İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda etirazçı hakim

Pakistanla Hindistan arasında savaşın başlanması uca millətimizdə bir qədər koqnitiv dissonans əhval-ruhiyyəsi yaradır. Çünki əski zamanlara qalsa, gərək Hindistanın tərəfini tutaq, axı Ciminin, Şakanın, Qabbarsinqhin, nə bilim, Zitanın xalasının filmləri ilə böyüyüb boya-başa çatmışıq. Axtarsan, Azərbaycanda elə bir kənd, el-oba yoxdur ki, orada minimum 1 nəfər “Rac”, “Amit”, “İndira” olmasın.

Eyni zamanda müstəqillik dövrümüzdə həmişə Pakistandan dəstək görmüşük. Həm siyasi arenada, həm savaş arenalarında. Ona görə də geopolitik vəziyyət tələb edir ki, Pakistanı dəstəkləyək. Təklif edirəm, xüsusilə içərişəhərlilərdən ibarət tabor yaradılsın, Kəşmir-Pəncab bölgəsinə göndərilsin. Niyə onlar? Bunun səbəbi var. Qədim zamanlarda İçərişəhərin hazırkı Pakistanla əlaqələri güclü olmuşdur. Hətta İçərişəhərdə bu dəqiqə Moltanı karvansarası qalmaqdadır, onu 14-cü əsrdə Pəncabdan, Multan şəhərindən gələn ziyarətçilər yaratmışdır. Ana dilimizdə kiməsə qarşı işlənən “moltanı” ifadəsi oradan qalmadır.

Tarixi proseslərin siyasətdə, dünyanın axarında təsiri qaçılmazdır. Elə bu günlərdə Naxçıvan vilayətində şok hadisənin şahidi olduq: məhkəmə hakimi özü-özünə etiraz vermişdi.

Təsəvvür edin. Hansısa iş gəlir hakimin masasına, o da baxır, deyir, yox, üzrlü sayın, mən filan-filan səbəblər üzündən bu cinayət işinin məhkəmə istintaqını, araşdırmasını apara bilmərəm. Guya bu işin hakimin şəxsiyyəti ilə hansısa əlaqəsi varmış. Hakim və şəxsiyyət - ciddi dilemmadır. Lakin indi mövzumuz bu deyil. Tez yazını bitirməliyik, Kəşmirə Azadlıq meydanından avtobus çıxır. Mövzu şəxsiyyətin tarixə təsiridir.

Vasif Talıbov orada rəhbər işləyəndə belə faktı təsəvvür edərdinizmi? Həmin vaxt hakim nəinki hansısa işi aparmağa etiraz edə bilərdi, pis çıxmasın, hakimi yerə yıxıb ağzına-ağzına döysəydilər də dinməzdi. O dövrdə yerli hakimlərin leksikonunda etiraz sözü işlənmirdi. Bəlkə arada-bərədə işlənirdi, o da hansısa müxalifətçini şaqqalayıb şəhər darvazasından asmaq barədə prokurorun vəsatəti olardısa. Bu zaman hakimlər hərdən cəza tələbinin yüngüllüyünə etiraz edərdilər. Deyərdilər, əvvəlcə paz çalıb, sonra şaqqalamaq lazımdır. Əlbəttə, bunlar hamısı prosedur qaydalar idi, məcəllədə nəzərdə tutulmuşdu. Qanunsuz heç nə baş vermirdi, verə də bilməzdi.

Qayıdaq geopolitikaya. Yəməndəki husi qəbilələri təzəlikcə İsrailə raket atmışdılar, qəribədir ki, həmin raketi nə Amerikanın, nə İsrailin hava hücumundan müdafiə sistemləri tutmamışdı. Raket vıyıltıyla gedib hava limanının böyrünə çaxılmışdı. Bütün dünya bu vəziyyətə çox təəccüb elədi, çünki hamımız “Dəmir günbəz” qoruma sistemi haqda əfsanələrlə böyümüşük. Deyirdilər, İsrailin hava müdafiəsini quş da keçmir. Amma husilər - görkəmcə orta əsrlər qəbilə quruluşlarından fərqlənməyən silahlı dəstələr bu səddi bıçaq yağı kəsən kimi kəsib keçmişdilər. Niyə belə olmuşdur? Məncə, səbəb təkcə insan faktoru deyildir. Mürəkkəb sistemlərin çatışmazlığı bəzən sadə səbəblərə dayanıqsız olmasıdır. Sən nəhəng bənd düzəldərsən, lakin onun dibindən bir siçan yol eləyər, su sızar, axırda bənd uçar.

Sözü ona gətirirəm ki, Naxçıvanda özü-özünə etiraz edən hakimin məsələsi ciddi nəzarətə götürülməlidir, lazımi, əlaqədar orqanlar istintaq aparmalıdır. Özün özünlə fəxr etmək, qürur duymaq, yeniləşən Azərbaycan, daha da yeniləşən Naxçıvan qurmaq yolunda iri addımlar atmaq yerinə, nə üçün özünə etiraz edirsən? Nəyin çatışmır axı?

İndi söz əlaqədar təşkilatlarındır.    

P.S. Mən bu yazıda şəxsən özüm özümdən, türkün məsəli, zövq aldım. Niyə özümə etiraz edim? Hamımız da belə olmalıyıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR