Onlayn ictimai-siyasi qəzet
Futbol azarkeşlərinin, demək olar ki, hamısı “alman maşını” ibarəsini bilirlər.
Bu, Almaniyada istehsal olunan avtomobillərin yüksək keyfiyyətə malik olmasından, axıradək getməsindən qaynaqlanan ifadədir, matçda sonacan qələbə əzmi ilə oynayan, son dəqiqələrə qədər ruhdan düşməyən, mübarizədən vaz keçməyən və sayədə yüzlərlə qol vuran almaniyalı futbolçuların da imicinə yanşıyıb.
Amma işə baxın, yüz ilin “alman maşını” iki gün əvvəl slovaklara uduzdular. Slovaklar isə ötən əsrlərdə Çexiya ilə birlikdə “Şkoda” markalı maşın buraxırdılar, o da “çex maşını” sayılırdı.
Futbol biliciləri razılaşmayacaqlar, deyəcəklər, yox e, burada bukmeker kontorlarınının, mərc oyunları təşkil edənlərin rolu olub, onlar Almaniya millisini uduzdurublar ki, onun qələbəsinə pul qoyuluşu edənlərin milyardlarla avrosunu məngirləsinlər.
Belə şey ola bilərmi? Prinsipcə, ola bilər. Belə “juliklik”lərin bulağı əzəl başdan mənfur kapitalist dünyasında qaynayıb, sonradan bütün dünyaya yayılıb.
Amma bu da faktdır ki, Hitlerin bığsız variantına oxşayan baş məşqçi Yoahim Löv gedəndən sonra bu komanda özünə gələ bilmir. Məsud Özilin ahı tutdu, nədi, “alman maşını” eyzən yarıyolda qalır. (Bildiyiniz kimi, nasist qafalı alman azarkeşləri və media bütün məğlubiyyətlərin təqsirkarı Özil imiş kimi, onu möhkəm incitdilər, o da millidən istefa və qəzəbli açıqlamalar verdi).
Yəni uduzmağa qalsa, ən güclü komandalar da uduzur.
Bizim milli komandanın dərdi isə dəftərə-kitaba sığan deyil. İdman yazarları sübutlu, dəlilli, şəkilli şəkildə belə statistik gösərici yayıblar: son bir ildə əsas millimiz və U21 millimiz 20 oyunun cəmi birində qələbə qazanıb, dördündə heç-heçə edib, yerdə qalanının hamısını (15) uduzub - bəzilərini isə biabırçı hesabla. Hətta millimiz elə milli komandalara uduzub ki, onlara biabırçı hesabla qalib gəlməməsinin özü biabırçılıq sayılmalıydı.
Dünən gecə 0:5 hesabıyla uduzduğumuz İslandiyanın əhalisi Yasamalın əhalisi qədərdir, amma, görün, necə at kimi qaçan, qurd kimi şığıyan, topa kenquru kimi hoppanan oyunçular yetişdiriblər.
Onların oyununa baxanda adama elə gəlirdi ki, oynamırlar, sadəcə, məşq edirlər, qabaqlarındakı isə canlı maneələrdir, şərti olaraq meydançaya çıxarılıblar.
Nə mübarizə əzmi, nə qol vurmaq istəyi, nə topu qəbul etmək bacarığı, nə düzgün ötürmə vermək səriştəsi, nə ikili mübarizələrdən heç olmasa bir dəfə qalib çıxmaq hünəri – bizimkilərdə heç nə yox idi. Vallahi, istənilən qəsəbəyə get, pullu stadionlarda futbol oynayan gənclərdən 15-16-nı seç, milli formanı geyindir, burax meydançaya, onlar da aşağı-yuxarı bu cür oynayacaqlar. Hələ bəlkə də gənclər özlərini göstərmək üçün daha qeyrətli oynayar, az qol buraxarlar.
Bu, Santuşluq məsələ deyil. Guya Covanni de Byazinin, Foqtsun, Torresin vaxtında biizmkilər meydançanı şumlayırdılar? Xeyr. Elə bu cür oynayırdılar. Sadəcə, Foqtsun bizə bircə xeyri olurdu ki, Almaniya millisi ilə oynayanda almanlar Foqtsa xatir, qapımıza ikicə qol vurur, sonra oynamırdılar, məşq edirdilər. Təsəvvür edin, Braziliya millisinə 7 qol vuran Müller, Götze, Şurle, Şvaynstayger, Kross, Kimmix Azərbaycan millisinin qapısına “yol tapa bilmirdilər”. Foqtsun haqqını vermək lazımdır, onun xidmətiydi (hərçənd müəllim Bakıdan iki “meşok” pul apardı).
Ona görə də Santuş olmur, lap Qvardiola, Luis Enrikye, nə bilim, Arda Turan gəlsin, xeyri yoxdur, biz bu xasiyyətlə, bu savadla, bu bacarıqla futbol oynaya bilmərik. İndilikdə kollektiv oyunlar bizlik deyil. İmtahan üçün, bu saat Mahir Emreli ilə Mbappeni və ya o caydaq norveçli gədəni güləşdirək, Mahir onların ikisini də 10 saniyəyə yerə çırpmasa, nə deyirsiniz, deyin. Yaxud da Cəfərquliyevin o hirs-hikkəsinin qabağında kim dayana bilər? Seyid Əşrəfin cəddi haqqı, güləşməyə, dalaşmağa qalsa, Elvin də, onun komanda yoldaşları da istənilən rəqiblərini cırıq-cırıq edərlər. Amma iş kollektiv şəkildə futbol oynamağa gələndə, vəziyyət dəyişir. Bizdə o qabiliyyət yoxdur.
Təsəlli bircə odur ki, əhalisi milyard yarıma çatan ölkələrdə də 11 qeyrətli oğlan tapıb yaxşı futbol oynada bilmirlər. Ənənə yoxdur, ona görə.
Bax, özbək qardaşlarımızın döyüşkənlik ənənəsi vardı, amma idman ənənəsi yox idi, amma son 2-3 ildə hər sahədə qabağa gedirlər. Boksçuları olimpiadadan 7 qızıl medal gətirdi, şahmatçıları artıq dünya reytinqində ilk onluğa giriblər, futbolçuları mundiala vəsiqə qazanıb. Güləşçiləri də farağat deyillər, Ta nə olsun? Deməli, kişinin uşağı bu işə yaxşı maya qoyur, diqqət ayırırlar.
Düzdür, biz də idman sahəsinə yaxşı pul ayırırıq, amma özbəklərin bir işi var ki, ayrılan vəsaitləri basıb yemirlər.
Yeri getməmişkən, özbəklər artıq avtomobil də buraxırlar. Al, sana da “özbək maşını”.
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ