İnsanlara hürriyət, millətlərə istiqlal!

İstedad axtarırıq

"Ən qiymətli kapital insanlardır. Hər şeyi kadrlar həll edir”

(yoldaş Stalin)

İstedadlı adamlarımızın qədrini bilməliyik. Onları daim dövlət, cəmiyyət qayğısı ilə əhatə etməliyik. Fərdi təqaüdlər, mükafatlar verməliyik. Çünki onlar sayca azdır, həmişə, hər yerdə yetişmir. Genofondumuzun qızılları, platinləridir. Atalar demişkən, imam şaftalı ağacı deyil ki, hər yerdə bitə.

Lakin bəzən bu insanlar gözlədiyi, layiq olduğu diqqəti görmür, hətta nəinki diqqət görür, repressiya edilir, gözümçıxdıya salınır. Şəxsən mən bu vəziyyətə etiraz edirəm. Bir məsuliyyətli vətəndaş olaraq, narahatlığımı büruzə vermək istəyirəm. Sizləri də buna səsləyirəm.

Lənkəran şəhər bələdiyyəsinin bir gözəl sədri var idi. Ötənlərdə bu şəxsiyyətin ismi-şərifi belə əhvalat üzrə dillərə düşdü: ölüyə saxta sənəd veribmiş. Daha dəqiqi, ölünü uzun müddət diri şəxs sifətində göstərmişdir (Allah Şeyx Nəsrullaha rəhmət eləsin, yolunun davamçıları vardır). Bəs bunu hansı məqsədlə edib? Sən demə, rəhmətliyin uşağının sədrin anasına sələm borcu var imiş. Yəni bələdiyyə sədrimizin anası sələmçiliklə məşğulat edirmiş. Xülasə, borc götürən pulu ödəməkdə çətinlik çəkirmiş, klassikimiz demişkən, “bu heyndə” pensiyaçı anası da əl-ayağını uzadıb ömrünü tapşırır Lənkəran bələdiyyəsinə. Nə etməli? Sədr mərhumənin övladını çağırır, deyir arvadın pensiya kartını gətir, ver anama.

Bu minvalla kart qalır sələmçidə, pensiyanı xımır-xımır yeyir, ta borcun başı bağlanırmı, bağlanmırmı - o haqda dəqiq məlumatımız yoxdur. Yalnız onu bilirik ki, bir müddət sonra sədrin sənədləri saxtalaşdırması üzə çıxıbdır.

İndi problem nədir? Problem odur ki, yayda Lənkəran məhkəməsinin qərarıyla həmin bələdiyyə sədrinin işdən çıxarıldığı söylənilir.

Ah-vah. Nə qədər bivec, dövlətçiliyə zidd qərardır. Oturduğu budağı kəsən adam belə olur. Qardaşım, o cür mütəxəssisi işdən çıxartmaqla nə əldə edirsən? Bu nə biabırçılıqdır? (müəllif hirsindən başını klaviaturaya çırpdı - red.) Mən təklif edirəm hörmətli bələdiyyə sədri Avropa Məhkəməsinəcən getsin, ədalət zəfər çalsın. Belə olmaz. Vallah, olmaz.

Birincisi, Allah rəhmət eləsin, tutaq ki, bu arvad ölübdür. Hamımız öləcəyik, dünya beş günlükdür (bu arada Almaniyada 4 günlük iş həftəsinə keçmək müzakirə olunur, biləsiniz). Öləndən sonra rəhmətliyin hesabına uşağının sələmə borcu ödənilirmiş, gör nə qədər qayğıkeş valideyndir! Belə anaların qədrini bilmək lazımdır. Təklif edirəm rəhmətlik Ailə-Uşaq İdarəsinə ekspert qismində yönləndirilsin. Hər rəhmətlik belə fayda, gəlir, mənfəət vermir ki. Belə edəcəyik, sabah ölülərin heç biri xeyir verməyəcək.

İkincisi, ölünü diri kimi qeydiyyata salan bələdiyyəyə bütün sferalarda böyük ehtiyac var, əsas da seçki işlərində. Sən götür sədri işdən çıxart, sabah məntəqəyə hansı ölünü, hansı üzlə gətirəcəyik? Təklif edirəm Lənkəran məhkəməsi cəzalansın - heç kim onlara sələm verməsin. Ümumiyyətlə, o bölgədə işlər nəsə düz getmir. Bu haqda ətraflı düşünməliyik. Faktlar çoxdur. Yadınıza gəlirsə, Lənkəran icra hakimiyyətinin müavini var idi, keçən yay bir məktəbli qızı sürücüsü vasitəsilə evinə gətizdirib döymüşdü. İşdən çıxartdılar, pul cəriməsi yazdılar və sairə. Ancaq bu yaxında az qalmışdı ədalət zəfər çalsın: xəbər yayıldı ki, həmin əski müavini rayonda uşaq evinə direktor qoymuşlar.

Pah. Səs-küy təzədən qopmadımı? “Yenə uşaqları döyəcək”, “Bu nə kadrdır” və sair başlıqlar atıldı. Nəticədə idarə dala verdi, bəyan etdilər ki, yalan söhbətdir, uşaq evinə başqasını müdir qoymuşuq.

Halbuki indi uşaqları şapalaqlayıb xalqımıza, dövlətimizə layiq şəkildə tərbiyə edirdi. Qoymadılar. Biz uşaq olanda hamımızı döyürdülər, nəticədə adam olmuşuq.

Ancaq bəzilərimiz olmayıb - istedadlara xor baxanları nəzərdə tuturam.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

08 May 2025

07 May 2025

06 May 2025

04 May 2025

03 May 2025

02 May 2025

01 May 2025

30 Aprel 2025

29 Aprel 2025

27 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

23 Aprel 2025

22 Aprel 2025

20 Aprel 2025

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025