İnsanlara hürriyət, millətlərə istiqlal!

Toya onlayn qatılan qayınata

Son vaxtlar MSK sədri Məzahir müəllimin başı üzərində qara buludlar dolaşır və mənim şəxsi qənaətim belədir ki, onu vəzifəsindən uzaqlaşdıracaqlar.

İqtidar daxilində onu sevməyən hansısa qara qüvvələr formalaşmışdır. Bunun əsas səbəbi isə son parlament seçkisində müxalifətçi namizəd Erkin Qədirlinin bütün baryerləri mətinliklə aşaraq deputat seçilməsidir. Erkin bəy parlamentdə kəskin, radikal mövqeyi ilə gündəmdən düşmür, qanun və qərarların səsverməsi zamanı nəinki bitərəf qalır, hətta bəzən əleyhinə səs verir! İqtidar məhz bunu Məzahir müəllimə bağışlamaq fikrində deyildir. Bir müxalifətçi özlüyündə bir şey deyil, lakin niyə könül bulandırsın?

O baxımdan, Məzahir müəllimin oğlunun ətrafındakı hadisələr diqqət çəkir. Əgər mövzunu bilməyənlər varsa, qısa spoyler verim: bir gəlin Amerikadan qaçıb gəlib, göz-baş gömgöy, deyir Los Ancelesdə 3 milyon dollarlıq villada Məzahir müəllimin oğlu ilə qalırdıq, pivə içib butulkasıyla məni döyürdü, işgəncə verirdi, birtəhər qaçıb gəlmişəm.

Güman edirəm meşə yanğını olanda tüstüdən yararlanaraq aradan çıxıbdır. Sözgəlişi, bu əhvalat xeyli dərəcədə bu il Oskar mükafatı alan bambılı “Anora” filminin süjetinə bənzəyir. Orada da varlı papanın gül balası bir qıza aşiq olurdu, sonra papa uşağı məcbur edirdi ki, boşansınlar və sairə - açığı, süjet tam yadımda qalmayıb, bircə iki erməni aktyor yadımdadır, filmdə yeganə maraqlı tiplər də elə onlar idi. Kim nə deyir-desin, ermənilər aktyorluğun ustasıdır.

Əlbəttə, mən iddia etmirəm ki, Məzahir müəllim rus oliqarxdır (filmdə oğlanın papası məhz belə biri idi), üstəlik, bu dəqiqə Rusiya ilə münasibətimiz sərinləşib, deputatımızı deport ediblər. Ancaq hər halda, kinosunu çəkmək olar. Pul ayrılıb, Kino Agentliyinə təzə müdir qoyulub, bədii şura təsdiqlənib, süjet də hazırdır, ta nə lazımdır?

Hətta ssenariyə gərginliyi artırmaq üçün belə səhnə təklif edirəm: Məzahir müəllim Biləcəri bələdiyyəsinə seçkiləri təşkil edərkən Los Ancelesdən acı xəbər alır, SNN kanalı canlı yayımda onun Hollivud bulvarında qaçan gəlinini iri planda göstərirlər. (Həmin seriyanı “Daha bir gəlin qaçdı” adı ilə Netfliksə satmaq olar).

 

Lakin məsələ bu qədər sadə deyil ki. Sayın hüquq müdafiəçisi Novella Cəfəroğlu qəzetimizə problemi belə şərh etmişdir: “Bu məsələdə məni ən çox sarsıdan məqam odur ki, Məzahir Pənahovu cəmiyyət içində ciddi, ailə dəyərlərinə sadiq, yüksək əxlaqi mövqeyi olan bir insan kimi tanımışam və ona həqiqətən böyük hörmət bəsləmişəm. Amma görünən odur ki, çox tərbiyəsiz bir oğul böyüdüb. Oğlu bu davranışı ilə təkcə öz atasını deyil, Azərbaycanı və özünü biabır edib”. Sitatın sonu.

Açığı, sayın Novella xanım bir qədər şişirdibdir, məncə, bu hadisə Azərbaycanı biabır etmir. Əslində Azərbaycanı heç kim biabır edə bilməz, şair demişkən, Azərbaycan deyiləndə ayağa dururuq, ancaq indi tema bu deyil. Sadəcə, unutmaq olmaz ki, Məzahir müəllimin oğluna tərbiyə verməyə heç zaman vaxtı, imkanı olmamışdır. O, bütün şüurlu həyatını xalqa xidmətdə, seçkilərin təşkilində keçirmişdir. Buna mən özüm neçə dəfə Allah şahidiyəm. Məsələn, seçki bitirdi, müşahidəçilər protokolu tələb edirdilər, gecə yarısına qədər səslər sayılıb bitməzdi, hamı yatırdı, Məzahir müəllim isə səhər açılanacan səs sayır, protokol hazırlayırdı.

Biz evdə uşağın burun-boğazından öpüb 1-ci sinifə yollayanda Məzahir müəllim bülleten qulağı kəsirdi. Biz oğlumuzun gündəliyindəki quyruqlu beşləri sayanda Məzahir müəllim ofisdə oturub Gədəbəyin İnəkboğan kəndindən gələn səsləri gözləyirdi. Biz valideyn iclasına gedib Bibixanım müəllimənin tələb və təkliflərini dinləyəndə Məzahir müəllim müxalifətçi Erkin Qədirlinin MSK-dakı nümayəndəsi Natiq Cəfərlinin haqsız ittihamları ilə savaşmağa məcbur idi.

Hətta mənə elə gəlir Məzahir müəllim oğlunun toyunda şəxsən iştirak edə bilməyib, onlayn qatılıbdır. Bəlkə mən səhv edirəm?  

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR