Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın Il Qareginin timsalında erməni kilsəsinə açdığı dava həlledici fazaya daxil olub. Paşinyan katolikosu yenə sərt tənqid edərək, onu istefaya çağırıb.
Məlumatlara görə, Paşinyan II Qareginə son ultimatumu verib və tələbinə əməl edilməzsə, onun həbsi də istisna deyil. Belə görünür, Ermənistan rəhbəri artıq onunla haqq-hesab çürütməyin zamanının çatdığını düşünür. Odur ki, o, kilsəyə qarşı heç vaxt olmadığı qədər sərt, israrlı və prinsipial görünür.
Yada salaq ki, keşiş Baqrat Qalstanyanın hakimiyyət əleyhinə yürüşləri kilsənin elə geniş sosial bazasının olmadığını üzə çıxarmışdı.
Sirr deyil ki, Rusiyanın arxasında durduğu Köçəryan-Sərkisyan cütlüyü ilə erməni katolikosluğunu həm hakimiyyətə, həm də uydurma “artsax” məsələsinə və konstitusiya dəyişikliyi məsələsinə münasibətdə eyni revanşist strategiya birləşdirir. Türkə nifrətdən yoğrulmuş bu narrativ ondan ibarətdir ki, Qarabağ Azərbaycanın tərkibində ola bilməz, “artsax” məsələsi bitməyib və konstitusiyada Azərbaycan və Türkiyəyə ərazi iddiası ilə bağlı müddəa çıxarıla bilməz. Bu mənada iki qonşu xalqın barışığına qarşı olan kilsənin ənənəvi ictimai-ideoloji dayaqlarının sarsıdılması, sözsüz ki, rəsmi Bakının, Azərbaycan xalqının da köklü maraqlarına cavab verir.
Paşinyan növbəti və ya erkən parlament seçkiləri ərəfəsi kilsəyə münasibətdə öz hədəfinə çatacaqmı və o halda Bakı ilə sülh anlaşması nə dərəcədə yaxınlaşa bilər?
Bu arada radikal-revanşist deputat Qarnik Danielyan deyib ki, o, vətəndaş müharibəsi təhlükəsini görür: “Əminəm ki, Paşinyan bu yolla gedir, onun müvafiq yol xəritəsi var”.
Ermənistan katolikosa görə qarışa bilərmi?
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan və Il Qareginin timsalında hakimiyyətlə erməni kilsəsi arasında olan gərgin münasibətlər uzun illərdir davam edir: “Hələ Paşinyanın hakimiyyət uğrunda mübarizəyə başladığı vaxtlardan Sərkisyan hakimiyyətini müdafiə edən kilsə rəhbərləri onun hakimiyyətə gəlişi ilə bir müddət sakit dayansalar da, İkinci Qarabağ savaşından sonra Paşinyan əleyhinə açıq mübarizəyə start verdilər. Səbəb təbii ki, Rusiyadan və eləcə də ayrı-ayrı ölkələrdə diaspor təşkilatlarından gələn sifarişlə bağlıdır. Rusiyanın "5-ci kolon"u qismində çıxış edən müxaliflərin geniş kütlələr tərəfindən dəstəklənməməsi Rusiyanı kilsəni proseslərə qatmağa məcbur etdiyi kimi, müharibədəki məğlubiyyəti həzm edə bilməyən bir sıra ölkələrdəki diaspor təşkilatları da kilsə vasitəsilə Paşinyana qarşı hücuma keçiblər. Paşinyanın sülhlə bağlı bəyanatlarını Ermənistanın milli maraqlarının satılması kimi təqdim edən siyasi müxalifət də kilsə ilə birləşərək hər fürsətdə Paşinyan hakimiyyətinin mövqelərini zəiflətmək, ictimai dəstəyini azaltmaq üçün müxtəlif addımlara əl atır. O vaxt Baqrat Qalstanyan da məhz Il Qareginin xeyir-duası ilə proseslərə qoşulduğu hər kəs tərəfindən qəbul olunan həqiqətdir".
Politoloq qeyd etdi ki, kilsənin bütün çabalarına baxmayaraq Paşinyan hakimiyyəti əleyhinə geniş kütləni səfərbər etmək mümkün olmadı. Amma erməni ictimai şüurunda kilsə xüsusi yer tutur ki, Paşinyan da bunu kifayət qədər yaxşı bilir: “Qarşıdan vacib seçki gəldiyindən kilsə ilə haqq-hesabı çürütmək Paşinyan üçün olduqca vacibdir. Əgər kilsəni proseslərdə neytrallaşdırmaq mümkün olsa, o zaman müxalifət üzərində qələbə də daha rahat şəkildə təmin oluna bilər. Odur ki, Paşinyanın Il Qareginə qarşı mövqeyinə qarşıdakı seçkilərdə özünün əsas müxalifətini neytrallaşdırmaq və eləcə də ondan sonrakı dövrdə atılacaq addımlara (buraya sülh gündəliyi də aiddir) yol açmaq cəhdi kimi baxmaq lazımdır. Paşinyanın bu mövqeyi təbii ki, həm daxili siyasi auditoriyaya, həm də kilsənin xarici havadarlarına ünvanlanmış mesaj xarakteri daşıyır. Kilsənin neytrallaşdırılması istiqamətində fəaliyyətin nə qədər uğurlu olacağını zaman göstərəcək. Amma bu prosesdə etirazçıların həbsi də daxil olmaqla, bütün mümkün vasitələrdən istifadə ediləcəyi şübhəsizdir. Bu təbii ki, Ermənistan daxilində müəyyən qarşıdurmaya da yol aça bilər”.
Y.Bağırzadənin fikrincə, əgər Paşinyan kilsəni neytrallaşdırmağa və qarşıdakı seçkilərdə qalib gəlməyə müvəffəq olacaqsa, o zaman Rusiyadan gələn təzyiqlərə davam gətirə biləcək: “Bunun tək yolu isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından, Ermənistanın regional layihələrdə iştirak imkanı əldə etməsindən keçir. Bunun üçün də sülh sazişi Ermənistanın yeganə çıxış yoludur”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, II Qareginin övladının olduğunu ya Ermənistanın kəşfiyyat strukturları Paşinyana veriblər, ya da bunun arxasında xarici ölkə kəşfiyyat stukturlarından biri dayanır: “Söhbət o ölkələrin kəşfiyyat strukturlarından gedir ki, Nikol Paşinyanın hakimiyyətini itirməsini və Ermənistanda Rusiyaya bağlı güclərin hakimiyyətə gəlməsini istəmirlər. Nikol Paşinyan II Qareginlə yanaşı, keçmiş prezident Robert Köçəryanın üzərinə də getməyə başlayaraq, onun korrupsiya əməllərini faş edə biləcəyi xəbərdarlığını edib. Paşinyan bu məlumatlar əsasında parlament seçkisi öncəsində rəqiblərini əzib keçməyə çalışacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ