Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 3-də ölkənin Silahlı Qüvvələrində genişmiqyaslı kadr dəyişiklikləri aparıb.
Yeni təyinatlar Kiyevin sülh danışıqlarından ümidini üzərək, qarşıdan gələn böyük müharibəyə hazırlaşdığını göstərir. Zelenskinin qərarları Ukrayna ordusunun həm cəbhədəki döyüş qabiliyyətini, həm də texnoloji imkanlarını gücləndirməyə yönəlib.
Mixail Drapatıy
Ukrayna Silahlı Qüvvələrinin yeni Birləşmiş Qüvvələr Komandanı general-mayor Mixail Drapatıy olub. O, daha əvvəl Quru Qoşunlarına rəhbərlik edib, lakin təlim bazasına edilən ölümcül raket hücumundan sonra istefa vermişdi. Prezident onun istefasını qəbul etməyərək, ona daha mühüm vəzifə – birbaşa döyüş əməliyyatlarına rəhbərlik etmək səlahiyyəti verib.
Hava-Hücum və Hücum Qüvvələrinin Komandanı vəzifəsinə isə general-mayor Oleq Apostol təyin olunub. 95-ci Polissya Hava-Hücum Briqadasının keçmiş komandanı olan Apostol 2022-ci ildə Xarkov istiqamətində aparılan əks-hücum əməliyyatlarında fərqlənib. O, “Ukraynanın Qəhrəmanı” adına layiq görülüb və yüksək döyüş təcrübəsi ilə tanınır.
Oleq Apostol
Prezident Zelenski texnoloji savaş müstəvisində də yeni addım atıb. “Madyarın quşları” adlı xüsusi PUA (pilotsuz uçuş aparatı) taborunun qurucusu Robert Brovdi Ukrayna Silahlı Qüvvələrinin yeni Pilotsuz Sistemlər üzrə Qüvvələr Komandanı təyin edilib. Müharibənin əvvəlində könüllü olaraq orduya yazılan Brovdi 2025-ci ildə “Ukraynanın Qəhrəmanı” adına layiq görülüb. Bu sahədə komandanlıq institutu ilk dəfə yaradılır və Brovdi onun ilk rəhbəri olacaq.
Robert Brovdi
Pilotsuz sistemlərə rəhbərlik etmiş polkovnik Vadim Suxarevski bu dəfə Şərq Əməliyyat Komandanının müavini vəzifəsinə gətirilib. O, yeni təyinatı çərçivəsində bu strukturun taktiki və texnoloji baxımdan yenidən qurulması ilə məşğul olacaq.
Hava-Hücum Qüvvələrinin sabiq komandanı general-leytenant İqor Skibyuk isə Baş Qərargah rəisinin müavini vəzifəsinə irəli çəkilib. Onun vəzifəsi Silahlı Qüvvələrin strateji idarəetmə strukturlarının gücləndirilməsindən ibarət olacaq.
Ukrayna Prezidentinin bu təyinatları ölkənin sülhə deyil, savaşa və müdafiəyə yönəlik planlar qurduğunu açıq şəkildə ortaya qoyur. Zelenskinin son çıxışlarında “sülh yalnız zəfərdən sonra mümkündür” mesajı əsas xətt kimi təqdim olunur. Yeni komandanlıq heyəti artıq cəbhə bölgələrində fəaliyyətə başlayıb.
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ