Onlayn ictimai-siyasi qəzet
Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsi ilə Bakı-Vaşinqton münasibətlərində dondurulmuş mərhələ sona çatdı.
Bu dönüş təkcə iki ölkə arasında yeni siyasi səhifənin açılması deyil, həm də regional güc balansında Azərbaycanın rolunun yenidən qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında formalaşan qarşılıqlı hörmət və strateji anlaşma ABŞ-Azərbaycan münasibətlərini yeni fazaya keçirir. Tərəflər arasında son aylarda baş verən məktublaşmalar, telefon danışıqları, beynəlxalq platformalarda verilən bəyanatlar bu yeni mərhələnin konturlarını aydın şəkildə ortaya qoyur.
Donald Trampın ilk prezidentliyi dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlərdə mühüm irəliləyişlər olmuşdu. Bu dövr ərzində Azərbaycanın beynəlxalq səviyyədəki əməkdaşlıq platformalarında fəallığı, xüsusilə enerji, terrorizmlə mübarizə və regional sabitliyin təminindəki rolu ABŞ tərəfindən etibarlı tərəfdaşlıq kimi qiymətləndirilmişdi. Trampın yenidən prezident seçilməsi ilə bu xəttin davam etdiriləcəyi aydın oldu. Prezident İlham Əliyevin 2024-cü il noyabrın 6-da Donald Trampa ünvanladığı təbrik məktubu bu inamı ifadə edirdi: “Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək".
Bu sözlərin real siyasi təzahürü noyabrın 25-də baş tutan telefon danışığında da öz əksini tapdı. İlham Əliyev Trampın beynəlxalq təhlükəsizliyin təminində rolunu xüsusi qeyd etdi, Tramp isə iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçəcəyinə dair mövqeyini ortaya qoydu. Yalnız bir ay sonra – 2025-ci il yanvarın 21-də Prezident İlham Əliyev Trampa daha bir məktub ünvanladı. Burada açıq şəkildə bildirildi ki, Azərbaycan ABŞ ilə yalnız mövcud əməkdaşlıq sahələrini deyil, həm də rəqəmsal keçid, yüksək texnologiyalar və yeni sənaye sahələrini əhatə edən partnyorluğa hazırdır.
Məktubdakı “qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı qətiyyətlə davam etdirmək” çağırışı, əslində, Bakının Vaşinqtonla münasibətləri gələcək onilliklər üçün strateji baxışla formalaşdırmaq niyyətindən xəbər verir. Bu mesajın ardınca yanvarın 30-da ABŞ-da baş verən helikopter qəzası ilə bağlı Prezident İlham Əliyev Donald Trampa başsağlığı məktubu ünvanladı. Bu humanitar jest, eyni zamanda, iki ölkə arasında yalnız rəsmi əməkdaşlıq deyil, həm də insani bağların möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin 2025-ci il yanvarın 20-də Davosda CGTN telekanalına verdiyi müsahibə münasibətlərin daha geniş panoramını açdı. Prezident açıq şəkildə bildirdi ki, Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan əlaqələri faktiki olaraq dayanmışdı və bu, Azərbaycana qarşı ədalətsiz yanaşma nəticəsində baş vermişdi. İlham Əliyev vurğuladı ki, Tramp dövründə münasibətlər uğurlu idi və “bu dörd il artıq tarixə qovuşacaq”.
Bu fikirlər Prezidentin martın 13-də “Euronews” telekanalına verdiyi müsahibədə də təkrarlandı. Azərbaycanın ABŞ-dakı əvvəlki administrasiya ilə münasibətlərinin pozulmasından duyduğu məyusluq açıq şəkildə ifadə olundu və Trampla əməkdaşlığa yeni ümidlərin yarandığı qeyd edildi. Prezident bildirdi ki, Bayden dönəmi münasibətlərə “ədalətsiz yanaşma” gətirmişdi, amma Trampla tərəfdaşlıq yenidən qurulacaq.
Bu siyasi xəttə cavab olaraq Donald Tramp da öz növbəsində bir neçə mühüm məktubla Azərbaycanla tərəfdaşlığın əhəmiyyətini vurğuladı. Aprelin 10-da göndərdiyi Novruz təbrikində o, Azərbaycanın regionda sülh təşəbbüslərini və ABŞ-la uzunmüddətli əməkdaşlıq ənənələrini yüksək qiymətləndirdi. Trampın “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisidir” fikri isə münasibətlərdə diplomatik balansdan çox, strateji bağlılığı ifadə edirdi.
ABŞ Prezidenti mayın 28-də göndərdiyi məktubda terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və Ermənistanla sülh prosesində Azərbaycanın rolunu bir daha xüsusi qeyd etdi. Tramp bildirdi ki, ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir və bu sülh bölgə üçün yeni firavanlıq dövrü yaradacaq. Bu, Vaşinqtonun Cənubi Qafqazda sabitlik məsələlərinə Bakı ilə ortaq baxış sərgiləməsi anlamına gəlir.
Prezident İlham Əliyev də iyulun 1-də Müstəqillik Günü münasibətilə Donald Trampa göndərdiyi məktubda enerji əməkdaşlığının davamlılığını və yeni sahələr üzrə əməkdaşlıq imkanlarının genişliyini vurğuladı. Məktubda göstərildi ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər sahələrdə böyük potensial mövcuddur. Bu açıqlama bir daha sübut etdi ki, Azərbaycan ABŞ ilə münasibətləri yalnız geosiyasi deyil, həm də texnoloji və iqtisadi bazis üzərində inşa etmək istəyindədir.
İyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin ABŞ-Azərbaycan münasibətlərinə dair səsləndirdiyi fikirlər isə bu istiqamətdə açıq siyasi mesaj oldu. Prezident bildirdi ki, “Tramp administrasiyası ilə bizi birləşdirən bir çox məsələ var” və ABŞ-ın regionda sülh təşəbbüslərinə töhfəsini yüksək qiymətləndirdi. Ən maraqlı məqam isə bu çıxışdan az sonra Trampın həmin fikirlərdən bir hissəni “Truth Social” platformasında paylaşması oldu. Bu, ABŞ liderinin Azərbaycan Prezidentinin fikirlərinə açıq, ictimai və yüksək səviyyəli dəstəyi idi.
İyulun 22-də Prezident İlham Əliyev “X” platformasında Trampa təşəkkür edərək onun “bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviqi ilə bağlı baxışlarını dəstəklədiyini” vurğuladı. Eyni zamanda, ortaq ailə dəyərlərinə və sülh gündəliyinə istinad etməsi bu siyasi əlaqənin yalnız rəsmi deyil, dəyər əsaslı tərəfdaşlıq olduğunu da göstərdi.
Bütün bu faktlar sübut edir ki, Trampın ikinci prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yeni, daha dərin və praktik fazaya daxil olub. Bu münasibətlərin mərkəzində qarşılıqlı etimad, konkret maraqlar və regional təhlükəsizlik dayanır. Əgər tərəflər bu xətti qoruyub saxlayarsa, qarşıdakı illərdə ABŞ-Azərbaycan əməkdaşlığı Cənubi Qafqazda sülhün və inkişafın əsas dayaqlarından birinə çevriləcək.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ