İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqin aqibəti Suriyada həll olunur - Dəməşq Ankaradan hərbi yardım istəyib

Suriyada vəziyyət gərgin olaraq qalır. ABŞ, İsrail və Suriya rəsmiləri iyulun 24-də Suriyanın cənubunda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşəcəklər. Görüşdə diqqət gələcək böhranların qarşısını almaq üçün ölkələr arasında koordinasiyanın gücləndirilməsinə yönəldiləcək.

Bəşşar Əsəd rejiminin süqutundan sonra hakimiyyətə gələn Əhməd əş-Şaraa və onun tərəfdarları ölkədə vəziyyətə hələ də tam nəzarət edə bilmirlər.

İsrailin dəstəklədiyi druz silahlıları, o biri tərəfdə isə PKK qruplaşmasının Suriyadakı YPG/PYD qollarının yaratdığı “Suriya Demokratik Qüvvələri” ölkənin bütövlüyü və suverenliyini təhdid edən əsas qruplar sayılır.

Onların fəaliyyəti gərginliyi artırır. Bu, perspektivdə Suriyada vətəndaş müharibəsinin yenidən başlamasına səbəb ola bilər.

Son günlərdə Suriyada druzlarla hökumət qüvvələri arasındakı atəşkəsə ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ-nin vasitəçiliyi və yardımı ilə nail olunub. Ancaq bunun da müvəqqəti, kövrək olduğu istisna deyil.

İTİS.jpg (67 KB)

Bu günlərdə ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bu ölkədəki vəziyyətə dair müsahibə verib.

Barak bildirib ki, Prezident Əhməd əş-Şaraa uğur qazanmasa, Suriyada vəziyyət Liviyadan, Əfqanıstandan da pis ola bilər. ABŞ rəsmisi ona ordunu yenidən qurmağı və islamçıların təsirini məhdudlaşdırmağı məsləhət gördüyünü bildirib. Bundan başqa səfir Suriya liderinə region ölkələrindən təhlükəsizlik sahəsində yardım tələbini yenidən nəzərdən keçirməyi məsləhət görüb. O bildirib ki, ölkədə sürətli dəyişikliklər olmadan şəriət onu əvvəlcə hakimiyyətə gətirən impulsunu da itirər.

Onun sözlərinə görə, şəriət uğursuz olarsa Suriya Liviyadan "daha pis" ola bilər. Suriyanın Liviya və Əfqanıstanın dəhşətli ssenarilərini təkrarlaya biləcəyi sualına Barak belə cavab verib: “Bəli, hətta daha pis”.

O, Suriya hökumətinin təcili olaraq daha kompleks yanaşma qəbul etməsinin vacibliyini də vurğulayıb. Bununla belə səfir hazırkı Suriya hökumətinin yaranmış müxtəlif problemləri həll etmək üçün çox məhdud resurslara malik olsa da, əlindən gələni etdiyini də vurğulayıb.

ABŞ nümayəndəsi Suriya hökumətini siyasətini yenidən nəzərdən keçirməyə çağıraraq, deyib ki, əks halda parçalanma riski yaranacaq.

Tomas Barak Əhməd əş-Şaraanı məzhəblərarası qanlı toqquşmadan sonra öz siyasətini yenidən nəzərdən keçirməyə və daha inklüziv yanaşma qəbul etməyə çağırıb: “Əks halda o, beynəlxalq dəstəyi itirmək və ölkəni parçalamaq riski ilə üzləşə bilər”.

Odur ki, ABŞ-nin Suriyaya təkliflərin aşağıdakı kimi sıralamaq olar:

- ölkənin mövcud Silahlı Qüvvələri keçmiş silahlı qruplaşmalardan və Bəşşar Əsəddən qalıb. Hakimiyyəti dəstəkləyən ordunun keçmiş “islam dövləti” döyüşçüləri olduğunu nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, onlar mövcud hökumətin hərbi forması altında maskalanaraq, sosial mediada videoları asanlıqla saxtalaşdırıla bilər. Bu kimi səbəblərdən Dəməşqdən yeni ordu quruculuğunu nəzərdən keçirməsi istənilir;

- Əhməd əş-Şaraa islam ideologiyasına əsaslanan qruplar tərəfindən dəstəklənir. Onların bir sıra hallarda radikal addımlar atdığı da istisna edilmir. Bu səbəbdən ona islamçı ideoloji təlimin təsirini azaltmaq məsləhət görülür;

- ABŞ regional təhlükəsizlik sahəsində yardım üçün müraciət etməyi təklif edir;

- İsrailin Suriyada yeni lideri hakimiyyətə gətirmək ehtimalından narahatlığı aradan qaldırmaq üçün dialoqun zəruriliyi meydana çıxıb. ABŞ istənilən problemlərin həllinə kömək etmək üçün vicdanlı vasitəçi olacağını təklif edir;

- ABŞ-nin Suriyada hakimiyyətlə bağlı “B” variantının olmadığını da bildirir. Bu isə o deməkdir ki, rəsmi Vaşinqton Əhməd əş-Şaraanı hələ dəstəkləyəcəyinə təminat verir;

- Ştatlar Suriyaya sabitlik, birlik, ədalət və inklüzivlikdən başqa siyasi formatı gələcək quruluşunu diktə etmədiyinə dair təminat da verir.

TEMİ.jpg (1.22 MB)

Əfqanıstanda “Taliban” hökuməti nə birinci, nə də hakimiyyətə ikinci dəfə gələndə ABŞ və Qərb bloku, habelə müsəlman dövlətlər tərəfindən tanınmayıb. İkinci dəfə onunla bir çox dövlətlər əlaqələr qursa da bu hökumət “de-yure” tanınmır. ABŞ hərbçiləri Suriyanı tərk edərsə, o, Əfqanıstana çevrilə bilər. Suriyadakı qanunsuz silahlı qruplaşmalar ərazi bütövlüyün pozmağa, onu parçalamağa hər an hazır görünür. Elə SDQ-nin tərksilah olunmaması, druzların iddialı bəyanatları da bunu təsdiqləyir. Əfqanıstanda belə güc ya zəif olduğundan dövlətin ərazisinin təhlükə ilə üzləşməsi ehtimalı az idi.

Ancaq Suriyanı federallaşması tələbi ilə fəaliyyət göstərən qüvvələr hələ ki, passiv görünürlər.

Misirdə Məhəmməd Mursinin başçılığı altında “Müsəlman qardaşları” hərəkatı hakimiyyətə gəlsə də, belə mülahizə etmək olar ki, fəaliyyəti dövründə islam ideologiyası əsasında ölkəni idarə etmək istəyi sponsorların maraqlarına uyğun sayılmadı. Ona Qərb bloku kredit belə verməkdən imtina etdi. Bu hakimiyyətə cəmiyyətdə müəyyən etimadsızlıq mühiti yarada bildi. Nəticədə general Sisinin başçılığı altında hərbi devriliş yeni hakimiyyətin formalaşması ilə sonuclandı.

Əhməd əş-Şaraa və onun təmsil etdiyi qüvvə də ABŞ, Avropa İttifaqı, ərəb ölkələri, Türkiyə tərəfindən dəstəklənib. Ancaq belə ehtimal olunur ki, rəsmi Dəməşq Məhəmməd Mursinin Qərbdə qəbul edilməyən yanlışlıqlarını təkrarlayır. Ona görə də ABŞ, ondan yeni ordu quruculuğunu sürətləndirməyə və islam xəttini zəiflətməyə çağırır.

Həmin illərdə Mursi hakimiyyəti xristian koptların (qiptilər) hüquqlarının pozulması il təzyiq edilirdi. Bu Ərəb Respublikasında orduya ABŞ-nin təsir imkanları olduğundan çevriliş edilməsi daha tez baş tutdu. General Sisi ölkəyə nəzarəti əla ala, Məhəmməd Mursi başda olmaqla “Müsəlman qardaşları” hərəkatını qısa zamanda təsirsizləşdirə bildi. Bundan başqa Misirin ərazi bütövlüyü təhlükəsi demək olar ki, yox dərəcəsində idi.

Liviyada da Müəmmar Qəddafi devrildikdən sonra ölkədə ikihakimiyyətlilik yaranıb. Liviyada Milli Razılaşma Hökuməti beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Onlar Xəlifə Həftərin qüvvələrinə qarşı mübarizə aparır. Bu tərəfdə Rusiyanın “Vaqner” muzdlu hərbçiləri də döyüşürdü.

Milli Razılaşma Hökuməti 2011-ci ildə Türkiyəyə qanuni hakimiyyəti müdafiə etmək üçün müraciət etmişdi. Ankara ilə Tripoli arasında əldə edilən sazişlər Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qətnamə ilə həyata keçirildi. Nəticədə Türkiyə Liviyadakı qanuni hökumətin dəvəti ilə hərbi qüvvələrini göndərdi. Bu məsələdə rəsmi Ankaranın əsas hədəfi milli maraqlarını qorumaq və kütləvi miqrasiya kimi risklərə qarşı tədbir görməkdən ibarət olub.

Türkiyənin Liviyaya hərbi müdaxiləsi, həm hərbi həm də siyasi nəticələr doğurdu. Türkiyə, MRH-nin nəzarətindəki Vatiyyə hava bazasını ələ keçirməsinə dəstək oldu. Həmçinin, Şərqi Aralıq dənizində dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılması mövzusunda Liviya ilə sazişlər imzaladı. Ölkə daxilində və xaricində Türkiyənin Liviyadakı hərbi varlığını tənqid edənlər də oldu.

Ancaq sonrakı hadisələr sübut etdi ki, bu hərbi əməliyyatı, bölgədəki güc tarazlıqlarını dəyişdirməyə davam edir. Bu həm də Liviya ilə Türkiyə arasında energetika sahəsində əməkdaşlığa da təkan verib.

Liviya dağılmaqdan xilas olub, müəyyən sabitlik yaranıb. Yeni seçkilərin və başqa siyasi kampaniyaların keçirilməsi üçün əlverişli şərait yaranır və s.

Liviyadakı vəziyyət də Suriyadakından müsbət istiqamətdə fərqlidir. Orada xaos yaratmağa, pozuculuq fəaliyyəti ilə məşğul olmağa çalışan qruplar da var. Onlar bu yolla Suriyanı zəif salmağa, mərkəzi hakimiyyəti devirməyə, nəticədə Suriyanın parçalanmasına zəmin hazırlamağa səy edirlər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan belə qüvvələrə xəbərdarlıq edərək deyib ki, ölkəsinin təhlükəsizliyinə təhdid olarsa, Türkiyə müdaxilə edəcək: “Xaosdan muxtariyyət, müstəqillik çıxarmağa çalışan və bunun üçün də hər şeyi yandırıb yıxmağa hazır olan bir perspektivdə olmayın”.

HAKAN .png (1.06 MB)

Hakan Fidan diplomatiya yolu ilə danışılacaq çox şey olduğunu da vurğulayıb: “Zorakılıqdan istifadə edərək bölgədə sabitliyi pozsanız, biz bunu öz milli təhlükəsizliyimizə birbaşa təhdid olaraq qəbul edib müdaxilə edərik”.

Türkiyənin Suriyaya mümkün müdafiə dəstəyi ilə bağlı Tom Barrak deyib ki, ABŞ-ın Suriya ilə Türkiyə arasında müdafiə sazişinin bağlanması imkanı ilə bağlı heç bir mövqeyi yoxdur: “ABŞ qonşu ölkələrə nə etməli olduqlarını göstərməkdə maraqlı deyil”.

Bu, Türkiyənin perspektivdə Suriyada təhlükəsizliyini qorumaq üçün əsas da sayıla bilər. Rəsmi Dəməşq ölkənin daxili təhlükəsizliyi təmin etmək üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyib.

Rəsmi Ankara məsələyə hələ münasibət bildirməyib. Ancaq Əhməd əş-Şaraa hakimiyyəti beynəlxalq güclər tərəfindən tanındığından onu legitim sayırlar.

Ancaq Suriya ilə bağlı problemlərin həllində diplomatik imkanlar tükənməyib. ABŞ, Suriya və İsrail nümayəndələrinin nəzərdə tutulan görüşü buna örnək ola bilər. Ancaq bu görüşün Azərbaycan paytaxtı Bakıda da yenidən keçirilməsi mümkündür. Bundan əvvəl İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Xaneqbi ilə Suriya xarici işlər naziri Əsaad əş-Şibani arasında Bakıda danışıqlar olub. Tərəflərin yenidən Suriyadakı etniklərin, druz və ələvilərin statusu, İsrailin regionda roluna dair yenidən müzakirələrin aparılacağı istisna edilmir.

Nəşr həmçinin bildirir ki, İsrail nümayəndə heyəti Əs-Süveydə ətrafında mübahisəni tam həll etmək üçün Azərbaycanda danışıqlara yollanacaq.

Beləliklə, Suriyanın Əfqanıstandan, Misirdən və Liviyanın vaxtı ilə düşdüyü, bir sıra hallarda hələ çıxa bilmədiyi vəziyyətə düşməməsi, xaos və dövlətin parçalanmasını önləmək üçün güc tətbiqi diplomatiya qədər vacibdir. Bu, Suriyanın bütövlüyü, region dövlətlərinin təhlükəsizliyi və yeni Suriyanın, yeni Yaxın Şərqin gələcəyi üçün əhəmiyyətli sayılır. Başqa sözlə regionun taleyi indi də Suriyada həll olunur...

Sədrəddin İsmayılov
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR