Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Fəqan Fərəcov, İlkin Hüseynov və Fariz İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Musavat.com xəbər verir ki, dövlət ittihamçısı məhkəmədə çıxış edərək, təqsirləndirilən şəxslər barəsində toplanmış sübutları nəzərə alaraq Fəqan Fərəcova 10 il, İlkin Hüseynova 10 il müddətinə, Fariz İsmayılova isə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini tələb edib.
Müdafiə tərəfinin çıxışında Fəqan Fərəcovun vəkili onun atasını öldürmək niyyətinin olmadığını, sadəcə cəzalandırmaq və dərs vermək istədiyini bildirib. Vəkil həmçinin, Fəqana qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olduğunu vurğulayaraq bəraət istəyib.
İlkin Hüseynovun vəkili çıxışında təqsirləndirilən şəxsin vərəm xəstəliyindən əziyyət çəkdiyini, əsas ittihamın isə 5000 manat məbləğində vəsaiti mənimsəməkdən ibarət olduğunu qeyd edib. O, Hüseynovun həmçinin zorakılığa məruz qaldığını, barəsində irəli sürülmüş ittihamların qanunsuz və əsassız olduğunu bildirib və məhkəmədən ədalətli qərar verilməsini xahiş edib.
Fariz İsmayılovun müdafiə tərəfi isə onun adam öldürmə cinayətindən könüllü şəkildə imtina etdiyini nəzərə alaraq bu maddə üzrə ona qarşı irəli sürülmüş ittihama xitam verilməsini istəyib.
Məhkəmə təqsirləndirilən şəxslərə son söz hüququ verib. Fəqan Fərəcov son sözündə ailə vəziyyətinə toxunaraq, 2 azyaşlı övladının olduğunu bildirib və cəzanın bu hal nəzərə alınmaqla müəyyən edilməsini istəyib.
İlkin Hüseynov yalnız mənimsəmə əməlinə görə özünü təqsirli bildiyini, digər ittihamları isə əsassız hesab etdiyini deyib. Fariz İsmayılov isə çıxışında “haqlı olaraq haqsız vəziyyətə düşdüm” ifadəsini işlədərək, cinayət işinə obyektiv və düzgün hüquqi qiymət verilməsini xahiş edib. O, barəsində irəli sürülmüş narkotik vasitələrlə bağlı ittihama da xitam verilməsini istəyib.
Müşavirədən sonra elan olunan hökmə əsasən, Fəqan Fərəcov, İlkin Hüseynov və Fariz İsmayılovun hər biri 8 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Qeyd edək ki, bu ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş etməsi, Hüseynovun isə bu sifarişi icra etmək üçün Fariz İsmayılovla qabaqcadan əlbir olaraq İmişliyə getməsi, lakin iradələrindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmələri müəyyən edilib.
Baş Prokurorluğun İstintaq İdarəsində aparılmış istintaq zamanı toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri ilə, İlkin Hüseynov və Fariz İsmayılov isə 28, 120.2.1, 28, 120.2.5 və digər maddələrlə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər.
İnarə Hünbət,
Musavat.com
08 Avqust 2025
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ