İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsirlikdə və girovluqda işgəncələrə məruz qalmış azərbaycanlılar məhkəmədə ifadə veriblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 11-də davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Rəsul Süleymanlının hüquqi varisi – anası Günel Süleymanova ifadəsində oğlunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu söyləyib.

Zərərçəkmiş şəxs Həsən Əkbərovun hüquqi varisi – anası Sənubər Əkbərova ifadəsində oğlunun 2020-ci ildə Vətən müharibəsində şəhid olduğunu bildirib.

Zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.

A.Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil olmaqla doğmaları qətlə yetirilib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz oğlanları isə martın 30-da girovluqdan azad edilib. “Girovluqda çox işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına söykəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab verirdilər”, - deyə zərərçəkmiş şəxs bildirib.

Aqil Əhmədov ifadəsində 1997-ci ilin aprel ayında Horadiz istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralanaraq əsir götürüldüyünü bildirib. Əsirlikdə həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xankəndi şəhərində saxlanılıb. A.Əhmədov barəsində qondarma məhkəmə qurularaq barəsində ölüm “hökm”ü çıxarılıb. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında deyib ki, 1 il 11 aydan sonra Azərbaycan tərəfə qaytarılıb. Orada Norik, Aram, Aşot adlı nəzarətçilər və digərləri tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. Əsirlik zamanı tibb sahəsi üzrə təhsil alan tələbələrə iynə vurmaq və digər tibbi prosedurlar onun üzərində öyrədilib.

Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb. Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. H.Səfərova yeddi gündən sonra girovluqdan azad olunub.

Zərərçəkmiş şəxs Oruc Cabbarovun hüquqi varisi – anası Ülviyyə Cabbarova ifadəsində övladının Vətən müharibəsində şəhid olduğunu bildirib. O deyib ki, Ermənistan silahlı qüvvələri övladının nəşini üç ay sonra təhvil verib.

Səidə Cəfərova 1992-ci ildə Xocalıda soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində güllə yarası aldığını bildirib. Zərərçəkmiş şəxs soyqırımı zamanı düşmənin qocaları, uşaqları, qadınları kütləvi şəkildə qətlə yetirdiyini söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki, yaralı vəziyyətdə sürünərək Ağdamın Şelli kəndinə gəlməsi nəticəsində xilas olub.

Kənan Vahidli, Özal İsmayılov, Rəvan Məmmədov ifadələrində 2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Sunay Adıgözəlov ifadəsində 2023-cü il oktyabrın 5-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində yaralandığını söyləyib.

Asəf Xudiyev ifadəsində 2020-ci il noyabrın 14-də ANAMA əməkdaşı qismində minatəmizləmə fəaliyyəti ilə məşğul olarkən Füzuli rayonunun Alxanlı kəndində mina partlaması nəticəsində xəsarət aldığını deyib. Sonradan həmin minanın Ermənistanda istehsal edildiyi məlum olub.

Emin Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi zamanı, oktyabrın 1-də Suqovuşan istiqamətində yaralanması nəticəsində 4 gündən sonra Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. Əlləri məftillə bağlanılıb, döyülüb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında bildirib ki, əsirlik zamanı həmin vaxt işğal altında olan Xankəndidə, Şuşada və Ermənistanın paytaxtı İrəvanda saxlanılıb. Saxlanıldığı yerlərin hamısında döyülüb, işgəncələrə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib. 2020-ci il dekabrın 14-də Azərbaycana qaytarılıb.

E.Baxşəliyev təqsirləndirilən şəxs Davit İşxanyanın suallarına cavabında müalicəsinin hələ də davam etdiyini deyib.

Nurəddin Yolçuyev ifadəsində Vətən müharibəsi zamanı, oktyabrın 1-də Suqovuşan istiqamətində yaralandığını, oktyabrın 2-də əsir götürüldüyünü söyləyib. O döyülüb, sonra Xankəndi şəhərinə aparılıb. Orada anesteziyasız, dəhşətli ağrılarla əməliyyat olunub. Sonra İrəvana aparılıb. Yenə döyülüb, işgəncələrə məruz qalıb. 2020-ci il dekabrın 14-də Azərbaycana qaytarılıb.

Seymur Əhmədov, Rafail Zülfüqarov, Mətləb Allahverdiyev ifadələrində müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüklərini bildiriblər. Onların hamısı döyülüb, işgəncələrə məruz qalıb. M.Allahverdiyevin ağzındakı qızıl dişləri zorla çıxarılıb.

Mübariz Məmmədov 1992-ci il sentyabrın 1-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yaralanması nəticəsində əsir götürüldüyünü bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, əvvəlcə Edilli kəndində, sonra isə İrəvan şəhərində saxlanılıb. Əsirlik zamanı avtomatın qundağı ilə, rezin dəyənəklə, yumruq-təpiklə döyülüb, işgəncələrə məruz qalıb. 1995-ci il mayın 12-də Azərbaycana qaytarılıb.

Xəyal Abdullayev ifadəsində 2022-ci il mayın 28-də Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində mal-qara otararkən minaya düşdüyünü deyib.

Vüqar Mehdiyev ifadəsində 1993-cü il oktyabrın 23-də Füzuli rayonunda girov götürüldüyünü bildirib. Həmin il dekabrın 18-də girovluqdan qaçıb.

Elşən Xəlilov ifadəsində 2021-ci il iyulun 12-də Füzuli rayonunda şirkətin sürücüsü qismində çalışarkən Ermənistan silahlı qüvvələrinin vaxtilə atdığı sursatın partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Bəxtiyar Tağıyev 1992-ci il dekabrın 8-dən 9-na keçən gecə Zəngilanda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Əsirlikdə olarkən döyülüb, işgəncələrə məruz qalıb. 1 il 1 ay 10 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Əli Talıbov ifadəsində 1996-cı ildə Naxçıvanda hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü söyləyib. Bir ay 18 gündən sonra Azərbaycana qaytarılıb. Əsirlik zamanı burnu sındırılıb, dəfələrlə huşu itənədək döyülüb.

Dağlar Teymurov ifadəsində 2016-cı ildə Aprel döyüşləri və 2020-ci ildə Vətən müharibəsi zamanı xəsarət aldığını söyləyib.

Namət Məmmədov ifadəsində 1994-cü ildə Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, işgəncələrə məruz qaldığını, 460 gündən sonra buraxıldığını deyib.

Cavanşir Hacıyev 2021-ci il aprelin 5-də Qubadlı rayonunda minaya düşərək xəsarət aldığını söyləyib.

Alışan Səfərov 2022-ci il fevralın 18-də Tərtərdə yolda mina partlaması nəticəsində xəsarətlər aldığını deyib.

Tərtər rayon sakinləri - Yadigar Səfərov, Müşfiq Qurbanov və Xasay İbrahimov Ermənistan silahlı qüvvələrinin müxtəlif vaxtlarda artilleriya zərbələri endirmələri nəticəsində yaşadıqları evlərinin yararsız vəziyyətə düşdüyünü söyləyiblər.

Ramiz Hüseynov 1993-cü ildə Cəbrayılda mina partlaması nəticəsində yaralandığını deyib.

İlqar Nəcəfov Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonuna hücum etməsi nəticəsində 1993-cü il aprelin 2-də yaşadığı torpaqlardan məcburi köçkün düşdüyünü deyib.

Rəhman Hüseynov ifadəsində 1993-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndindən məcburi köçkün düşdüyünü bildirib. Həmin vaxt atası itkin düşüb.

Zərərçəkmiş şəxslər - İsmayıl Abbasov, Nəbi Əzimov, Almara Qurbanova, Vaqif Çıraqov, Sevda Məmişova, Xalıqverdi Nəsibov, Nahid Hüseynov, Faiq Abbasov, Elşən Mirzəyev, Əlövsət Musayev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadıqları ərazilərdən (Şuşa, Ağdərə, Kəlbəcər) məcburi köçkün düşdüklərini söyləyiblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən Arayik Harutyunyanın, David Manukyanın, David Babayanın, Davit İşxanyanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 14-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR