Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, iyulun 10-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanalları rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti dəfə Ağdama yollanıb.
Musavat.com-un xəbərinə görə, budəfəki səfərin özəlliyi ondan ibarət olub ki, iştirakçılar Bakıdan Ağdama ilk dəfə olaraq sürət qatarı ilə yola düşüblər.
Beləliklə, nümayəndə heyəti Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə məhz bu müasir nəqliyyat vasitəsi ilə çatıb.
Səfər heyətinə məlumat verilərək bildirilib ki, Prezident İlham Əliyev mayın 10-da bu kompleksin açılışında iştirak edib. Bu mühüm nəqliyyat infrastrukturu layihəsi işğaldan azad olunmuş ərazilərin bərpası və bu bölgələrin inteqrasiyası baxımından xüsusi strateji əhəmiyyət daşıyır.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov qeyd edib ki, yeni kompleks gündəlik 800-1000 sərnişinin daşınmasını təmin etmək gücündədir.
Bu isə nəinki Ağdam sakinlərinin rahat və təhlükəsiz hərəkət imkanlarını artırır, həm də bölgənin sosial-iqtisadi həyatına təkan verir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi uzun illər boyu düşmən işğalı səbəbindən tamamilə məhv olmuş nəqliyyat infrastrukturunun dirçəldilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Yeni kompleksin fəaliyyətə başlaması ilə Ağdam şəhəri yenidən Azərbaycanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilməkdədir. Burada yaradılan müasir nəqliyyat sistemi bölgənin digər şəhər və rayonlarla əlaqəsini gücləndirməklə yanaşı, Ağdama qayıdan keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında da əhəmiyyətli rol oynayacaq. İndi Ağdam sakinləri təkcə öz rayonlarında deyil, həm də respublikanın digər bölgələrinə sürətli, rahat və təhlükəsiz şəkildə səfər edə biləcəklər.
Əlavə olaraq, kompleksin istifadəyə verilməsi bölgənin iqtisadiyyatına yeni nəfəs gətirəcək. Nəqliyyat əlçatanlığı investorların və sahibkarların bu əraziyə marağını artıracaq, yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Logistika və daşımalar sahəsində yaradılan imkanlar isə Ağdamı yaxın gələcəkdə Cənubi Qafqazın önəmli tranzit və yükdaşıma mərkəzlərindən birinə çevirə bilər.
Qeyd edək ki, bu kompleks yalnız fiziki infrastrukturu deyil, həm də simvolik məna daşıyır - dağıdılmış şəhərin yenidən dirçəldiyi, həyatın geri döndüyü, işğalın yerini inkişafın, məhrumiyyətlərin yerini isə ümidin və gələcəyin aldığı bir yerdə yüksəlmiş mühüm layihədir.
Beləliklə, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi təkcə infrastruktur layihəsi deyil, həm də Böyük Qayıdışın, milli dirçəlişin və ölkənin gələcəyə inamla addımlamasının parlaq simvoludur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov isə bildirib ki, Ağdam Azərbaycanın ən böyük dördüncü şəhəri olacaq:
"Əlaqələndirmə komissiyası əlaqəli şəkildə birgə iş aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında yenidən qurulacaq Ağdam şəhəri ölkənin ən böyük dördüncü şəhəri olacaq".
Xalidə Gəray
Fotolar, video müəllifindir
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ