Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ və Rusiya liderlərinin 15 avqustda Alyaskada keçirəcəyi sammit ərəfəsində Ukrayna prezidenti Vladimir Zelenski Moskvaya və beynəlxalq ictimaiyyətə sərt ismarıc göndərib.
“Biz Donbasdan çıxmayacağıq” – deyə Zelenski bu gün “Gənclər burada” forumunda çıxışında bildirib. Prezident vurğulayıb ki, Ukraynanın iştirakı olmadan Ukrayna haqqında hər hansı qərar qəbul edilə bilməz:
“Ukrayna olmadan Ukrayna haqqında danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Danışıqlar onların ikitərəfli trayektoriyası üçün önəmli ola bilər, amma Ukrayna olmadan Ukrayna barədə heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu başa düşür və nəzərə alır.”
Zelenski həmçinin bildirib ki, Rusiya Donetsk vilayətinin Ukrayna nəzarətində qalan təxminən 30%-ni də əldə etməyi planlaşdırır. O, bu iddianı həm Ukrayna Konstitusiyasına zidd, həm də strateji baxımdan təhlükəli adlandırıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinin uzunmüddətli sülh yolu ilə həllini müzakirə edəcəyini açıqlayıb.
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ