İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstandakı erməni səfirin qabaqdan gəlmişliyi və... Trampın Əliyev haqda paylaşımı

Ermənistan rəhbərliyinin Türkiyə ilə münasibətləri Azərbaycan barışıqdan ayrı kontekstdə təqdim etməyə çalışması təzə məsələ deyil. Rəsmi İrəvan bununla Bakının sülh üçün iki məlum şərtini reallaşdırmadan Ankara ilə əlaqələri normallaşdırmağı və blokadadan çıxmağı xəyal edir.

“Hesab edirik ki, Ermənistan-Türkiyə münasibətləri normallaşdırılmalı və sərhədlər tez bir zamanda açılmalıdır. Hazırda Türkiyə tərəfdən aramızda münasibətlərin normallaşması istiqamətində müsbət tendensiya var”.

Bu sözləri Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan yerli İctimai Radio və Televiziyasına (ERT) müsahibəsində deyib (Axar.az).

Səfirə görə, Ankara-İrəvan əlaqələrinin normallaşması qaçılmazdır: “Söhbət bu münasibətlərin “əgər” yox, “nə vaxt” normallaşacağından gedir. Düşünürəm ki, bu, həm də Azərbaycanı Ermənistanla münasibətləri normallaşdırmağa sövq edəcək”...

Bu açıqlamanın məhz Yunanıstandakı erməni səfirdən gəlməsi diqqət çəkir. Nədən ki, rəsmi Afinanın Türkiyəyə münasibəti ənənəvi olaraq, qeyri-dost xarakterlidir, gərgindir. Səbəb isə həm də Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlıdır.

Sirr deyil ki, Yunanıstan Türkiyə kimi NATO üzvü olmasına rəğmən, daima qardaş məmləkətin “ayağının altını” qazmağa çalışıb. Avropa İttifaqında, onun əsas qurumu olan Avropa Parlamentində vaxtaşırı istər Ankaranın, istərsə də Bakıya qarşı İrəvanın xeyrinə canfəşanlıq edənlər də ən çox Yunanıstanı və yunan Kiprini təmsil edən deputatlardır.

Bu da təsadüfi deyil ki, Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən radikal, ən qərəzli mövqe tutanlar yenə məhz Eduard Şarmazanov kimi yunan əsilli siyasilərdir. Həmçinin ABŞ-da yunan lobbisi bir qayda olaraq erməni diasporu ilə birgə hərəkət edir. Hərgah Yunanıstan Azərbaycan qazının alıcıları sırasındadır.

Yəni Ermənistanın Türkiyə münasibətləri qaydaya salması məntiqlə Afinanı qane edə bilməz. O halda ermənilər üçün Yunanıstanın və yunanların dəyəri azalar. Hərçənd onların rəsmi şəxsləri sözdə sülhpərvərlikdən danışır, qonşular arasında barışığın vacibliyini bəyan edirlər...

Ancaq Mkrtçyan tələsib. Lap dəqiqi, arzusunu gerçək kimi təqdim eləməyə çalışıb və nəticədə “atı arabanın arxasına” bağlayıb. Təmsil elədiyi Paşinyan hökuməti kimi. Çünki səfirə də yəqin olmamış deyil ki, Ankara-İrəvan münasibətlərindən öncə Bakı-İrəvan əlaqələri qaydaya salınmalıdır. Əksi mümkünsüz. Əksi olmayacaq. Buna baş nazir Nikol Paşinyan son İstanbul səfəri zamanı bir daha əminlik hasil edib.

Ayrı sözlə, İrəvanın hiyləsi keçməz. Əvvəlcə o, Azərbaycanla barışığa nail olmalıdır. Yalnız bundan sonra Türkiyə ilə normallaşmanın önü açıla bilər. Şərtlər bəlli. Bu barədə Prezidenti İlham Əliyev ötən həftəsonu Xankəndidə III Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı bir daha xatırlatma edib...

Yeri gəlmişkən, ABŞ lideri Donald Tramp İlham Əliyevin çıxışından paylaşım edib. “Truth Social” şəbəkə hesabındakı paylaşımında dövlət başçımızın bu fikirləri əksini tapıb: “Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ABŞ Prezidenti Donald Trampa çox minnətdarıq. Onun (Trampın - red.) beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də özünün diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir çox səbəbdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”na gəldikdə, onu dibinə qədər qurutsun” (İlham Əliyev paylaşıma görə artıq Trampa təşəkkür edib).

Bu, Ağ Ev başçısı tərəfindən Azərbaycana və onun rəhbərinə münasibətdə yetərincə mühüm siyasi reverans sayılmalıdır. Eyni zamanda, İrəvana daha bir siqnaldır ki, Amerika bölgədə Bakının mövqeyinə üstünlük verir. Qalır Trampın ismarışının İrəvanda düzgün oxunması. Həm də vaxtında...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR