İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oğlumu qəsdən öldürüb – ölüm cəzası verilsin!”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə Elşən Rzayevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs ifadədə verib.

Deyib ki, mərhum Bəyiş Quliyev onun yaxın dostu və qonşusu olub. Elşən Rzayev hadisənin qarşı tərəfin söyüş söyməsi, onun qapısını döyüb həyətə çağırmasından sonra baş verdiyini bildirib. Qeyd edib ki, həmin an mübahisə yaranıb və o, dostuna 2 bıçaq zərbəsi endirib.

Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, mübahisə avtomobil məsələsi zəminində yaranıb. Onun sözlərinə əsasən, 29 dekabr tarixində zərərçəkmiş şəxslə birlikdə Babək prospektinə getməli olublar. Həmin vaxt o, sərxoş vəziyyətdə olduğu üçün avtomobilini dostuna verib. Lakin sonradan polis tərəfindən saxlanılıb, cərimə yazılıb və bir müddət onunla əlaqə saxlaya bilməyib.

Səhəri gün isə övladına tapşırıb ki, zərərçəkmiş Bəyiş Quliyevin evinə gedərək harada olduğunu öyrənsin. Övladına isə bildiriblər ki, o, axşamdan bəri evə qayıtmayıb.

Müdafiə tərəfinin “xəsarət yetirildikdən sonra zərərçəkmişə yardım göstərib-göstərmədiyi” barədə sualına cavab olaraq Elşən Rzayev qeyd edib ki, hadisədən dərhal sonra dostuna zəng edərək onu xəstəxanaya aparmalarını xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi – mərhumun anası da məhkəmədə ifadə verib. Bildirib ki, təqsirləndirilənəni şəxsən tanımır. Hadisə baş verən gün oğlu mağazaya çörək almaq üçün çıxıb. Ananın sözlərinə görə, hadisə zamanı Elşənin yanında başqa şəxslər də olub, lakin onlar təcili tibbi yardım çağırmayıb. Ailəsi özü 103 xidmətinə zəng edərək yardım istəyib və həyətdə olan qonşuların da köməyi ilə oğluna ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq oğlu dünyasını dəyişib.

Mərhumun anası bildirib ki, təqsirləndirilən şəxslə oğlu arasında borc məsələsi olub. Sözlərindən belə aydın olub ki, mübahisə də məhz borc məsələsinə görə yaranıb. Deyib ki, bu səbəblə adam öldürmək heç cür əsaslandırıla bilməz və şikayətçi olduğunu vurğulayıb. Təqsirləndirilən şəxsə ölüm cəzası verilməsini istəyib.

Növbəti prosesdə şahidlər ifadə verəcək. Məhkəmə iclası sentyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində baş verib. Hadisə nəticəsində paytaxt sakini Bəyiş Quliyev aldığı kəsici-deşici alətlə yetirilmiş xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İnarə Hünbət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR