Свобода людям, независимость нациям!

Sev səni sevəni...

Bakıda bir villa satışa çıxarılmışdı, çox nəhəng bina idi, içində hovuzu da vardı, qiyməti 8 milyon manat qoyulmuşdu. Satıldı, satılmadı, xəbərim yoxdur. Bizim diqqətimizi çəkən isə villanın eks administrasiya şefi Ramiz Mehdiyevlə hallandırılmasıydı.

Ramiz müəllim rəsmi əməkhaqqı ilə o cür villanı ala, tikə bilərdimi? Çətin. Çünki həqiqətən villa Misir fironlarının sarayları qədər dəbdəbəli, zırıltı bir şey idi. Hətta mən villanın təqdimat videosuna axıracan baxmağa qorxdum, fikirləşdim yəqin buna baxmaq üçün də pul ödəməliyik. Muzeyə girəndə ödədiyimiz kimi.

Ancaq Ramiz müəllim villanı boynundan atdı, dedi mənlik deyil. Biz kimə inanmalıyıq? Əlbəttə, Ramiz müəllimə. Saf, düzgün adamdır. Bir zamanlar məhz Ramiz müəllimin bu kimi keyfiyyətlərindən ruhlanaraq “Ramiz” yuyucu tozları buraxırdılar. İndiyəcən yadımdadır, reklamını da Aygün Kazımova oxuyurdu: “Ramizin üstünlüyü, şəksizdir, şübhəsizdir! Ramizz!” O vaxt hələ “SOS” oxumağa ehtiyac yox idi.

Necə ki, bəzi firma nişanları hansısa məhsulun ümumi adına çevrilir, Ramiz Mehdiyev də bizdə kristal təmizliyin simvolu olmuşdur. Məsələn, indi bütün surətçıxarma aparatlarına “kseroks” deyildiyi kimi (“Xerox” firmasının adından qalıb). Bütün uşaq bezlərinə “Pampers” adı deyilən kimi (bu da “Prokter ənd Gembl” firmasının “Pampers” markasından törəmə sözdür).

Ramiz müəllimin şəffaflıq, dövlət vəsaitlərini düzgün istifadəyə yönəlik fəaliyyəti “Beynəlxalq Şəffaflıq” təşkilatının da diqqətini çəkmiş, ilin ən təmiz, rüşvətsiz dünya şirkəti üçün “Ramiz” ödülü düzəltmişdilər.

Sözgəlişi, başqa istiqamətlərdə də fəaliyyət diqqətdən kənarda qalmırdı. Məsələn, 1990-2000-ci illərdə Ramiz müəllim mətbuatı kütləvi məhkəməyə verirdi, o zaman “Sərhədsiz Reportyorlar” təşkilatı da Mehdiyevin adıyla “Sərhədsiz insan” mükafatı yaratmışdı. Eh, keçən günə gün çatmaz, calasan pulu pula...

Burada qeyd etməyi borc bilirəm ki, şəxsən mən heç kəsin pulunu saymıram, belə çirkin məqsədim də yoxdur. Onsuz hamımız yaxşı yaşayırıq, beş aşağı, beş yuxarı. Elə bayaq Misirə istinad elədim, 1-ci Ramiz müəllimin villasının firon 2-ci Ramzesə layiq olduğunu yazdım. Ona qalsa biz - sadə Azərbaycan vətəndaşları da təxminən Misirdə yaşayırıq. Bu yaxında kartof qıtlığı vardı, dükanda kilosu 2 manata Misir kartofu satırdılar. Mən o kartofdan bir qədər aldım, evə gətirəndə gördüm üstündə torpaq da vardır. Misir torpağı! Ah-vax...

İnanmazsınız, dünya tarixi gözümün qabağından keçdi, torpağı kartofdan qaşıyıb öpdüm, tutiya (arxaik göz dərmanıdır) kimi üz-gözümə sürtdüm, gözüm Yusifin atası Yaqubun gözləri kimi açıldı. Sonra onu şüşə qaba doldurub milli kolleksiyama əlavə elədim. Şəxsi vətənsevərlik muzeyimdə belə torpaq nümunələri çoxdur. İşğal vaxtı Şuşadan gətirilən torpaq, rayon azad ediləndən sonra Füzulidən gətirdiyim torpaq, İrəvan torpağı, Dərbənd torpağı, Urumçinin qırmızı süxurları, Yeni Kaledoniya plyaj qumu, Misir müəllimin Xızıdakı villasından meşə torpağı, Hacı Məmmədovun Qarabulağından münbit torflu, insan mənşəli topraq və sairə və ilaxır... 

Allah bilir, bəlkə kartofun üstünə yapışıb Azərbaycana qədər yol gəlmiş bu qumsal torpağın üzərində vaxtilə Ramzes iməkləmiş, Kleopatra Sezarla mazaqlaşmış, canım sənə desin, İsgəndər kitabxana tikmiş, Hüsnü Mübarək Xırdalanla qardaşlaşmışdır. Hər zərrəsindən, dənəciyindən tarix fışqıran bu torpağı bizlərə qismət elədiyi üçün Kənd Təsərrüfatı Nazirliyimizə dərin minnətdarlığımı çatdırıram.

Yazını da şairin misrası ilə bitirərək Misir həsrətli,  istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərirəm:

“Sev səni sevəni, yerlə yeksan olsa da,

Sevmə səni sevməyəni, Misirdə sultan olsa da".

 

Нет комментариев

Новости автора