateji vəzifəyə
2023-cü ilin sentyabrında Zelenskinin qərarı ilə Rüstəm Umarov Ukraynanın müdafiə naziri təyin olunmuşdu. O, bu vəzifədə hərbi islahatların həyata keçirilməsi, ordudakı korrupsiyaya qarşı mübarizə və NATO ilə əməkdaşlığın gücləndirilməsi sahələrində mühüm addımlar atmışdı.
İndi isə o, Ukrayna dövlətinin təhlükəsizlik arxitekturasının əsas qurumlarından biri olan Milli Təhlükəsizlik və Müdafiə Şurasına rəhbərlik edir. Bu, yalnız Ukraynada deyil, bütövlükdə türkdilli xalqlarda da böyük qürur və məmnunluq doğuran hadisədir.
Musavat.com
Rüstəm Umarov və Yalçın Qəhrəmanoğlu
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ