İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin açıqlaması Avropada da rezonans doğurdu – yeni əməliyyatlar gündəmdə

 

Ukrayna Prezidenti Volodimir Zelenski bir daha açıq şəkildə bəyan edib ki, Rusiyaya qarşı davam edən müharibə fonunda ölkəsinin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Onun sözlərinə görə, Ukrayna nə indiki, nə də gələcəkdə hər hansı formada torpaqlarının güzəştə gedilməsi barədə təklifləri qəbul etməyəcək.

Bu barədə məlumatı Ukrayna mediası, o cümlədən “Strana.ua” saytı yayıb. Zelenski çıxışında qətiyyətli şəkildə bildirib:

“Biz öz torpağımızı heç kimə verməyəcəyik. Bu məsələ heç vaxt müzakirəyə çıxarıla bilməz. Ukraynanın sərhədləri beynəlxalq hüquqla tanınıb və biz onların toxunulmazlığını qorumaqda davam edəcəyik.”

Zelenskinin sözlərinə görə, hazırkı müharibə yalnız Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyi və gələcəyi üçün gedir. Ona görə də ərazi güzəştləri barədə danışmaq Ukrayna dövlətçiliyini şübhə altına almaq deməkdir.

Prezident həmçinin xatırladıb ki, Ukrayna xalqı müstəqillik və azadlıq uğrunda böyük qurbanlar verib və bu qurbanların qarşılığında heç bir siyasi güzəştə gedilməyəcək. O əlavə edib ki, “torpaq müqəddəsdir, bu həm şəhidlərin qanı, həm də xalqın gələcəyi ilə bağlı məsələdir.”

Qeyd edək ki, Rusiya tərəfi müxtəlif vasitələrlə Ukraynanın müəyyən ərazilərdən imtina etməsini, bunun müqabilində müharibənin dayandırılmasını gündəmə gətirməyə çalışır. Lakin Kiyev rəhbərliyi dəfələrlə vurğulayıb ki, yalnız Ukraynanın tam ərazi bütövlüyü təmin olunduqdan sonra sülh danışıqları real nəticə verə bilər.

Politoloq: Pezeşkianın prezident seçilməsini İranda “türk əsrinin”  başlanması kimi təqdim edilməsi yanlışdır...

“Ukrayna prezidentinin açıqlaması həm daxili, həm xarici dairələrə öz fikrini çatdırmaq üçündür”. Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib. Politoloq qeyd edir ki, son zamanlar Ukraynada Zelenskini müharibəni dayandırmaqda ittiham edən qüvvələrin sayı artıb, bu isə xalqda ciddi qıcıq oyadır. Zelenski bu açıqlaması ilə insanların hisslərini cilovlamağa çalışır:

“Həmçinin Ukraynanın rəhbəri Qərb ölkələrinə mesaj göndərmək istəyir ki, güzəştə getmək fikrində deyillər və heç bir halda torpaq güzəşti məsələsi gündəmə gətirilməməlidir. Rəsmi Kiyevin istədiyi Qərb ölkələrinin dəstəyi davam etdirməsidir. Zelenskinin sözləri eyni zamanda Rusiya rəhbərliyi üçün də mesajdır. Ukrayna Rusiya tərəfindən işğal edilmiş bütün torpaqları azad edilməyincə sülh müqaviləsinin imzalanmayacağı barədə açıq mesaj verib. Zelenskinin açıqlaması eyni zamanda Ukraynanın yeni hərbi əməliyyatlara başlamaq ehtimalını da gündəmə gətirir”.

Zeynal Əmrəliyevin fikrincə, Zelenskinin açıqlaması onu göstərir ki, Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır. Bu isə müharibənin davam edəcəyini göstərir:

“Zelenskinin mövqeyi Rusiya mediasında da geniş şəkildə işıqlandırılıb. Moskvada hesab edirlər ki, Ukrayna prezidentinin bu mövqeyi müharibəni dayandırmağa və sülh danışıqlarına ciddi şəkildə mane olur. Rəsmi Moskvanın istəyi Ukraynanın Donbassın işğal edilməmiş bölgələrindən də çəkilməsidir. Maraqlıdır ki, müharibəni davam etdirməklə bağlı ritorika Rusiya tərəfindən də səsləndirilir. Ancaq hər iki tərəfin də resursları tükənir. Bu isə tərəflərin güzəşt ehtimalını artırır. Tramp administrasiyası hər nə qədər Ukraynadan güzəştlər tələb etsə də, beynəlxalq hüquq rəsmi Kiyevə öz mövqeyini qoruyub saxlamağa imkan verir. Ukraynanın ehtiyat etdiyi daha bir məsələ isə ərazi güzəştinin Avropa Birliyinə üzvlük məsələsinə də problem yaratmasıdır. Hazırda Kiyevə təhlükəsizlik təminatı və iqtisadi dəstək lazımdır. Bunun üçün isə Ukrayna kapitulyasiyaya razı olmamalıdır”.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR