Onlayn ictimai-siyasi qəzet
İlkin kapital yığımını klassik formasını yaşayan ölkələrin hamısında böyük tarixi keçmişi olan zəngin ailələr olur. Həmin ailələrin tarixi bəzən 2-3 əsrlik müddətlə ölçülür. Türkiyədə belə zəngin ailələrdən biri Sabançı ailəsidir. Türkiyə səfirliyi media müşavirliyinin təşəbbüsü, “SERANİT” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Seranit ilə İlham Verən Bir Kəşf” proqramı çərçivəsində İstanbulda Sakıp Sabançı Muzeyində olarkən bu ailənin tarixi barədə ətraflı məlumat əldə edə bildik.
Qeyd edək ki, Sabançı ailəsinin biznesinin əsasını Hacı Ömər Sabançı qoyub. 1906-cı ildə Kayserinin Talas rayonunda anadan olan Hacı Ömər Sabancı biznes karyerasına Adanada başlayıb. Pambıq və marqarin ticarəti ilə başlayan biznesi sonda Türkiyənin ən böyük şirkətlərindən biri olan Sabancı Holdinqin təməlinə çevrilib. Hacı Ömər Sabancının oğulları, xüsusilə Sakıp Sabancı, Hacı Sabancı, Şevket Sabancı, Erol Sabancı və Özdemir Sabancı holdinqin böyüməsində mühüm rol oynayıblar.
Ötən əsrin 70-ci illərindən Sabançı biznesinə Sakıp Sabançı rəhbərlik etməyə başlayıb. Onun dövründə holdinqin fəaliyyət sahəsi genişlənib, gəlirləri yüksəlib. Sakıp Sabançı müxtəlif ölkələrə səfərlərində Türkiyə tarixinə aid sənədləri, maddi-mədəniyyət nümunələrini alaraq ölkəyə qaytarıb. Bundan əlavə, o, Yaponiya İmperator ailəsi ilə yaxın münasibətlər qurmaqla yapon çini sənətkarlığının nadir incilərini alıb. Hazırda onların hamısı Sabançı Universitetinin nəzdində fəaliyyət göstərən muzeydə nümayiş olunur.
Muzey həyətindəki at heykəlinə görə "Atlı Köşk" kimi də tanınan möhtəşəm bir binada yerləşir. Sultan Əbdülməcidin 19-cu əsrdə Xedive Mehmed Əli Paşaya verdiyi torpaqda yerləşən köşk daha sonra başqa bir Misir şahzadəsi tərəfindən satın alınaraq indiki vəziyyətinə qaytarılıb. Yeni sahibinə görə Şahzadə Mehmed Əli Həsən Köşkü kimi tanınan bina 1951-ci ildə Hacı Ömər Sabancı tərəfindən satın alınıb. 1966-cı ildə Hacı Ömər vəfat etdikdən sonra oğlu Sakıp Sabancı 1998-ci ilə qədər Türkiyənin ən görkəmli sənayeçilərindən birinin evi olaraq qalan malikanəyə köçüb.
Sabancı ailəsinin iqamətgahı olduğu dövrdə malikanənin birinci mərtəbəsindəki üç otaq 18-19-cu əsrlərin göz qamaşdıran üslubunda təmir olunub. Muzey 2002-ci ildə ictimaiyyətə açılıb.
Atlı Köşkün daxili memarlığı Osmanlı İmperiyasında Qərbləşmə dövrünün təsirlərini əks etdirən eklektik bir üslub nümayiş etdirir. Divarları məşhur rəssamların rəsmləri bəzəyir. Qonaq otağından birində Ömer Sabancı və həyat yoldaşının Bedri Koraman tərəfindən çəkilmiş portretləri, 19-cu əsr Hereke xalçası və Bohem kristal çilçırağı var. Qonaq otağı və pilləkən qəfəsi Fausto Zonaro (1854-1929) tərəfindən dəniz mənzərələri ilə bəzədilib. İkinci qonaq otağı son xəlifə Əbdülməcid Əfəndinin gənc qızların iki rəsm əsəri və rus rəssamı İvan Konstantinoviç Aivazovskinin (1817-1900) əsərləri ilə bəzədilib. Dəhlizdə Osmanlı sultanlarının portretləri asılıb. Bu rəsmləri Avropa kral ailələrinin portretlərinə heyran olan Sultan III Səlim sifariş edib. Əslən Konstantin Kapıdağlıya məxsus olan bu əsərlər 1814-cü ildə Londonda Con Yanq tərəfindən köçürülüb.
Muzeydə həmçinin Quran-Kərimlər, imzalar və fərmanlar da daxil olmaqla 500 illik türk xəttatlığının möhtəşəm kolleksiyası var. Bu kolleksiyadakı bəzi əsərlər 15-ci əsrə aiddir. Xüsusilə, Sultan II Bəyəzidin tərbiyəçisi Amasyalı Şeyh Həmdullahın (1433-1520) və Qanuni Süleymanın himayəsində çalışan Əhməd Karahisarının (1468-1556) əsərləri diqqəti cəlb edir. 17-ci əsrdə Məhəmməd peyğəmbərin fiziki xüsusiyyətlərini təsvir etmək üçün Hafiz Osman tərəfindən hazırlanmış xəttatlıq rəsmlər kolleksiyanın ən diqqət çəkən əsərlərindəndir.
Muzeydə Osmanlı sultanları tərəfindən imzalanan fərmanlar maraq doğurur. Fərmanlar müxtəlif mövzulardadır: kimlərəsə dövlət qarşısında xidmətlərinə görə torpaq, mülk verilməsi, yaxud kiməsə dövlət mükafatlarının təqdim olunması və sair. Bu tarixi sənədlərin əldə olunması yəqin ki, Sabançı ailəsinə ucuz başa gəlməyib.
Muzeydəki rəsm əsərləri kolleksiyasının əksəriyyətini 19-20-ci əsrlərə aid rəsmlər, o cümlədən türk şərqşünas rəssamı Osman Həmdi bəyin əsərləri təşkil edir. Muzeydə əsərləri nümayiş etdirilən digər rəssamlar arasında Şevket Dağ (1875-1944), İzzət Ziya (1880-1934), David Çıracıyan (1839-1907), Süleyman Seyyid (1842-1923), Bedri Rəhmi Eyüboğlu (1911-75) və Fikrət Muâll (1911-75) var.
Muzeydə həmçinin qiymətli mebel və bəzək işləri, məsələn, fransız qobelenləri, ipək üzlüklü salon dəstləri, Napoleon gerbi olan vazalar var.
Muzeyin yerləşdiyi sahədəki bağda Roma və Bizans dövründən günümüzə qədər gəlib çatmış mərmər daşlar və gözəl sənətkarlıqla hazırlanmış fəvvarələr var.
Muzeyin girişindəki at heykəli dördüncü Səlib yürüşü zamanı Hipodromdan oğurlanaraq Venesiyaya aparılmış dörd at dəstəsindən birinin (Quadriga) nüsxəsidir. İşgüzar səfəri zamanı bu heykəli görən və heyran olan Sakıp Sabancı onunla malikanənin bağçasını bəzəməyi tapşırıb.
Muzeyin ən qiymətli əsərlərindən biri də 1635-ci ildə yazılmış və cəmi 3,5 x 2,2 sm ölçüdə olan dəri cildli Qurandır. Nəzərə alsaq ki, yazıları adi gözlə oxumaq mümkün deyil, əsərə, onun rəssamına heyranlıq daha da artır.
İstanbul Avropa yakasının ən gözəl mənzərəli ərazisində yerləşən Muzey içindəki zənginliklə bərabər, Sakıp Sabançının belə bir qiymətli varidatdan imtina etməsi ilə də insanı heyran qoyur. Bir insan dövlətini, tarixini nə qədər sevməlidir ki, milyonlarla dollar məbləğdə ölçülən vəsaitlərini tarixi əşya və sənədlərin alınmasına sərf etsin. Ən əsası isə sonda topladığı çox zəngin kolleksiyanı bütün xalqın, dövlətin üzünə açsın, ondan faktiki olaraq imtina etsin. Dövlətçilik tarixi olan ölkələri yaşadan məhz belə fədakar, dövlət aşiqi vətəndaşlarıdır...
Dünya SAKİT,
Musavat.com
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ