Общественно-политическая интернет газета
Üstündən 24 il keçəndən sonra içində qaynadağın hadisələrə dair videoları görəndə adam istər-istəməz keçmişə ekskurs edir.
Mərhum prezident Heydər Əliyevlə o dövrün baş redaktorlarının görüşünə dair videonun təkrar paylaşılmış versiyası qarışıq hisslər doğurur.
Qarışıq hisslər – yəni bir az nostalji, bir az təəssüf, bir az təəccüb, bir az məyusluq, bir az riqqət...
Ötən günə vaysınmağın yeri və xeyri yoxdur, amma o ötən günlərə bu gündən baxanda, uğura aparan yolu tutmaq üçün seçim imkanları olduğunu fərq edirsən.
Yəqin ki, 24 il öncənin artıq yaşlaşmış baş redaktorları da həmin videoya baxarkən eyni hissləri yaşayıblar.
Ümumi qənaət əsasən belədir ki, Heydər Əliyevin qədrini bilməmişik, onun əsl qiymətini verməmişik.
Konkret olaraq həmin görüşdə o, özünü sərt rejimlə idarə olunan dövlətin rəhbəri kimi yox, qəzetçilərə hər cür güzəştə getməyə hazır olan ağsaqqal lider kimi aparır.
Görüşün yenidən yayılmış videoyazısında Heydər Əliyevlə Rauf Arifoğlunun dialoqu 14 dəqiqədən bir az çoxdur. Əslində isə o zaman onların mükaliməsi 45 dəqiqədən çox olmuşdu və onlar, 35 yaşlı radikal baş redaktorla 78 yaşlı ağsaqqal lider, demək olar ki, bütün məsələlər üzrə anlaşmışdılar.
Videoyazının tam variantını, onun dövlət qəzetlərində çıxan stenoqramını yaxşı xatırlayıram, söhbətin 3-4 dəqiqəsi mənə həsr olunmuşdu.
O zamanlar kimin “ağıllı” təşəbbüsü idisə, tənqidçi jurnalistləri hərbi xidmətə aparmaqla susdurmaq xətti seçilmişdi. Sovet dönəmində hərbi xidmətdə olmuş, dövri mətbuatda tənqidi yazılarla çıxış edən Fazil Mustafanı ikinci dəfə hərbi xidmətə aparmışdılar. Prosesə start verilmişdi.
Növbədə mən idim. Hərbi xidmətkeçmə haqqında qanunları vəkilimiz Vidadi Mahmudovla bir az araşdırdıq, məlum oldu ki, bu, tam qanunsuz təşəbbüsdür. 36 yaşlı adam özü ərizə versə belə, hərbi vəzifə tuta bilməz, bundan ötrü yaşı 35-dən aşağı olmalıdır. Bu yaşdan yuxarı zabitləri yalnız müharibə zamanı, ümumi səfərbərlik elan ediləndə hərbi işə cəlb etmək olar – qanunlarda belə yazılmışdı.
Ancaq həm hərbi komissarlıq, həm də bəzi nazirliklər dirəşmişdilər ki, Hacıqabuldakı N saylı hərbi hissədə zabit kimi qulluq etməlisən.
Prezidentin baş redaktorlarla görüşündə Rauf Arifoğlu müstəsna bir cəsarətlə bu məsələni qaldırdı. Əliyev ona bu işdən xəbəri olmadığını, adı çəkilən jurnalisti (məni) tanımadığını bildirdi və belə bir əlavə etdi: “Mən orda bir səni tanıyıram... səni də saqqalına görə”.
Həmin görüşdə medianın bir sıra problemləri ilə ilə yanaşı, mənim təqib edilməymlə bağlı məsələ də həllini tapdı.
İndi o dialoqa baxırsan, bir dövlət başçısının nə qədər pozitiv ovqatda olduğunu, güzəştlərə meylliliyini, ölkə daxilindəki ictimai-siyasi gərginliyi azaltmağa çalışdığını görürsən.
O zamanlar gerçəkdən də gərginlik vardı. Bir cəbhədə hakimiyyətini qoruyub saxlamağa çalışan hakim partiya, o biri tərəfdə hakimiyyətə gəlməyə çalışan müxalifət dururdu. Hər şeyi itirmək qorxusunun yaratdığı hiddətlə hakimiyyət əldə etmək ehtirasının əmələ gətirdiyi eyforiya toqquşurdu.
Məmurlar və hakimiyyətə yaxın iş adamları ən adi tənqidi yazılara görə qəzetləri məhkəməyə verirdilər. Məsələn, tibb və təhsil müəssisələrində rüşvətxorluq tüğyan edirdi, zərərçəkənlərin konkret şikayətləri əsasında bir şeylər yazırdıq, dərhal bizi 1 milyon manatlıq (o vaxtın pulu ilə) iddia ilə məhkəməyə çəkirdilər. Məhkəmələr isə siyasi hakimiyyətə yarınmaq üçün bizə ağır cərimələr kəsirdi.
Bu üzdən, şoumen Xazanov demişkən, milyonçu olmuşduq – “şərəf və ləyaqət”, “işgüzar nüfuz” davası edənlərə bir neçə milyon pul borclu idik.
Heydər Əliyev bu tendensiyaya son qoydu, qəzetlərin nəşriyyata olan borclarını da bağladı. Bir az rahat nəfəs aldıq.
Bir də o vaxt ən çox tənqid olunan neqativ hallardan biri kadr siyasətində aparıcı xətt olan yerlibazlıq idi. Əksər nazirlər rəhbərlik etdikləri strukturlarda müxtəlif vəzifələrə öz rayonlularını təyin edirdilər. Bu mövzuda yazılarımıza hakimiyyət qəzetlərində işləyən həmkarlarımız belə cavab verirdilər ki, başqa cür mümkün deyil, dövlətin idarə edilməsi üçün etibarlı adamlar lazımdır, ona görə də hamı öz yaxından tanıdığı, etibar etdiyi müəyyən bağlılığı olan kadrlara istinad edir. Arqumentdə məntiq vardı, amma tikanlı idi. Acı gerçəklik beləydi.
Bu gündən baxanda bir şeyə də əmin olursan ki, Elçibəy Surət Hüseynovun qaldırdığı silahlı üsyanın nəticəsində devrilmək üzrə olanda hakimiyyəti Moskvadan idarə olunacaq birinə (Ayaz Mütəllibov, Vaqif Hüseynov və b.) yox, məhz Heydər Əliyevə ötürməklə düz addım atıb.
Çünki Elçibəyin komandasını kütləvi edamlardan, məhkəməsiz güllələnmələrdən məhz Əliyevin hakimiyyətə yiyələnməsi qurtardı. Şərq ölkələrində silahla devrilmiş, müqavimət potensialı qalan qüvvələrin ucdantutma məhv edilməsi barədə yüzlərlə vaqiə var. Devrilənlərin gözünün yaşına baxmırlar – A(nqola)-dan Z(imbabve)-yə qədər belə olub. Günümüzdə Əfqanıstanda, Suriyada keçmiş iqtidar komandasının üzvlərinin başına nələr gəldiyini görürük.
Yalnız Azərbaycanda qalib gələn qiyam, demək olar ki, qansız-qadasız başa çatdı (qiyamın ilk günü istisnadır, Prezident Qvardiyasının hərbçilərini güllələyənlərə əbədi lənət olsun). Surətdən olsa, başqa cür olacaqdı. O, cəmi bir ildən sonra cəbhəçiləri kütləvi şəkildə Azadlıq meydanında asmadığına görə təəssüfünü ölkə parlamentinin tribunasında bəyan etdi. Onun və ona dil verənlərin qarşısını məhz Heydər Əliyev ala bilmişdi. Yoxsa ən azı Elçibəy iqtidarının həbs edilmiş üzvləri bir şəkildə məhv ediləcəkdi.
Düzdür, H.Əliyev Moskvada, Kremldə işləyib gəlmişdi, amma o, Moskvanın, rus siyasətçilərin etibarına bələd olmuş, onların boz və qırmızı sifətini görüb qayıtmışdı, bir daha müstəqil ölkənin taleyini həll etmək imkanını onlara vermək istəmirdi. Elçibəyin bu təxminində yanılmadığı sonradan bilindi. Əliyev doğrudan da Moskva ilə məsafəli davrandı, Qərblə Rusiya arasında manevrlər etdi.
Üstündən 32 il keçəndən, bu 32 ildə təlatümlü, keşməkeşli, sıxıntılı, uğursuzluqlarla dolu yolları keçəndən sonra belə bir qənaətə gəlmək olar ki, 1993-cü ilin iyununda “vəzifəsini donduranlar”ın bir xeylisi bu tarixi şəxsiyyətin komandasında təmsil olunsa, ondan dövləti idarə etməyi, iyerarxiya qaydalarını öyrənsə, daha faydalı olarmış. Müxalifətə keçəndə də keçərdilər. Necə ki, o komandada təmsil olunanlardan bəziləri (Rəsul Quliyev, Lalə Şövkət, İlyas İsmayılov) sonradan müxalifətçi oldular, hamıdan da başa keçdilər.
29 Июнь 2025
28 Май 2025
24 Май 2025
16 Май 2025
14 Май 2025
14 Март 2025
КомментарииОставить комментарий