İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanlar Vəliyevin əsəri: “Tərtər işi”ndə amansız işgəncənin bir gününə 1000 manat təzminat...

“Tərtər işi” üzrə işgəncələrə məruz qalan, haqsız yerə işdən çıxarılan hərbçi məhkəməyə üz tutub. O, gördüyü işgəncələrə, üzərinə atılan “vətən xaini” ittihamına görə 300 minlik mənəvi zərər tələb edib.

Musavat.com-un əldə etdiyi məlumata görə, N saylı hərbi hissələrdən birində müddətdən artıq hərbi qulluqçu olaraq işləmiş və “Tərtər işi” ilə bağlı qanunsuz olaraq həbs edilən hərbçi məhkəməyə üz tutub.

O, 7 gün müddətinə amansız işgəncələrə məruz qaldığını, ləyaqətinin alçaldıldığını bildirib. Hərbçi iddia ərizəsində 7 gün müddətində hərbi hissələrin birində gözləri bağlı şəkildə olmazın işgəncələr görməsini ətraflı şəkildə danışıb. Əlavə edib ki, qonşuları və ətrafında olan insanlar onu “vətən xaini” kimi qələmə verərək şəxsiyyətini alçaldıblar. Bu vəziyyət onun ailə üzvlərinə də mənəvi iztirab verib.

TARTAR.jpeg (14 KB)

Günahsızlığı sübuta yetirilən hərbçi ona dəymiş mənəvi zərərə görə 300 min manat pulun Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edib.

Həmçinin qeyd edib ki, müqavilə müddəti bitmədiyi halda qanunsuz olaraq işdən çıxarılıb. O, müqavilə müddətinə qədər almalı olduğu 20 min 590 manat əmək haqqını da tələb edib.

İddiaçı qeyd edilən maddi və mənəvi zərərin ödənilməsi üçün cavabdeh kimi Maliyyə Nazirliyini göstərib.

Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmədə qeyd edib ki, iddia əsassızdır. İzah olaraq deyib ki, iddiaçının (şikayətçi hərbçi) qeyd etdiyi hüquq pozuntuları Maliyyə Nazirliyi tərəfindən törədilməyib.

Məhkəmə iddiaçının iddiasını qismən təmin edib. Məhkəmənin şəxsi mülahizəsi ilə iddiaçıya mənəvi zərərin qarşılığı olaraq 7 min manat ödənilməsi barədə qərar çıxarılıb.

İşgəncə gördüyü 7 gün üçün 7 min manat. Yəni olmazın işgəncələr gördüyü hər gün üçün cəmi 1000 manat...

TERTER SON.jpeg (6 KB)

Maddi zərərlə bağlı iddia isə tam olaraq təmin edilib. Məhkəmə hərbçinin qanunsuz olaraq işdən çıxarıldığını, buna görə də həmin müddət üzrə əmək haqqının ödənilməli olduğu qeyd edib. Bu məbləğ isə ümumilikdə 20 min 590 manatdır.

“Tərtər işi”nin qurbanına dəymiş maddi və mənəvi zərərin ödənilməsi Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Məhkəmə bildirib ki, iddiaçıya kompensasiya qismində pul vəsaiti dövlət büdcəsi hesabına ödənilməlidir. Bu öhdəlik də dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyinin üzərinə düşür. Yəni Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, dövlətin adından dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması hüquq normalarının pozulmasına səbəb olmur.

Musavat.com xatırladır ki, 2017-ci ildə baş verən və “Tərtər işi” kimi tanınan cinayət işi ilə bağlı onlarla hərbçi “dövlətə xəyanət” ittihamıyla saxlanılmış, işgəncəyə məruz qalmış, onların arasında istintaq zamanı ölənlər də olmuşdu.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən artıq hərbi qulluqçu (əsgər, çavuş, gizir və zabit heyəti) işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli azadlıqdan məhrumetmə cəzası verilib, 13 nəfər işgəncə nəticəsində vəfat edib.

Bu hadisələrdə ictimaiyyət qarşısında ən çox adı hallanan vəzifəli şəxslərdən biri də həmin vaxt hərbi prokuror olmuş Xanlar Vəliyev idi.

KANLAR.jpeg (144 KB)

Vəliyev o vaxt ölkənin baş hərbi prokuroru kimi prosesə birbaşa nəzarət səlahiyyətinə malik idi. Hadisələr ictimailəşdikdən sonra hüquq-mühafizə orqanlarına qarşı ittihamlar səsləndirildi, ictimai rəyə görə, Xanlar Vəliyev bu ağır cinayətlərin qarşısını almaqda və hüquqi prosesə obyektiv nəzarət etməkdə ciddi şəkildə aciz qalmışdı.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR